Son Xəbər: Paytaxtın bu ərazisində qaz olmayacaq, Putin Trampı ağıllı və təcrübəli siyasətçi adlandırıb, Tovuzda altı nəfərin öldüyü qəzada xəsarət alan yeniyetmə ölüb, Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ, Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar, Polşa prezidentinin şərti sərhəd “əməliyyatı” – dost dövlətin başçısının xətası - TƏHLİL, Astanada KTMT dövlət başçılarının sammiti keçirilir, Yeni ildə 7 gün ardıcıl iş olmayacaq, Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ, İlham Əliyev Albaniya Prezidentini təbrik edib,

Prezident nəyin anonsunu verdi – Vətən müharibəsinin yaratdığı həssas reallıq

Prezident nəyin anonsunu verdi – Vətən müharibəsinin yaratdığı həssas reallıq

Tarix: 24-05-2021, 08:50

Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı Ermənistanla yekun sülh, gələcək münasibətlər, Dağlıq Qarabağ ermənilərinin vətəndaşlığı kimi bir çox məsələlərə toxunub. Ölkə başçısı bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mümkünlüyünə tamamilə əmindir.

Əliyev buna nisbətən qısa müddətdə nail olmağın mümkünlüyünü vurğulayıb: “İndi çatışmayan məsələ Ermənistan tərəfindən siyasi iradənin olmamasıdır. Çünki mən dəfələrlə açıq şəkildə demişəm ki, Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır və əlbəttə, bu saziş imzalansa, təhlükəsizliklə, gücün tətbiq edilməməsi, cari vəziyyətlə əlaqədar reallıqların qəbul olunması ilə bağlı məsələlər bu sülh sənədinin ayrılmaz tərkib hissəsi olacaq. Nə etmək lazımdır? Hesab edirəm ki, Ermənistanda parlament seçkiləri keçirilənədək gözləmək lazımdır və biz bu dövrün Ermənistanda həssas bir dövr olduğunu anlayırıq”.

Azərbaycan lideri onu da bildirib ki, bu gün Ermənistanda kimsə Azərbaycanla sülh müqaviləsindən danışmağa başlayırsa, bu, onun populyarlığını artırmayacaq: “Ancaq ölkə rəhbərləri siyasi karyeralarını deyil, dövləti düşünməlidirlər”.

İlham Əliyev sülh müqaviləsinin ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutduğunu qeyd edib: “Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır və təbii ki, öz növbəsində, Ermənistan da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanımalıdır. Qarabağ Azərbaycanın ərazisidir. Buna heç bir şübhə yoxdur. Belə olub və olacaq da. Onlar Dağlıq Qarabağın statusu barədə danışmaq cəhdlərindən əl çəkməlidirlər. Bu, müzakirə mövzusu deyil. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan çox insan öz evlərindən məcburi şəkildə didərgin salınıb. Lakin barışığın əldə olunması üçün düzgün yanaşmaya ehtiyac var”.

“Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli Birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır”, - deyə Prezident əlavə edib.

Dövlət başçısı bu açıqlamaları ilə “topu” Ermənistan tərəfinə atdı desək, yanılmarıq. Ölkə başçısı sülh və əminamanlıqda maraqlı olduğumuzu, münasibətlərin düzəlməsinin vacibliyini, bunun Ermənistan üçün xeyirli olduğunu söyləmiş oldu. Əliyevin bu mesajlarına Ermənistanın praktik cavabı nə olacaq - hələlik məlum deyil. Analitiklər hesab edirlər ki, əgər rəsmi İrəvan ona verilmiş bu şansı əldən verərsə, o zaman bu dövlətin inkişafı mümkünsüz görünür.

AYNA-nın mövzu ilə bağlı suallarını cavablandıran politoloq Tofiq Abbasovun sözlərinə görə, hər hansı siyasi yol ölkəyə xeyir gətirmirsə, əksinə, zərər gətirirsə, qarşıdurmaya səbəb olursa, ağıllı dövlətlər bu yoldan çəkilir:

- Eyni zamanda, cəmiyyət də zərərli yoldan çəkinməyi hökumətlərdən tələb edir. Biz görürük, 30 ilə yaxındır Ermənistanın siyasi rəhbərliyi, radikal ünsürləri səhv siyasət yürüdürlər. Faktiki olaraq onlar bizim üçün problemlər yaratdılar, amma ən böyük pisliyi həm də özlərinə etdilər. Hansı ki, indi ən böyük problem yaşamaqdadırlar. Son 30 ili Ermənistan boşa verdi. Azərbaycan Prezidenti bildirdi ki, biz qonşuyuq və qonşu kimi yaşamalıyıq. Düzdür, çətindir. Çünki emosiyalar var, qan tökülüb, Ermənistanın günahı səbəbindən burada qeyri-stabillik yaşanır. Amma dağıdıcı yoldan qayıtmaq həmişə vacibdir və heç vaxt gec deyil. İlham Əliyevin çıxışı ümumiyyətlə praqmatik çıxış idi və Azərbaycanın nəyin hesabına uğura, inkişafa nail olduğunu göstərdi. Eyni zamanda, nəyin hesabına Ermənistan iflic günə düşüb. Bu yoldan nə qədər gec deyil, çəkilməlidirlər.

- Sizcə, Ermənistan bunu dərk edəcəkmi? Normal münasibət qurmağa meyllənəcəkmi?

- Ağılları olsa, bəli. Başqa çıxış yolları yoxdur. Anlamalıdırlar ki, 30 illik münaqişədən, işğalçılıqdan qazananlar da oldu. Köçəryanlar, sarkisyanlar və s. qazandılar. Bu müharibə caniləri dövlətlərinə qazandırmadılar, özləri varlandılar. Əsl cinayətkar olan Qarabağ separatçılarını ilk növbədə erməni xalqı cəzalandırmalıdır. Ermənistanın sağlam qüvvələri özlərində cəsarət tapıb, bu gün yenidən hakimiyyətə gəlməyə can atanları tarixin arxivinə göndərməlidirlər, “dirilmələrinə” imkan verməməlidirlər. Erməni toplumu başa düşməlidir ki, hazırda səfalət içərisində yaşamalarının səbəbi separatçıların işğalçılıq siyasətinə dəstək olmaları idi, öz səhvləri idi.

Azərbaycan Prezidenti yenə bildirdi ki, sülhə hazırıq. Onsuz da biz sülhə hər zaman hazır olmuşuq, dəfələrlə Ermənistana təkliflər etdik. Danışıqlar prosesindən heç vaxt rəsmi Bakı geri çəkilmədi. Əksinə, rəsmi İrəvan mütəmadi olaraq danışıqlar prosesini pozurdu. Axırı da məlumdur, Azərbaycan xalqının və Azərbaycan liderinin “dəmir yumruğu” başlarından elə dəydi ki, iflic vəziyyətə düşdülər. İşğal etdikləri əraziləri itirdilər, məğlubiyyətin məyusluğu, dərin böhran yaşayırlar. İstər siyasi, istərsə də sosial-iqtisadi böhran olsun, bunun içərisində çabalayırlar. İlham Əliyev çıxışında işarə etdi ki, öz səhvləri ucbatından ağır vəziyyətlə üzləşdilər.

Bundan sonra da Ermənistan sülhə, əmin-amanlığa meyl etməsə, özləri bilsinlər. Çünki Azərbaycan özü özünü inkişaf etdirir. Ermənistan normal qonşuluq münasibəti saxlayır ya yox, bunun bizim inkişafa heç bir dəxli yoxdur. Yəni ki, özümüz öz uğurlarımızın təşkilatçısı və təminatçısıyıq. Ermənistan istəyirsə ki, inkişaf etsin, ermənilər istəyirsə ki, normal yaşasınlar, bəli, Azərbaycan və Türkiyə kömək edə bilər. Amma bir şərtlə ki, onlar bundan sonra nifrət siyasətindən, qarşıdurmaya meyllilikdən, işğalçılıqdan, ərazi iddialarından birdəfəlik əl çəksinlər. Çünki bu mənfur iddiaları ermənilərin başına oyun açacaq. 100 il ərzində onlar məğlub ola-ola gəliblər, bundan sonra iddialarını davam etdirsələr, daha pis vəziyyətə düşəcəklər. Bu aqibəti yaşamaq istəmirlərsə, konstruktiv yola gəlməlidirlər, Azərbaycan Prezidentinin mesajlarına isti yanaşmalıdırlar.

- Yəni ki, hazırkı situasiya, Azərbaycan tərəfinin təklifləri ermənilər və Ermənistan üçün şansdır…

- Bəli, bu, şansdır və bu şansdan səmərəli istifadə onlar üçün qazanc olar. İndi onlar üçün tarixi xilas anıdır. Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində erməni xalqı doğru seçim etməlidir ki, böhrandan çıxış olsun. Mən elə başa düşürəm ki, hazırkı hökumətə, Nikol Paşinyanın komandasına səs verməlidirlər, Paşinyan qalib gəlməlidir. Əgər yenidən yanlış yolu seçsələr, cinayətkar Köçəryanı dəstəkləsələr, onların vəziyyəti çox ağır olacaq. Paşinyan az-çox praqmatik siyasətə yaxındır, nə baş verdiyini başa düşür. Anlayır ki, daha geriyə dönüş yoxdur, irəli baxmaq lazımdır. İrəli baxmaq isə Azərbaycanla, Türkiyə ilə barışığa getmək, normal qonşuluq münasibəti qurmaqdır. Bu, bizə yox, onlara lazımdır. Çalışmalıdırlar ki, yeni bir konfiqurasiya qurulsun. İqtisadi layihələrə qoşulmaq, inkişaf etmək istəyirlərsə, Azərbaycan və Türkiyə ilə barışıq yolu seçməlidirlər. Xalq hakimiyyəti buna məcbur etməlidir, həm dövlətlərini, həm də özlərini xilas etmək üçün.

- Paşinyan son açıqlamalarında sanki münasibətlərin qurulmasında maraqlı olduğunu göstərdi. Yekun sülhün tez zamanda əldə olunması mümkündürmü?

- Yekun sülhə Azərbaycan hər zaman hazırdır. Ümumiyyətlə, Ermənistan hakimiyyəti də, erməni xalqı da anlamalıdır ki, yekun sülhü bu və ya başqa formada Azərbaycan özü təmin edəcək. Biz qalib tərəfik, məğlub olan Ermənistandır. Yekun sülhə möhtac olan Ermənistandır. Uzun illər bizi hədələdikləri orduları darmadağındır. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu Ermənistanın qürrələndiyi silahlı qüvvələrini məhv etdi. Ermənistan bundan sonra 50 il də keçsə, diz çökmüş ordusunu dirçəldə bilməz. Daha əllərində ordu da yoxdur ki, arqument kimi istifadə etsinlər. Yekun sülh istəməyəcəklərsə, bəs nə istəyəcəklər? Sülhün təminatçısı kimi Azərbaycan çıxış edir, nə lazımdırsa, onu da edəcək. İstər Rusiya olsun, istər digər ölkələr, hamısı bilir ki, qalib Azərbaycandır, diqtə edən Azərbaycandır. Bununla yanaşı, Azərbaycanın heç bir ölkənin ərazilərində gözü yoxdur. Biz öz siyasətimizi qonşuluq, qarşılıqlı anlaşma, əməkdaşlıq üzərində aparırıq. Bu, sülhdən yana olmaq deməkdir.

- Azərbaycanın erməni vətəndaşlarına, Qarabağ ermənilərinə də təminat verilir ki, onlar bərabərhüquqlu vətəndaşımız olaraq yaşayacaqlar…

- Bu, dəfələrlə bəyan edilib. Bilirsiniz, Azərbaycandakı bir ovuc erməni azlıq hər zaman dinc şəraitdə yaşayıb, hüquqlarına hörmət edilib. Onları ötən əsrin sonlarında qızışdırıb ortaya salan kim oldu? İrəvandakı radikallar, Dağlıq Qarabağdakı bəzi əbləh ünsürlər. Qarabağ erməniləri həmin radikalların girovuna çevriliblər. Köçəryan kimi, Sarkisyan kimi canilər Qarabağ ermənilərini əsirlərinə çevirdilər, sonra getdilər Ermənistan hakimiyyətinə yiyələndilər. Qarabağ erməniləri də onların separatçılığının elementi oldu. Həm Azərbaycan ərazilərini işğaldan sonra dağıtdılar, sümürdülər, həm də Ermənistanı sümürdülər, məhv etdilər. Özləri qazandılar, Qarabağ ermənilərinin hesabına varlandılar, cinayətlər törətdilər. Əvəzində Qarabağ erməniləri əsir-yesir qaldı, dilənçi kökünə düşdülər. İndi Qarabağ erməniləri bunu düşünməlidirlər. Onların yeganə şansı var – Azərbaycan dövlətçiliyinə pənah gətirsinlər. Öz cılız xislətlərindən əl çəkməlidirlər, Ermənistandan onlara göstərilən təsirləri rədd etməlidirlər. Bundan sonra adam kimi bizim ərazilərimizdə yaşayacaqlar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR