Son Xəbər:
Tarix: 18-01-2021, 10:30
Xoş o insanlara ki, doğum günlərini bir ev deyil, bir el təbrik edir, ona can sağlığı, xoş günlər arzulayır
Yaxın günlərdə yeni yaşını, doğum gününü qeyd edəcək İbrahim Cəfərov da bu xüsusda seçilmiş şəxslərdəndir. Minlərlə tələbənin, eyni zamanda onların ailələrinin qəlbinə yol açan, adı gələndə gözlərdə minnətdarlıq hissi, üzlərdə təbəssüm yaradan İbrahim Cəfərov kimdir? Onu təhsil, elm, tədqiqat sahəsində çox adam tanısa da, geniş oxucu kütləsinin müxtəlif sosial təbəqələrdən olmasını nəzərə alaraq tanınmış ictimai xadim, görkəmli fitopatoloq alim, dəyərli pedaqoq, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim İbrahim müəllim haqqında qısa tanışlıq verim:
20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Düdəngə kəndində anadan olan İbrahim Cəfərov 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci illərdə həmin institutun tələbəsi olub. Həyatını Azərbaycan elminin inkişafına, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə həsr edən alim 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 1993-cü ildən 2002-ci ilədək “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsinin, sonra isə “Aqronomluq və torpaqşünaslıq” fakültəsinin dekanı, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru (2009-2013) vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli Sərəncamı ilə professor İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.
Görkəmli alim Azərbaycanda, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyə qəbul edilib. Professor İbrahim Cəfərov fitopatologiya sahəsində işlərin beynəlxalq səviyyəyə çatdırılması və fəaliyyət dairəsinin genişləndiriməsi üçün bir çox işlər görüb. Alimin elmi tədqiqatlarının nəticələri respublikada və xaricdə nəşr olunan 150-dən çox elmi əsərdə, o cümlədən dərslikləri, dərs vəsaitləri, fitopatologiya fənninin öyrənilməsinə dair metodik tövsiyələrdə öz əksini tapıb. İbrahim Cəfərovun yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində də xidmətləri olub. Onun elmi rəhbərliyi ilə 5 fəlsəfə doktoru dissertasiya işi müdafiə olunub.
İbrahim Cəfərov tədqiqatçı alim olmaqla bərabər, həm də elmi işləri tədrislə sıx əlaqələndirməyi bacaran bacarıqlı müəllimdir, peşəkar pedaqoqdur, fəaliyyətinin ən önəmli hissəsi Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlıdır. Azərbaycan elmində, ictimai fikrində öz yeri, öz sözü olan alim İbrahim Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinin inkişafında, ölkəmizdə və dünyada tanınmasında böyük zəhməti olub. Elə buna görədir ki, ADAU adı gələndə ilk olaraq gözümüzdə İbrahim Cəfərov portreti canlanır. Bu gün onun rektoru olduğu Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrin təhsilə yiyələnmələri üçün hərtərəfli şərait mövcuddur. Ömrünü elmə, təhsilə həsr edən, elmi və ictimai mühitdə qazandığı böyük hörmətlə tanınan, peşəkarlığı və qayğıkeşliyi ilə seçilən İbrahim Cəfərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. O, yenilikçi, daim tələbələrin yanında olan, onların qayğılarını çəkən, problemlərini həll edən bir rəhbərdir. O, həm rektor, həm də müəllim kimi istedadlı tələbələrə hər zaman mənəvi dəstək verib, onların sevimli müəllimi olub. Məhz buna görə də professor İbrahim Cəfərov 176 min istifadəçi arasında keçirilən “2018-ci ilin ən yaxşı rektoru” adlı sosial tələbə sorğusunda səslərin 53 faizini toplayıb, ən yaxşı rektor adına layiq görülüb. Professorun peşəkar rəhbərliyi sayəsində ADAU-da keyfiyyətli və şəffaf təhsil imkanları, tələbəyönümlü tədbirlər, təqaüdlər, beynəlxalq mübadilə proqramlarında iştirak, tələbələrin sosial-məişət şəraitinin ən müasir tələblərə cavab verməsi, valideyn-universitet əlaqələrinin inkişafı, aqrar sahədə uğurlu karyera imkanları təmin edilib.
Rektorun əməyi dövlət və xalq tərəfindən layiqincə qiymətləndirilib. Alim “Kənd təsərrüfatı işçilərinin təltif edilməsi” haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Həmçinin İbrahim Cəfərov 2016-cı ildə Qazaxıstan Milli Aqrar Universitetinin fəxri professoru, 2018-ci ildə Moldova Dövlət Aqrar Universitetinin fəxri doktoru adına layiq görülüb.
İbrahim müəllimin peşəkar idarəetmə fəaliyyətinin nəticəsidir ki, ADAU-nun səsi həmişə yüksək tribunalardan eşidilib, cənab Prezident İlham Əliyevin hər zaman diqqəti bu qocaman təhsil ocağında hiss olunub.
Müasir standartlara cavab verən iki korpuslu yataqxana dünyanın tələbə yataqxanaları ilə müqayisə edilə bilər. Həyata yeni müstəqil qədəmlərini atan tələbələrin ətrafdakı zərərli vərdişdən qorunmaları üçün bu yataqxanalar əvəzedilməzdir. Valideynlərlə söhbət aparan zaman onlar övladlarını İbrahim Cəfərova və şəxsən nizam-intizamına nəzarət etdiyi yataqxanalara əmanət etdikləri üçün mənəvi cəhətdən özlərini çox rahat hiss edirlər. Sosial şəbəkələrdə videolarda da izləyirik ki, İbrahim müəllimin tələbələri ilə bufetdə birgə nahar etməsi, tələbələrin şad günlərində qol qaldırıb onlarla rəqs etməsi tələbələri tərəfindən sevilməsinin, səmimi rəhbər olmasının təzahürüdür.
Çətinliyə düşən, qəfil ailəsində xoşagəlməz hadisələr olanda öz vəsaiti ilə taksi tutub evinə yola saldığı tələbələr də az olmayıb, hərçənd ki, hörmətli İbrahim müəllim etdiklərini publik nümayiş etdirməkdən xoşlanmır.
Hər zaman dövlətindən diqqət və qayğı görən İbrahim Cəfərov da adekvat olaraq dar günlərdə həmişə dövlətinin yanında olub, əlindən gələni əsirgəməyib. Rəhbərlik etdiyi təhsil ocağının şəhərə atılan raketlərdən zərərçəkmişlərə öz qucağını açması, Pandemiya və Vətən Müharibəsində Fondlara etdikləri maliyyə dəstəkləri buna əyani sübutlardır.
İbrahim müəllim barədə çox yazmaq, çox danışmaq olar. Sadaladıqlarım onun şərəfli həyat yoluna sadəcə qısa bir nəzərsalma idi.
İbrahim müəllimin yeni yaşı – 65 yaşı tamam olur. Nümunəvu ailə başçısı, nümunəvi rəhbər İbrahim müəllim hər bir yüksəkliyə öz bacarığı, zəhməti sayəsində nail olub. Tələbələri ilə keçirdiyi günlər də onun şərəfli ömür yolunun ayrılmaz hissəsi olduğu üçün İbrahim müəllimi tezliklə tələbələri ilə auditoriyalarda görmək arzusu ilə ona can sağlığı, əzizlərinin əhatəsində xoş günlər arzulayıram.
Xəlil Xəlilov
Azadmedia.az Media Qrupunun rəhbəri