Son Xəbər:
Tarix: 9-02-2021, 08:38
Ötən gündən etibarən 65 yaşdan yuxarı şəxslər koronavirus əleyhinə peyvənd olunmağa başlayıb. Ölkəmizdə 65 yaşdan yuxarı təqribən 700 000 vətəndaş var. Onların vaksinasiya üçün qeydiyyatına fevralın 1-dən başlanılmışdı. Daxili işlər orqanlarında çalışan şəxslərin də COVİD-19 virusuna qarşı vaksinasiyasına başlanılıb. İlkin olaraq vətəndaşlarla daha çox təmas halında olan xidmət sahələrində çalışan polislər, Çevik Polis Alayının (ÇPA) əməkdaşları peyvənd olunur.
Yeri gəlmişkən, ölkəmizdə Çinin istehsalı olan “Sinovac” şirkətinə məxsus “CoronaVac” peyvəndi tətbiq olunur. Peyvənd bu günədək hazırlanan ən effektiv vaksin sayılır. Bununla belə, aparılan maarifləndirmə, təbliğat işlərinə baxmayaraq insanlar peyvənd olunmaqdan yayınmaq istəyir. Peyvəndləmədən sonra səhhətlərində problemlər yaranacağını düşünən xeyli insan da var. Bu iddiaların, narahatlıqların əsası varmı?
Mövzu ilə bağlı mütəxəssislərin fikrini öyrəndik.
Bizimlə söhbətdə Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov bildirib ki, insanların narahatlığına heç bir əsas yoxdur: “Əksinə, vaksin vurulandan sonra xəstəliyin sayı da azaldı. Camaat arasında şayiələr var. 65 yaşında şəxs nədən qorxur anlamıram?! Hələ ki yan təsirlərdən şikayət edən kimisə görməmişəm. Yəni bununla bağlı müraciət edən olmayıb. İki nəfərdə hərarət olub, iynə vurulan nahiyyədə ağrı olub. Təbii ki, o da olmalıdır. Əksinə, yerli təsiri olmalıdır. Peyvənddən sonra temperatur yüksələ bilər, həmin nahiyədə qızartı, şişkinlik, ağrı, iltihaba xas olan əlamətlər olmalıdır. Əksər həkimlərimiz, Tibb Universitetinin bütün kafedraları könüllü olaraq vaksin olundular. Bu gündən revaksinasiya-vaksinasiyanın ikinci hissəsi başladı.
Bəli, indi hərənin ağzında bir avaz var. Xarici ölkələrdə yayılan xəbərləri oxuyub panikaya düşürlər. Amma nə bilmək olar, bəlkə də orada yüksək doza ilə vurulub. Təbii ki, elə olacaq".
İnfeksionist Gülnarə Əhmədova da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Camaat ”feyk" məlumatlara o qədər rast gəlib ki, artıq bilmirlər hansı xəbər doğrudur, hansı yanlış. Bu kimi xəbərlərin heç bir əsası yoxdur. Narahat olmasınlar. Sadəcə olaraq, vaksin olunmağa gələndə özləri haqqında dolğun məlumat versinlər. Səhhətində nə kimi problemləri var, allergiyası varmı? Əgər uşaqlıqda peyvənd vurulubsa və heç bir problem olmayıbsa, deməli, orqanizm bunu da götürəcək. Heç bir problem də olmayacaq.
O ki qaldı mənim vaksin olunmağıma, özüm Covid keçirdim, ona görə vaksin olunmadım. Covid olanların immuniteti özünü qoruyur. Orqanizmdə antitellər yarandığına görə virusa qarşı qoruyuculuğu olur. Peyvəndə ehtiyac olmur. Bu vaxtadək vaksin olunanlarda da heç bir yan təsir olmadı. Yüngül formada üşütmə, qızdırması olanlar oldu, o da tək-tək hallarda baş verdi".
TƏBİB-dən “vaksin vurulan zaman şəxsin yan xəstəlikləri nəzərə alınırmı” sualına cavab aldıq: “Peyvəndi istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə olunmur”.
TƏBİB koronavirusa yoluxmuş şəxslərin peyvənd olunmasının nəzərdə tutulub-tutulmayacağına da aydınlıq gətirib: "Koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir. 6 aydan sonra tibbi cəhətdən qandakı anticisimlərin zəiflədiyi nəzərə alınaraq, vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qrupuna aiddirsə, peyvənd oluna bilər".
Bu arada yeni növ koronavirus infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı 73-ə çatıb.
Bildirilir ki, son göstəricilərə əsasən bütün dünyada 128 milyon nəfərə COVİD-19 əleyhinə vaksin vurulub, gündəlik vaksin olunanların sayı isə 4,69 milyon nəfərə çatıb.
Bununla belə, “AstraZeneca” vaksininin virusun Cənubi Afrika ştamına qarşı qoruyuculuğu olmadığı aşkara çıxıb. Bu barədə Cənubi Afrika səhiyyə naziri Zveli Mkhize bazar günü təşkil etdiyi mətbuat konfransında bildirib: “Təəssüf ki, ”AstraZeneca" peyvəndi yüngül və orta dərəcəli xəstəliklərə qarşı təsir göstərmir".
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Maria van Kerxove də bildirib ki, “AstraZeneca” peyvəndinin “Cənubi Afrika ştamı”na qarşı təsirsizliyi Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat edir: "Hazırda peyvəndin təsirini, bədənin immunitet reaksiyasını öyrənmək üçün bir sıra işlər aparılır. Effektivliyin azalmasına işarə edən bəzi ilkin araşdırmalar var, lakin yenə də bu işlər hələ tam olaraq təsbit edilməyib. Fevralın 8-də “Cənubi Afrika ştamı”na qarşı “AstraZeneca” peyvəndinin effektivliyi məsələsi müzakirə ediləcək".
“Yeni Müsavat”