Son Xəbər: Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ, Büdcə müzakirələr başladı - Əli Əsədov parlamentə GƏLDİ, Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək, “Brent” neftin qiyməti UCUZLAŞDI, Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib,

Atakişiyeva Emilya: Heydər Əliyevin ədliyyə sistemində misilsiz xidmətləri

Atakişiyeva Emilya: Heydər Əliyevin ədliyyə sistemində misilsiz xidmətləri

Tarix: 28-09-2023, 14:49

Atakişiyeva Emilya

Samux rayon qeydiyyat şöbəsinin rəisi

Ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, dövlətimizə və xalqımıza şərəflə xidmət edən, hüquq-mühafizə orqanı statusu olan Ədliyyə Nazirliyinin formalaşdırılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə təsis edilməsi məhz Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə, gərgin iş və prinsipial siyasi iradə nümayiş etdirilməsi hesabına baş tutmuş, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş və bundan sonra dayanıqlı fəaliyyəti təmin edilmişdir. Həmin dövrdə Ədliyyə Nazirliyi məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.

Müstəqilliyimizi qazanandan sonra da Azərbaycan ədliyyəsinin inkişafı dahi öndərin daim diqqət mərkəzində olmuşdur. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş, nazirliyin səlahiyyətləri genişlənmiş, dövlət siyasətinin realizə edilməsində rolu, cəmiyyətdə nüfuzu artmışdır.

Ulu Öndərin ədliyyə sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

Ədliyyə orqanlarının əsas kredosu qismində çıxış edən qanunçuluq və hüququn aliliyi prinsipləri Ümummilli Liderin uzun illər təbliğ etdiyi və öz siyasətində hər zaman rəhbər tutduğu haqq-ədalət ideyasına əsaslanır, ondan qaynaqlanır. H.Əliyevin zəngin siyasi idarəetmə irsində haqq-ədalət ideyasının təməl postulatları onun hakimiyyətinin müxtəlif illərində ictimaiyyət üçün əlçatan olmuşdur ki, bu da təsadüfi deyil. Həmin postulatlar həm dövlət işində çalışan məmurlar üçün, həm də vətəndaşlar üçün hər zaman bir mayak, bir mesaj rolunu oynamışdır. Belə ki, H.Əliyevin ədalət haqqında fikirləri dövlət işində çalışan məmurlar üçün hər zaman rəhbər tutulmalı olan əsas meyar kimi çıxış etmiş və etməkdədir. Eyni zamanda H.Əliyevin hakimiyyətdə olduğu bütün illər ərzində həmişə bu sualın cavabı vahid olmuşdur – vətəndaş öz dövlətindən yalnız haqqı və ədaləti gözləməlidir.

Hələ “Literaturnaya qazeta”nın 18 noyabr 1981-ci il tarixli nömrəsində dərc edilmiş “Qoy ədalət zəfər çalsın” başlıqlı müsahibəsində Ümumilli Lider vurğulayırdı: “Biz idealist deyilik və iddia etmirik ki, xeyrin şər üzərində əbədi mütləq qələbəsinə nail olacağıq. Lakin tərəzinin haqq-ədalət, qanunçuluq, ideyalılıq qoyulan gözünün ağır gəlməsinə nail ola bilərik və olmalıyıq”. Müstəqilliyimizi bərpa edəndən sonra H.Əliyev mütəmadi olaraq, haqq-ədalət ideyalarının dövlətçiliyimiz və xalqımız üçün nə dərəcədə əhəmiyyətli olduğu öz ictimai nitqlərində mütəmadi olaraq dilə gətirmiş və apardığı siyasətin əsas xətti kimi məhz ədalət ideyasının çıxış etdiyini dəfələrlə təsdiq etmişdir. Məsələn, 4 avqust 1995-ci il tarixdə respublika hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə çıxış edərkən Ümummilli Lider vurğulamışdır: “Heç bir cinayətkar cəzasız qalmayacaq, qaçıb canını qurtara bilməyəcəkdir. Cinayətkarlar gec-tez yaxalanacaq və haqq-ədalət məhkəməsi qarşısında duracaqlar. Bu mənada mən, cinayətkarların hüquq-mühafizə orqanları tərəfindən tapılmasını ictimai-siyasi həyatımızda böyük nailiyyət, hadisə kimi qiymətləndirirəm. Xalq da, ədalət də, görünür ki, Allah da haqqın, ədalətin tərəfindədir”.

Yaxud 19 mart 1995-ci il tarixində respublikada dövlət çevrilişi cəhdi və onun qarşısının alınması ilə bağlı keçirilən müşavirədə çıxış edən H.Əliyev bildirmişdir: “Biz haqq yolundayıq, ədalət yolundayıq. Biz müstəqil dövlətimizi qoruyuruq, onun inkişafını təmin edirik və bu yolda kim bizə mane olacaqsa, öz cəzasını alacaqdır” və s. Belə sitatları sonsuz sayda gətirmək mümkündür. Onların hamısının qayəsində məhz ədalət ideyası, qanunun aliliyi ideyası durur ki, bu gün həmin ideyalar ədliyyə orqanları üçün onların daim sadiq qalacağı ən vazkeçilməz dəyərdir.

Qanunun aliliyindən bəhs edərkən, Ümummilli Liderin ölkənin Əsas Qanunun – Konstitusiyasının ərsəyə gəlməsindəki rolunu qeyd etməmək mümkün deyildir.

Məlum olduğu kimi, 12 noyabr 1995-ci il tarixdə referendum yolu ilə məhz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyası onun bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilmişdir. Bu Konstitusiya ali hüquqi qüvvəsi ilə yanaşı, Azərbaycanda aparılacaq hüquq islahatlarının başlıca ideya sənədi olaraq, demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Ulu öndər H.Əliyevə görə, siyasi sistemin mərkəzində şəxsiyyət, onun hüquq və azadlıqları, demokratik və hüquqi dövlət idealları durmalı idi. Bu mənada, dövlətin ali sənədində insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunmasının dövlətin ali məqsədi kimi təsbit edilmiş olması heç də təsadüfi deyildi.

10 noyabr 1995-ci il tarixində Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın iclasında çıxışı zamanı Ümummilli Lider qeyd etmişdir: “Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq”.

H.Əliyevin hakimiyyəti dövründə ədliyyə və hüquq sferasında aparılmış islahatlar mübaliğəsiz olaraq, tarixi və millətimiz üçün taleyüklü islahatlar hesab edilə bilər. Belə ki, H.Əliyev tərəfindən əfvetmə institutu bərpa edilməklə, vətəndaşların dövlətə, onun rəhbərinə güvəni, ümid və etimadı artmışdır. Ümummilli Lider 1993-2003-cü illərdə 32 əfv, 8 amnistiya aktı imzalamaqla cəzanın adekvatlığı və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşdığını sübuta yetirmişdir. Bu məqsədlə o, eyni zamanda məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tədbiqini, habelə ədalət mühakiməsinin səmərəliliyini təmin etmişdir. Məhz onun hakimiyyəti illərində ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olunmuşdur.

Hüquqi dövlət quruculuğu prosesi çərçivəsində məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza-tərbiyə işini daha da humanistləşdirmək, ən əsası isə insan hüquqlarının, azadlıqlarının gözlənilməsini təmin etmək məqsədilə H.Əliyev tərəfindən ədliyyə orqanlarında əsaslı islahatlar aparılmış, penitensiar müəssisələrin Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi işi başa çatdırılmışdır.

Azərbaycanda köklü məhkəmə-hüquq islahatlarının aparılmasının zəruriliyini nəzərə alan Ümummilli Liderin təşəbbüsü ilə hələ 1997-ci ildə ən qabaqcıl dövlətlərin təcrübəsinə əsaslanan “Məhkəmələr və hakimlər haqqında” yeni qanun qəbul olunmuş, 1998-ci ildə isə məhkəmə islahatlarına dair proqram xarakterli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Fərman imzalanmışdır. Ümummilli Liderin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində 2000-ci ildən etibarən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır.

Bu islahatların xronologiyasında daha bir mühüm hadisə kimi H.Əliyevin “Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” 1999-cu il Fərmanı göstərmək olar. Həmin Fərmanla müstəqillikdən sonra ilk dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə zəruri olan əlavə maliyyə vəsaitlərinin ayrılmasını növbəti ilin büdcə layihəsində nəzərdə tutsun və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Sonrakı illərdə bu islahatlar daha dəqiq müddəalarda əks olunmağa və görülən daha konkret işlərdə təzahür olunmağa başladı. Belə ki, H. Əliyevin ilk mərhələlərdə məhkəmə islahatının həyata keçirilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi, yeni məhkəmələrin təşkili və onların fəaliyyətinin təmin edilməsi məqsədilə qəbul edilmiş “Azərbaycan Respublikası məhkəmələrinin təşkili və fəaliyyətinin təmin edilməsi haqqında” 1999-cu il tarixli Fərmanı ilə Bakı şəhərində Azərbaycan Respublikasında bir sıra yeni məhkəmələr (məsələn, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi), eləcə də, Hərbi Dəniz Qüvvələri hərbi məhkəməsinin əsasında Sumqayıt hərbi məhkəməsi, o cümlədən, Azərbaycan Respublikasının yerli iqtisad məhkəmələri təşkil edilmiş, həmçinin bir sıra digər əhəmiyyətli məsələ də öz həllini tapmışdır.

Bu gün uğurla aparılan məhkəmə-hüquq islahatlarında H.Əliyevin dəst-xəttinin mövcudluğu, onun hüquqi ideyalarına sadiqlik danılmazdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il tarixli Fərmanında məhkəmə sisteminin müasirləşdirilməsi işinin növbəti mərhələsinin konkret olaraq nəyə yönəlmiş olması sualı cavablandırılmışdır. Belə ki, növbəti mərhələdə sırf regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni məhkəmələrin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadə, süründürməçilik hallarının və digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun və işinin daha optimal şəkildə qurulması, habelə digər mühüm məsələlərin həlli nəzərdə tutulurdu. Bütün bunlarda, H. Əliyevin siyasi-hüquqi baxışlarının müsbət təsiri aşkar hiss edilirdi.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR