Son Xəbər:
Tarix: 19-02-2021, 10:43
“Dəyişkən hava şəraiti ilə bağlı Bakı şəhərinin inzibati ərazisində heç bir yol nəqliyyat hadisəsi baş verməyib. Lakin, Dövlət Yol Polisi sürücülərə və piyadalara diqqətli olmağı tövsiyə edir”.
Bu barədə Mediabiz.az a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O, hava şəraitinin pisləşməsi ilə bağlı verilən proqnozları nəzərə alaraq bir daha sürücülərə müraciət edib:
“Bakının bütün küçə və prospektləri tam nəzarətə götürülüb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) xüsusi texnikaları, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsinin nümayəndələri və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları birgə yaradılan xüsusi qərargahda xidmətini davam etdirir.
Paytaxtın ən riskli, enişli-yoxuşlu küçə və prospektləri əməkdaşlarımız tərəfindən nəzarətə götürülüb. Bununla yanaşı sürücülərin və piyadaların da ehtiyatlı olması tövsiyə olunur. Ola bilər ki, bəzi yollarda yüngül sürüşkənlik olar, sözsüz ki, bu yollarda olduqca diqqətli olsunlar. Yollarda buzlaşma ehtimalını nəzərə alaraq sürət həddini minimuma endirsinlər. Mövsümlə əlaqədar qarlı və dəyişkən hava şəraitində avtomobillərin təkərlərinin təzyiqini azaltmaq tövsiyə olunur”.
V.Əsədov sürücülərə yola çıxmazdan əvvəl avtomobillərin xarici işıq cihazlarının işlək vəziyyətdə olması, avtomobilin dövlət nömrə nişanlarının görünəcək vəziyyətdə olması vacibdir:
“Belə havada avtomobili idarəetməyə uyğunlaşmış sürücülərə şərait yaradılmalıdır. Təkərlərin mövsümə uyğun olmasına diqqət yetirmək lazımdır. İsitmə sistemlərinin, şüşəsilənlərin işlək vəziyyətdə olması, avtomobildə suyun, antifrizin olması vacibdir. Sürücülər ara məsafəsi saxlamalıdırlar, sürət həddini aşağı salmalıdırlar. Vəziyyətdən asılı olmayaraq, sürücülərin, eləcə də sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadə etməsi vacibdir”.
“Piyadaların avtomobil yolu keçərkən qulaqlıqlardan istifadə etməməsi tövsiyə edilir. Piyadaların nəqliyyat vasitələrinin, dayanacaqda avtobuslarının qarşısından keçməsi və avtomobil yolunun hərəkət zolaqlarında dayanması təhlükəlidir. Bu sürücünü çaşdıra bilər”, - deyə V.Əsədov qeyd edib.