Son Xəbər:
Tarix: Bugün, 12:17
2025-ci ildə Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı. İqtisadi inkişafda ən vacib məqamlardan biri artımın qeyri neft-qaz sektoru hesabına əldə edilməsidir. Bu o deməkdir ki, qeyri neft-qaz sektoru Azərbaycan iqtsiadiyyatının əsas drayverinə çevrilməkdədir. Belə ki, ötən il iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artmışdır.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, sənayedə qeyri neft-qaz sektorunun artım tempi daha yüksək olmuşdur. Ötən il sənayenin qeyri neft-qaz sektorunda isə 5,5 faiz artm qeydə alınıb. Enerji bazarlarındakı volatilliyə rəğmən, qeyri neft-qaz sektorundakı artım iqtisadi inkişafın dayanıqlığını gücləndirməkdədir. Bu cənab Prezident İlham Əliyevin rəhbərliyi aparılan dərinləşmiş islahatların nəticəsidir. İslahatlar iqtisadiyyatın şaxələndirilməsi prosesini də sürətləndirməkdədir. 2026-cı ildə qeyri neft-qaz sektoru büdcə gəlirlərinin 57, ÜDM-in isə 68 faizini formalaşdıracaq.
“Yalnız ötən il reallaşan 5-ci sosial pakket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 8.1 faiz artmışdırsa ötən ilin ilk 11 ayında artım 9.3 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əmək haqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır.
Bu isə o deməkdir ki, yaxın günlərdə bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir.
2026-cı ilin dövlət büdcəsindən sosial istiqamətə 17.1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu 2026-cı ildə də sosial müdafiənin güclənməsi əsas prioritetlərdən olaraq qalacağından xəbər verir” – o qeyd edib.