Son Xəbər:
Tarix: 24-03-2022, 08:50
Ölkədə bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 974-ü ali, orta ixtisas və orta təhsilə malikdir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021/2022-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 orta ixtisas təhsil müəssisəsində 63,1 min tələbə təhsil alıb, onların 61,6 faizini qadınlar təşkil edib. Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 40 dövlət və 11 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 26 elmi təşkilatda təhsil alanların sayı 212,2 min nəfər olub ki, onların da 49,3 faizi qadınlardır.
2021-ci ildə ölkənin ali təhsil müəssisələrinə 46 min tələbə qəbul olunub və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 49,2 faiz olub ki, onların da 77 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.
Rəqəmlərdən də göründüyü kimi bu gün qadınlar orta ixtisas təhsili müəssisələrində təhsil almağa daha çox üstünlük verirlər. Hətta sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva “Bir dəfə gözəllik salonunda saç düzəldən xanım mənə ali təhsilli psixoloq olduğunu dedi. Digəri isə mənə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələndiyini söylədi və maaş aşağı olduğu üçün dırnaq ustası kimi çalışdığını dilə gətirdi. Gözəllik salonunda işləyənlərin 70 %-i ali təhsillidir. Bu, həqiqətən də biabırçılıqdır. Onların əksəriyyəti pedoqoji sahəni bitirənlərdir. Çox faciəvi haldır”,-deyə bldirmişdi.
Bu gün qadınların məhz orta ixtisas təhsilinə üstünlük verməsinin səbəbi əmək bazarının tələbləri, yoxsa universitetlərdə təhsil haqlarının yüksək olması ilə bağlıdır? Başqa sözlə, ailələr qızların yüksək təhsil haqqı ödənilməklə ali təhsil almasındansa, qısa zamanda sənət sahibi olmasına üstünlük verir? Təhsil üzrə ekpert Kamran Əsədov Cebhe.info-ya bildirib ki, ali təhsil hərbi xidmətdən azad edir və vətəndaşlar da hərbi xidmətdən azad olmaq üçün ali təhsilə üstünlük verirlər:
"Orta ixtisas təhsili müəssisəsi kolleclərdir ki, hərbi xidmətdən azad etmədiyinə görə oğlanlar onlara üstünlük vermir. Qadınların kolleclərə üstünlük verməsinin səbəbi isə təhsil haqları ilə bağlıdır. Bu gün Azərbaycanda çox təəssüf ki, ali təhsil müəssisələrində təhsil haqları çox yüksəkdir. Azərbaycanlı ailələr qız övladlarının yüksək təhsil haqqı ilə oxumasında maraqlı olmurlar. Digər tərəfdən, burada müddət də çox olur. Bakalavr pilləsində 4 il ərzində hər il o qədər vəsaitin ödənməsi çətindir. Ancaq kolleclərdə ödənişin məbləği 600-800 manat təşkil edir və təhsil müddəti əsasən 2 ildir. Valideynlər də düşünürlər ki, qızları burada daha ucuz və qısa müddət ərzində təhsil ala bilər. Ümumilikdə isə Azərbaycanda təhsilin əlçatanlığı 100 faizdir. Yəni bu gün Azərbaycan vətəndaşı təhsilin bütün pillələrində, istər peşə təhsili, istər orta ixtisas, istərsə də ali təhsili müəssisələrində təhsil ala bilir. Bunu birmənalı şəkildə deyə bilərik. Sadəcə olaraq təhsil haqları çox olduğuna görə ödəyə bilmir, ali və ya orta ixtisas təhsili almaqda maraqlı olmurlar”.
Ekspert düşünür ki, problem artıq həll olunur:
“Belə ki, 2021-ci ilin əvvəlinə qədər bu problem var idi. Hazırda Təhsil Tələbə Kredit Fondu yaradılıb və mövcud problemlərin həllində bu Fondun rolunu görəcəyik. Bu gün Azərbaycanda qadınların təhsilin yuxarı pillələrindəki azlıq ona görə baş verir ki, təhsil haqqı çoxdur, TTKF bu sahədə böyük iş görəcək. Fondun 100 milyon manatadək büdcəsi var və 56 min insanın təhsil almasına kredit formasında yardım edəcək. Biz birmənalı şəkildə ali təhsildə qadınların azlığını təhsil haqlarının çoxluğu ilə əlaqələndirə bilərik".
Ekspert deyir ki, Azərbaycanda əmək bazarı heç vaxt nə universitetlər, nə də kolleclər tərəfindən araşdırılıb:
"Hətta ən perspektivli ixtisaslarda belə biz əmək bazarının təhlilini görə bilmirik. Elə olur ki, ixtisas lazımdır, mütəxəssis azdır, yaxud da ixtisas lazım deyil, mütəxəssis çoxdur. Məsələn, pedoqoji ixtisaslar üzrə kifayət qədər mütəxəssis var. Valideynlər düşünür ki, qız övladları ali təhsil alacaqsa, yalnız həkim, müəllim ola bilər. Ancaq özəl universitetlərdə informasiya texnologiyaları ixtisası ilə bağlı yerlər boş qalır. Halbuki bunlar gələcəyin ixtisaslarıdır. Ölkədə əmək bazarı nə təhsil müəssisləri, nə də valideynlər tərəfindən təhlil olunur. Sadəcə cəmiyyətdə formalaşmış stereotiplərlə hər kəs həmin ixtisasların ardınca gedir. Ali təhsilli məzunların 42 faizi öz ixtisası üzrə işləyir. Yəni keyfiyyət 50 faizdən aşağıdır.
Çünki o qədər insan da araşdırmayıb ki, mənim ixtisasıma ehtiyac varmı? Bu gün ehtiyac olan ixtisaslar üzrə məzunlar çox azdır. Məsələn, kənd təsərrüfatı ixtisası vacibdir, qəbulda bal aşağıdır, ancaq o qədər də üstünlük vermirlər. Yaxud qida təhlükəsizliyi, informasiya texnologiyaları vacib ixtisaslar olsa da, meyillənmə aşağıdır. 2021-ci ildə keçirilən müəllimlərin işə qəbul imtahanında 8 min yerə 62 min nəfər sənəd vermişdi. Təəsvvür edin ki, 50 min əlində diplomu olan müəllim var, ancaq işsizdir. Ancaq yenə də ali təhsil müəssisələrində müəllimlik ixtisasına qəbul həyata keçirilir. Digər ixtisaslar var ki, mütəxəssis tapa bilmirik və problem budur".
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən icra olunan “Sumqayıt şəhəri və yaxın bölgələrdə əhalinin qadın hüquqları və onların müdafiə mexanizmləri barədə maarifləndirilməsi, hüquq pozuntularına məruz qalmış qadınlara sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.