Tarix: 19-05-2022, 13:55
"Vətən müharibəsində Azərbaycan jurnalistləri peşə borclarını yerinə yetirməklə yanaşı, silaha sarılaraq da ölkənin müdafiəsinə qalxıb və onların əksəriyyəti dövlətin yüksək mükafatları ilə təltif olunublar".
Bunu Medianin İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, vəzifə borclarını yerinə yetirərkən şəhid olan jurnalistlər də var: "Azərbaycan jurnalistləri birinci dəfə deyil ki, erməni terrorunun qurbanı olurlar. İndi isə Azərbaycan mediası öz işini qalib ölkənin və müasir çağırışların tempinə uyğunlaşdırmaq üçün yeni konseptual yanaşma sərgiləməlidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyəti media nümayəndələrinin öz peşə borclarını yerinə yetirərkən istinad etdikləri mötəbər mənbə və dəyərli nümunədir".
Ə.İsmayılov 44 günlük Vətən müharibəsində Azərbaycana dəstək göstərən Türkiyə mediasına təşəkkür edib: "Media nümayəndələri, qardaş ölkənin jurnalistləri dayanmadan döyüş bölgələrindən reportajlar hazırlamaqla haqq səsimizi dünyaya çatdırdılar. Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur. Platformamızın məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Bu istiqamətdə əsas fəaliyyətimiz beynəlxalq mediada, sosial şəbəkələrdə dünya ictimaiyyətini düzgün məlumatlandırmaqdır. Mediamızın birgə fəaliyyəti nəticəsində ölkələrimizə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı vahid cəbhədən cavab verəcəyik. Eyni zamanda türk dövlətlərinin ortaq mədəni dəyərlərinin təbliği istiqamətində işləməliyik".
İcraçı direktor bildirib ki, hazırda Azərbaycan mediası ciddi və əhatəli islahatlar dönəmini yaşayır: "Prezident İlham Əliyevin ötən il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyulub. MEDİA-nın yaradılması da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsidir. Agentlik media subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, habelə media savadlılığının yüksəldilməsinə yönəlmiş genişmiqyaslı layihələr həyata keçirməkdədir. Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi MEDİA-nın əsas prioritetlərindəndir".
"Azərbaycanda plüralizmin, fikir və söz azadlığının təmin edilməsi, bütün media subyektlərinin inkişafı baxımından əlverişli mühitin yaradılması, eyni zamanda dövlətin jurnalist əməyinə diqqət və qayğısı bunun bariz sübutudur. Bundan başqa, geniş ictimai müzakirələrdən sonra parlament tərəfindən qəbul edilmiş, dövlət başçısının imzaladığı “Media haqqında” qanun Azərbaycanın milli informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabiliyyətini artırmağa, xüsusilə də media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirməsinə ciddi töhfədir. Bizim ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün vətəndaş cəmiyyətinin fəallığı ilə yanaşı, jurnalistlərimiz arasında həmrəyliyə də ehtiyacımız var. Medialarımız öz peşəkar missiyasını yerinə yetirdiyi təqdirdə, səsimizin eşidilməsinə inanırıq. Azərbaycanın, Türkiyənin, bütünlükdə türk dünyasının həqiqətlərini işıqlandırmaq, beynəlxalq aləmi obyektiv informasiya ilə təmin etmək üçün peşəkarlığımızı və sayıqlığımızı artırmalıyıq", - o qeyd edib.