Son Xəbər:
Tarix: 20-12-2019, 09:39
Son illərdə Almaniyadan işğal altında olan torpaqlarımıza qanunsuz səfərlərin sayının artmasına töhfə verən əsas faktorlardan biri Ermənistanın bu ölkənin radikal sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ilə fəal əməkdaşlıq etməsidir.
2017-ci ildən etibarən Almaniyanın Baden-Vürttemberq, Türinqen, Meklenburq-Forpommern və Brandenburq federal torpaqlarının landtaqları, eləcə də, Bundestaqın və Avropa Parlamentinin AfD-çi deputatlarının sırasından işğal altında olan torpaqlarımıza bir neçə qanunsuz səfər qeydə alınıb
Bundan əlavə, Bundestaqın AfD fraksiyasının nümayəndələri 2018-ci ildə Almaniyaya səfər etmiş işğal altında olan ərazilərimizdə yaradılmış qanunsuz rejimin “parlament deputatlarını” Bundestaqda qəbul etmiş, eləcə də onları Brandenburq federal torpağının Landtaqına 01.09.2019 tarixində keçirilmiş seçkilərə dəvət etmiş və erməni mətbuatı bunu “Artsax” nümayəndələrinin həmin seçkilərdə müşahidəçi qismində iştirakı kimi təqdim edib (bu cür seçkilərə bir qayda olaraq xarici müşahidəçilər dəvət olunmurlar).
Qeyd olunmalıdır ki, AfD Almaniyada olduqca mənfi imicə sahibdir. Partiyanın əsas mövzuları, o cümlədən Almaniyanı “islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaq, Avropa İttifaqının səlahiyyətlərini azaltmaqdan ibarətdir. AfD-ni islamafob, anti-semitist, irqçi, anti-demokratik və “BREXİT partiyası” adlandırırlar və Almaniyanın konstitusion quruluşuna zidd siyasət yürütməkdə ittiham edirlər.
Almaniyada həm federal hökumət, həm də federal torpaqların hökumətlərinin qurulması prosesində AfD ilə koalisiya qurulması və ümumiyyətlə bu partiya ilə hər hansı formada əməkdaşlıq edilməsi digər bütün siyasi qüvvələr tərəfindən birmənalı olaraq istisna edilir.
Bundestaqda hər fraksiya üçün bir vitse-prezident vəzifəsi nəzərdə tutulsa da, 2017-ci ildə seçilmiş Bundestaqın cari çağırışında AfD fraksiyası bu vəzifəyə dörd müxtəlif namizədini plenar iclasda indiyədək keçirilmiş 10 səsvermədə seçdirə bilməyib.
Almaniyanın əks-kəşfiyyat qurumu olan Federal Konstitusiyanı Müdafiə İdarəsi sağçı ekstremist mövqeyinə görə AfD-ni müşahidəyə götürüb. Həmçinin, Federal Konstitusiyanın Mühafizəsi İdarəsinin keçmiş direktoru Hans-Qeorq Maassen AfD rəhbərliyi ilə keçirdiyi xidməti görüşlərinə görə ictimai qınaqlara davam gətirməyərək (tabe olduğu Federal Daxili İşlər nazirinin ciddi müqavimətinə baxmayaraq) istefa verməli olub.
Avstriyada video qalmaqalı ilə hökumət böhranı yaratmış FPÖ partiyası ilə AfD-nin sıx tərəfdaşlıq etməsi və sözügedən qalmaqaldan sonra belə FPÖ-yə dəstəyini ifadə etməsi də AfD-nin mənfi imicini şərtləndirən faktlardan biridir.
AfD-çilərin sağçı populist, irqçi, anti-semitist və islamafob qüvvə olmasına dəlalət edən çoxlu sayda fakt məlumdur.
Bundestaqın hazırkı çağırışında üç komitənin (büdcə, turizm, hüquq) rəhbərliyinə AfD-çi deputatlar gəlsələr də, yaxınlarda Hüquq komitəsinin sədri Ştefan Brandner (Stephan Brandner) özünün anti-semitist və sağçı ekstremist çıxışlarına görə komitə üzvləri tərəfindən vəzifədən uzaqlaşdırılıb.
Bundestaqın Sosial-Demokratlar (SPD) fraksiyasının nüfuzlu deputatı Yohannes Karsın (Eyni zamanda Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədridir) Bundestaqdakı son çıxışlarından birində AfD-çiləri sərt tənqid etməsi AfD fraksiyasının üzvü Bitriks fon Ştorx (Beatrix von Storch) tərəfindən əllə başını kəsmək işarəsi ilə qarşılanıb (aşağıdakı linkdəki videodan izlənilə bilər https://www.merkur.de/politik/afd-beatrix-von-storch-bundestag-johannes-kahrs-spd-bundestag-debatte-kopf-ab-geste-zr-13255149.html
2019-cu ildə işğal altında olan torpaqlarımıza qanunsuz səfər etmiş Bundestaqın deputatı Ştefan Koyter (Stefan Keuter) Almaniya ictimaiyyətində nasist və anti-semitist şüarlardan həvəslə istifadə etdiyinə görə ad qazanıb (bax: https://vestnikkavkaza.net/analysis/Fascist-disgraced-himself-in-Germany-becomes-honorary-guest-in-NKR.html)
O cümlədən onunla səfər yoldaşı olmuş Brandenburq Landtaqının deputatı Andreas Kalbits (Andreas Kalbitz) AfD-nin sağçı ekstremist qanadını təmsil edir və onun müxtəlif sağçı ekstremist və neonasist təşkilatlarla əməkdaşlıq etdiyi məlumdur.
https://de.wikipedia.org/wiki/Andreas_Kalbitz
Sağçı milliyyətçi AfD-çilər öz proqramlarını, o cümlədən islamafob çalarlar üzərində qururlar.
Onlar müsəlman miqrantları Almaniya və Avropa üçün təhlükə adlandırırlar və bu baxımdan norveçli terrorçu Anders Breyviklə eyni fəlsəfəni bölüşürlər. AfD-çilər işğal altındakı torpaqlarımıza qanunsuz səfərlərini, eləcə də işğalçı rejimlə əlaqələrini Dağlıq Qarabağın guya xristian mədəniyyətinin tərkib hissəsi olması ilə əsaslandırmağa çalışırlar.
Məsələn, Baden-Vürttemberq Landtaqının üzvü kimi hələ 2017-ci ildə Dağlıq Qarabağa qanunsuz səfər etmiş və hazırda Avropa Parlamentinin deputatı olan Lars Patrik Berq (Lars Patrick Berg) yaxınlarda Ermənistan səfəri zamanı armenpress.am saytına verdiyi müsahibəsində https://armenpress.am/eng/news/996741 Dağlıq Qarabağı “xristianlığın beşiyi” və “xristian inancının qalası” adlandırır.
AfD-çilərin Azərbaycanın işğal altında olan torpaqlarına səfərləri həm də bu partiyanın təmsilçilərinin post-sovet məkanında olan digər münaqişə bölgələrinə həvəslə səfərlər etməsi kontekstində baxılmalıdır.
Maraqlı məqam həm də budur ki, ölkəmizə qarşı qərəzli mövqedə dayanan alman KİV-ləri belə Ermənistan-AfD əməkdaşlığına tənqidi mövqedən yanaşıb, o cümlədən AfD-çilərin qanunsuz səfərləri barədə Azərbaycanın maraqlarına xidmət edən xəbərlər yayıblar. Halbuki, digər hallarda alman mətbuatı işğal altında olan torpaqlarımıza qanunsuz səfərləri xüsusi şərh etmir və əksinə belə səfərlərin iştirakçılarının AR-in “arzuolunmaz şəxslər” siyahısına salınmasını “tənqidi əcnəbi səslərin” guya Azərbaycana buraxılmaması cəhdi kimi təqdim etməyə meyl göstərir. Amma AfD-çilərin beynəlxalq hüquqa hörmətsizlik etməsi, başqa ölkələrin qanunlarını pozması və onların ərazi bütövlüyünü şübhə altına alması alman mətbuatı tərəfindən həvəslə qabardılır və tənqid olunur.
AfD-nin yuxarıda qeyd edilən imicini və onun fəaliyyətinin bir qayda olaraq ictimai qınaqla qarşılaşmasını nəzərə alaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin AfD-Ermənistan əməkdaşlığı və AfD-çilərin Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfərləri kontekstində gündəmə gətirilməsi Azərbaycanın maraqlarına xidmət edən məqam hesab oluna bilər.
Bu baxımdan, AfD-nin sözügedən mənfi imici, xarici qüvvələrlə əməkdaşlığı və münaqişə bölgələrinə qanunsuz səfərlərdə həvəslə iştirakına dair tezislərdən istifadə etməklə, Ermənistanın bu partiya ilə yaxından əməkdaşlığının mətbuatda həm də bu ölkənin Nijde nümunəsində faşizmi qəhrəmanlaşdırması mövzusu ilə əlaqəli şəkildə geniş formada işıqlandırılmasını məqsədəuyğun hesab edirik.