Son Xəbər:
Tarix: 16-12-2019, 11:14
Azərbaycan Asiya həyatının rəngini və tərzini əxz etmiş, lakin Avropa mədəniyyətinə malik ölkədir. Bu harmoniyanı istər xalqın mədəni həyatında, istərsə də turizm və sosial sahədə görmək mümkündür.
AZƏRTAX xəbər verir ki, bu fikirlər İranın İSNA xəbər agentliyinin saytında “Viza alın və Azərbaycana yollanın” başlıqlı yazıda əks olunub. Materialda qeyd olunub ki, coğrafi baxımdan yaxın olan Azərbaycana İrandan hər il çox sayda turist gedir. Ölkənin inkişaf etmiş şəhərlərindən biri paytaxt Bakıdır.
Azərbaycana səyahəti asanlaşdırmaq üçün bəzi şeyləri bilmək vacibdir. Məsələn, oraya səyahət etməzdən əvvəl mütləq viza almalısınız. Azərbaycanda viza almağın bir neçə yolu var. Bunun üçün şəxsən Azərbaycan Respublikasının səfirliyinə müraciət edə, yaxud “ASAN Viza” saytına daxil olmaqla, elektron viza ala bilərsiniz. Sonuncu variant üçün “Master Card” və ya “Visa Cart”a sahib olmalısınız.
Azərbaycana səyahət etməzdən əvvəl yaxşı olar ki, onun milli valyutası haqqında məlumat əldə edəsiniz. Azərbaycan manatının məzənnəsini internetdə axtarış verməklə öyrənmək mümkündür.
Orada nəqliyyat xərcləri İrana nisbətən bir qədər artıqdır. Nəqliyyata daha az vəsait xərcləmək, hər dəfə nəğd pul problemi ilə üzləşməmək üçün “Bakı Kart”dan istifadə etməniz məsləhətdir. Ona təkrar-təkrar pul yükləmək olur.
Bakıda qalma xərcləri isə İranın böyük şəhərlərindəkindən çox da fərqlənmir. Bununla yanaşı, qalmaq üçün seçim imkanınız kifayət qədər geniş olacaq. Büdcənizdən, şəhər mərkəzinə yaxın və ya uzaqlıqdan, ehtiyacınız olan otaqların sayından asılı olaraq, ən yaxşı variantı asanlıqla seçə biləcəksiniz.
Yazıda qeyd edilir ki, Azərbaycanın, xüsusən Bakı şəhərinin ilin hər fəslində özünəməxsus gözəlliyi var. Yazda Bakı buludlu, yağışlı havadan zövq alanlar üçün uyğundursa, yayda hava isti olur.
Azərbaycanda başqa şəhərləri də görməyə dəyər. Ölkə ərazisində payızda hava əsasən mülayim keçir. Başqa sözlə, orada səfərinizə xələl gətirə biləcək dərəcədə soyuq olmur. Qış təbii ki, soyuq və qarlı keçir. Bu isə qış idman növlərilə məşğul olmağa, xizək sürməyə imkan verir.