Son Xəbər:
Tarix: 20-07-2023, 08:23
“Kükü və bəzi digər yeməklər əsəbləri gücləndirmək üçün yaxşı təsir göstərir”.
Bu barədə rusiyalı nevroloq Almira Gimranova sinir sisteminin sağlamlığı üçün yeməklər barədə danışarkən bildirib.
Həkimin sözlərinə görə, sinir sistemi daimi dəstək tələb edir, çünki bədənin digər sistemlərinin necə işləyəcəyi ondan asılıdır.
O, əsəbləri sakitləşdirmək və sinir sistemini gücləndirmək üçün faydalı məhsullardan müxtəlif menyu hazırlamağı tövsiyə edib.
Təzə tərəvəz salatı
Həkim bildirib ki, pomidor, xiyar, bibər, qoz-fındıq, müxtəlif tumlar, göyərti, bitki yağı və limon suyu əlavə edilmiş salat orqanizmi “C”, “E”, “B” vitaminləri və maqnezium, kalsium, kalium, fosfor kimi sinir sistemini gücləndirən mikroelementlərlə doyuracaq, həmçinin əhvali-ruhiyyəni yaxşılaşdıracaq.
Kükü
Mütəxəssisin sözlərinə görə, bərk pendirli, göyərtili omlet beynin, həmçinin sinirlərin fəaliyyətinə töhfə verən protein, “B” vitaminləri və kalsiumla zəngindir.
Kartof və yerkökü ilə balıq şorbası
Nevroloq balığın tərkibində yaddaş və düşüncəni yaxşılaşdıran fosfor, yod və doymamış yağ turşuları olduğunu xatırladıb, həmçinin kartof və yerkökünün bədəni beyin üçün əsas enerji mənbəyi olan qlükoza ilə təmin etdiyini vurğulayıb.
Süd və ya kefir ilə qarabaşaq yarması sıyığı
Gimranova bildirib ki, qarabaşaq yarmasının tərkibində əzələ və sinirləri rahatlaşdıran maqnezium, fosfor və “B” vitaminləri var. Süddə də, kefirdə də qalxanvari vəzinin, həmçinin sinir sisteminin işini tənzimləyən kalsium və yod var.
Sinir sistemi üçün zərərli yeməklər
Həkim xəbərdarlıq edib ki, bəzi qidalar sinir sisteminə mənfi təsir edərək qıcıqlanma, oyanma və ya depressiyaya səbəb ola bilər. Mütəxəssis bu məhsulların arasında kofeinin adını çəkərək bildirib ki, o, orqanizmdə adrenalin və noradrenalin - stres hormonlarının istehsalını artırır.
“Həddindən artıq kofein qəbulu narahatlıq, təlaş, yuxusuzluq, başağrısı və ürək döyüntüsünə səbəb ola bilər. Kofein təkcə qəhvədə deyil, çay, kola, enerji içkiləri və şokoladda da var”.
Onun sözlərinə görə, sinir sistemi alkoqol (reseptorların fəaliyyətini pozur), nikotin (zövq hormonlarının, sonra isə stres hormonlarının istehsalını artırır), şəkər (qan qlükozasında sıçrayışlar sinirlərə zərər verən iltihablı proseslərin inkişafına səbəb olur) tərəfindən zədələnir.
“Yağlı və qızardılmış qidalar sinir sisteminə mənfi təsir göstərir. Belə məhsullar orqanizm tərəfindən çətin həzm olunur və disbakterioz, qəbizlik, həmçinin zəhərlənməyə səbəb ola bilər. Bütün bunlar sinir sisteminin işinə zərər verir, çünki bağırsaqlarla beyin arasında sıx əlaqə var. Bundan əlavə, yağlı və qızardılmış qidaların tərkibində trans yağlar var ki, bu da qanda xolesterinin səviyyəsini artırır və beyinə qan tədarükünü pisləşdirir”, - deyə Gimranova xəbərdarlıq edib.
Xatırladaq ki, bundan əvvəl kolbasa və sosis kimi emal edilmiş ət istehlakının orqanizm üçün zərərsiz dozası barədə məlumat yayılıb.
Mənbə: Lenta.ru