Son Xəbər:
Tarix: 13-02-2023, 19:15
Maliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə ƏƏSMN-nin tabeliyindəki bəzi qurumlarda yoxlama aparıb.
"Unikal"ın məlumatına görə, həmin qurumlar nazirliyin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyəti və Dövlət Məşğulluq Agentliyinin 1 saylı Ərazi Məşğulluq filialıdır.
***
2022-ci ildə Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 185 təşkilatda (nəzarət obyektləri) aparılmış yoxlamalarla ümumilikdə 225.710,4 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub.
Nazirlikdən verilən məlumata görə, həmin məbləğin 35.142,2 min manatlıq hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib.
Belə ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən iş planlarına əsasən 2022-ci ildə 71 təşkilatda aparılmış yoxlamalarla aşkar olunan 5.081,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 1747,7 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunan 2811,4 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.
Bunlardan əlavə, Xidmət tərəfindən vətəndaş müraciətinə əsasən 4 təşkilatda müraciətdə göstərilənlər yoxlanılıb, cəmi 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Hesabat dövründə Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyətinin əsas hissəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun və hüquq mühafizə orqanlarının nəzarət tədbirlərinin aparılması barədə daxil olmuş xeyli sayda məktub və qərarlarının icrası ilə əlaqədar olub. Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 110 təşkilatda aparılmış yoxlamalarla aşkar olunmuş 220.564,9 min manat məbləğində artıq və əsassız ödənişlərin 33.330,1 min manatının təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin olunub və aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi, artıq ödənilmiş vəsaitlərin tam həcmdə dövlət büdcəsinə bərpa edilməsi ilə bağlı müvafiq sənədlər aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilib.
"Unikal"