Tarix: 15-07-2022, 19:24
“Xalqdan yığılan vergilər hesabına hərəsi bir kabinetdə oturub əllərini ağdan-qaraya vurmur, bir problem də həll etmirlər…”
“Birincisi, insanların, vətəndaşların və ayrıca qazilərin intiharlarının qarşısını almaq üçün artıq baş vermis özünəqəsd hadisələri ayrı-ayrılıqda, individual olaraq müxtəlif aspektlərdən geniş və ciddi şəkildə təhlil olunmalı və onların gerçək səbəbləri dəqiq araşdırılmalıdır. Bunun üçün hərbçi, psixoloq, həkim, sosioloq, iqtisadçı və s. mütəxəsssislərdən ibarət xüsusi, əlahiddə bir dövlət qurumu yaradılmalıdır”.
Bu fikirləri Moderator.az-a açıqlamasında müdafiə nazirinin sabiq müavini, istefada olan polkovnik Mehman Səlimov ifadə edib.
“Intiharların səbəbləri, bu səbəbləri yetişdirən amillər öyrənildikdən sonra həmin subyektiv və obyektiv səbəb və amillərin aradan qaldırılması üçün tədbirlər görülməlidir. Yalnız bu şəkildə qazi intiharlarının profilaktikasıyla məşğul olmaq mümkündür. Odur ki, dövlət bu istiqamətdə təcili şəkildə konkret işlər görməlidir. Bəhs edilən qurum yaradılıb qeyd edilən işləri gördükdən sonra bu haqda dövlət başçısına məruzə olunmalıdır. Prezident də həmin hesabata uyğun olaraq bir daha vətəndaşların və xüsusən qazilərin problemləri ilə məşğul olmalı olan rəhbər və digər məmurların qarşısında qəti tələblər qoymalı, bu tələbləri yerinə yetirməyənlərə qarşı isə ciddi cəzalar müəyyən etməlidir” – açıqlamasının ardında bunları söyləyən keçmiş ordu mənsubu öz təcrübəsində də ciddi narazılıq yaradan məmur özbaşınalığı və laqeydliyi ilə rastlaşdığını qeyd edib.
“Vətəndaş, o cümlədən qazi, əlil veteran intiharlarının ümumi səbəblərinə gəldikdə isə, burada fərdi psixoloji amillərdən daha çox gerçək iqtisadi-sosial həyatın yaratdığı ümidsizlik, həmçinin vətəndaşın, qazinin problemini həll etməli, onlara dəstək verməli olan məmurların özbaşınalıq və laqeydliyi böyük rol oynayır. Məhz bu amillər onları intihara vadar edir…
Mənim özüm də son illər pensiyamın düzgün ödənilməməsi ilə bağlı müvafiq dövlət qurumlarının məmurları ilə ünsiyyətdə olduğumdan gerçək vəziyyəti yaxşı bilirəm. Hansı quruma, hansı məmura üz tutursan, əksəriyyəti səni laqeydliklə, kobudluqla qarşılayır. Prezidentə müraciət ünvanlamışam, oradan da məktub ünvanlanıb müvafiq dövlət qurumuna, amma 4 aydır mənə heç bir konkret cavab verilmir, tədbir görülmür. Başa düşmürəm ki, belə məmurların maaşı üçün nəyə görə pul ayrılır? Xalqdan yığılan vergilər hesabına hərəsi bir kabinetdə oturub əllərini ağdan-qaraya vurmur, bir problem də həll etmirlər. Və atdıqları addımların hamısı dövlətə, dövlət başçısına qarşı yönəlib. Sanki bunlar qəsdən Rusiyanın “5-ci kalon”un başçılarından xalqı dövlətdən narazı salmaq üçün göstəriş alıblar. Hesab edirəm ki, qazilər arasında intiharların artmasına şərait yaradan, onları bu faciələrə vadar edən xüsusi güclər var. Və bu, adi bir proses deyil…
Bu yaxınlarda cənab Prezident öz çıxışında məmurlardan cəmiyyətin həssas təbəqələri, xüsusən veteranlarla, əlil qazilərlə nəzakət və qayğı ilə davranmağı, onların problemlərini vaxtında həll etməyi tələb etmişdi. Ancaq sanki bir sıra rəhbər məmurlar o qədər harınlayıblar ki, dövlət başçısının bu göstərişini də qulaqardına vuraraq öz bildiklərini edirlər. Əgər Prezident göstəriş verirsə, bunlar yerinə yetirmirlərsə, kimə və nəyə lazımdırlar? Bir çox belə vəzifə və qurumlar ləğv edilsə, heç xalq bunu hiss etməz və üstəlik, büdcədə də əlavə vəsait qalar”- deyə sabiq nazir müavini vurğulayıb.