Son Xəbər:
Tarix: 7-01-2021, 17:56
Bənövşəyi xəttin üzərində yerləşən üçüncü – “8 Noyabr” stansiyası isə istismara hazırlanır.
Bu barədə Bakı Metropolitenin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, əsas inşaat işləri yekunlaşdırılmış stansiyada son tamamlama tədbirləri yerinə yetirilir.
Stansiya üç səviyyədən ibarət olmaqla müasir metro inşaatı metod və üsulları, texnologiyalardan istifadə olunmaqla inşa edilib. Burada 13 365 kvadrat metr mərmər-qranit örtüyündən istifadə olunub.
Dörd giriş-çıxış keçidi olan stansiyaya sərnişinlərin rahat və təhlükəsiz daxil olub çıxmasını pilləkənlərlə yanaşı, 17 eskalator təmin edəcək.
Stansiyada fiziki imkanları məhdud sərnişinlərin istifadəsi üçün nəzərdə tutulmuş üç lift quraşdırılıb.
Qeyd edək ki, bu sosial kateqoriyadan olan sərnişinlər 2019-cu ilin mart ayından Bakı metropoliteninin bütün xətlərinin xidmətindən istifadə edirlər. Metropoliten tarixində ən mühüm sosial addımlardan biri kimi dəyərləndirilən “Əlçatan metro” layihəsi çərçivəsində metropolitenin köhnə nəsil qatarlarında da belə yerlər quraşdırılıb.
Stansiyanın əsas özəlliklərindən biri də qatarların bir yoldan digər yola keçərək əks istiqamətdə hərkətini təmin edən dönmə kamerasıdır. Bu isə fərqli hərəkət qrafikinin tətbiqi, hərəkət intervalını azaltmaqla, qatarların müntəzəm hərəkətinin daha da intensivləşdirilməsinə şərait yaradacaq.
Burada tətbiq edilən inqilabi yenilikləri sırasında yolun üstquruluş elementləri də var. Postsovet məkanında ilk dəfə yolda tətbiq edilən müasir “Vollert-Rheda” sisteminin quraşdırılmasına başlanılıb.
Yoldəyişdirici qurğu, təmas relsi də tamamilə yeni dövrün texnoloji tələbləri səviyyəsində metropoliten tarixində ilk dəfə tətbiq edilir. Bununla müasir texnologiyalarla səmərə, qənaət və keyfiyyətə nail olunması da təmin edilib.
“8 Noyabr” stansiyasında xidməti otaqların istismar prosesinə tam hazır olması işləri də yekunlaşmaq üzrədir. Yeni xətdə tətbiq edilən texnologiyaların ən mühümləri sırasında hərəkətin təşkili sahəsində SCADA (dispetçer idarəetmə sistemi) və onun tərkib hissəsi CBTC (qatarların hərəkətinin radiokanal əsasında təşkili) dünya dəmir yolları sisteminin ən son nailiyyətidir. Gələcəkdə xətdə qatarların əsas hərəkət sistemi olacaq CBTC sistemlərinin əsas hissəsi olan mikroprosessor mərkəzləşməsi, eləcə də “Tetra” rabitə sistemi də burada qurulub. Eyni zamanda Bənövşəyi xətdə müntəzəm hərəkət qrafikini təmin etmək üçün 4 qatar tərkibində “Thales” şirkətinə məxsus işarəvermə avadanlıqları və “Tetra” qatar radio-rabitə avadanlıqları quraşdırılıb.
Qatarlar “Nərimanov” elektrik deposundan “Xocəsən” deposuna gətirilməklə, “Avtovağzal-8 Noyabr” sahəsində istifadəyə hazırlanır. Bu xüsusda sınaq yürüşlərinin aparılmasına hazırlıq tədbirləri də başa çatdırılıb.