Son Xəbər: COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı, Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu..., Prezident bu nazirə ali xüsusi rütbə verdi, Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır, Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır, İmişlidə ölümlə nəticələnən yol qəzası olub, COP29-un on ikinci günündən FOTOREPORTAJ, Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib,

Vaşinqton niyə “erməni silahlılar Qarabağdan çıxsın” demir? - ABŞ-dan Bakıya qarşı “at gedişi”

Vaşinqton niyə “erməni silahlılar Qarabağdan çıxsın” demir? - ABŞ-dan Bakıya qarşı “at gedişi”

Tarix: 26-08-2022, 09:57

Sirr deyil ki, kapitulyant Ermənistanın hələ də Azərbaycanla sülh müqaviləsi imzalamamasının, 10 noyabr üçtərəfli sənədlə öz üzərinə götürdüyü yazılı öhdəliklərdən yayınmağa çalışmasının kökündə bəzi xarici güclərin hələ də ona verdiyi boş ümidlər dayanır. Nə qədər qəribə olsa da, hazırda bu missiyanı Rusiyadan daha çox, ABŞ həyata keçirir.

Amerikalı siyasilər və diplomatlar, erməni lobbisindən məvacib alan nanəcib konqresmenlər, Ermənistandakı ABŞ səfiri az ala iki ildir əllərindən gələni edirlər ki, Ermənistan özünü məğlub tərəf qismində hiss eləməsin, hətta qalib Azərbaycanla şərt dilində danışsın. Bu da növbəti fakt.

Dünən məlum olub ki, ABŞ Qafqaz üzrə xüsusi nümayəndəsini dəyişib. Amma və lakin...

“Mən səfir Filip T. Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edirəm. Səfir Riker bu vəzifədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri və bu kritik dövrdə Cenevrə Beynəlxalq Müzakirələrində ABŞ-ın aparıcı danışmanı olacaq”.

Bunu srağagün ABŞ dövlət Katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, Rikerin Avropada və beynəlxalq təşkilatlarda böyük təcrübəsi var. Bundan əvvəl o, ABŞ-ın Londondakı səfirliyində müvəqqəti işlər vəkili işləyib. 2019-cu ilin martından 2021-ci ilin avqustuna qədər dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edib.

“Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanması üzrə danışıqlarda Ermənistan və Azərbaycana kömək etmək öhdəliyi götürür”. Bunu da dövlət katibi bildirib.

“Səfir Riker Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda məşğul olacaq və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa yardımçı olacaq”, - Blinken əlavə edib.

Qeyd edək ki, Riker artıq Qarabağ nizamlanması prosesinin iştirakçısı olub. Məhz onun 2021-ci ilin martında Bakıya səfərindən sonra 14 erməni məhbus azad edilmişdi...

***

Əlbəttə, rəsmi Vaşinqtonun Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa yardımçı olmaq istəyi yaxşıdır və alqışlanmalıdır. Ancaq dərhal “necə” sualı ortaya çıxır? Yəni Birləşmiş Ştatların xarici siyasət iradəsi bunun mexanizmini nə cür təsəvvür edir? Əgər yenə Amerika erməni lobbisinin və Qarabağdakı bir ovuc separatçının maraqlarının yedəyində getməklə buna ümid edirsə, o zaman özünü yormağa dəyməz.

Başqa sözlə, xüsusi nümayəndələri dəyişməklə, reallıq dəyişəsi deyil. Lap cənab Riker dünyanın ən təcrübəli diplomatı olsun! Rikerin təcrübəsinin işə yaramasından ötrü vacibdir ki, ABŞ və onun Dövlət Departamenti ən əvvəl 44 günlük müharibədən sonrakı yeni gerçəyi olduğu kimi, heç bir siyasi qısqanclıq olmadan qəbullansın, köhnə ritorikadan və tarixin arxivinə verilmiş siyasi terminlərdən imtina eləsin. Əks halda, ABŞ son 30 ildəki kimi yenə dalana gedib çıxacaq.

Axı bir yandan, “Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanması”ndan danışmaqla, artıq gorbagor olmuş Minsk Qrupunun adını çəkib onu təzədən diriltməyə çalışmaqla o biri yandan, Bakı və İrəvan arasında birbaşa dialoqa necə kömək eləmək olar?

Apaydındır ki, “Dağlıq Qarabağ”, “Minsk Qrupu”, “Dağlıq Qarabağ nizamlanması” kimi ifadələr Ermənistana, oradakı radikal-revanşist qüvvələrə hava-su kimi lazımdır. Həmin qüvvələr, lap elə Nikol Paşinyan iqtidarı məhz belə bəyanatlardan vəcdə gələrək, Azərbaycanla böyük sülh anlaşmasından qaçır, vaxtı uzadır, hansısa yeni revanşist planlar qururlar, 10 noyabra kapitulyasiya sənədinin tələblərini icra eləməkdən yayınırlar. Bu da yeni müharibə riski deməkdir.

Rəsmi Vaşinqton bunamı çalışır? Nədən qulağımızı “Minsk Qrupu”, olmayan “Dağlıq Qarabağ münaqişəsi” ifadələri ilə yağır eləmiş ABŞ nə 30 illik münaqişə dönəmi bir yana, heç olmasa, 44 günlük müharibədən sonra bircə dəfə də olsun “erməni silahlı birləşmələri Azərbaycan ərazisini tərk eləməlidir” bəyanatını verməyib? Əksinə, ABŞ Konqresi 2023 maliyyə ili üçün mövcud olmayan “Dağlıq Qarabağ”a 2 milyon dollar yardım ayırmaq qərarı verib - Azərbaycanın başının üstündən! Məgər Birləşmiş Ştatlar bu xəyali qurumu beynəlxalq hüququn subyekti hesab edir?!

***

Bu mənada Blinkenin son qərarı bölgədə sülhə heç bir fayda verməyən “at gedişi”nə bənzəyir. Belə görünür ki, ABŞ xarici siyasət idarəsi hətta Rusiyanın belə imtina elədiyi Minsk Qrupundan tezliklə üzülüşmək fikrində deyil. Demək, Ağ Ev Azərbaycanla Ermənistan arasında sülh işində vasitəçi olmağa da gərək ümid bəsləməsin. Çünki Azərbaycan Prezidenti dəfələrlə deyib ki, bu formata qayıdışa rəsmi Bakı imkan verməyəcək, hətta belə cəhdləri o, təhlükəli adlandırıb.

Əgər Vaşinqton həqiqətən də bölgədə daimi sülhdə maraqlıdırsa, Azərbaycan-Ermənistan barışığına ciddi töhfə vermək istəyirsə, Rusiyanın başının Ukraynaya qarışmasından istifadə edib regiona “dal qapı”dan keçmək kimi bəd niyyəti yoxdursa, onda hər şeydən öncə bu bölgənin açar ölkəsi Azərbaycana, onun ərazi bütövlüyünə münasibətdə səmimi və sayğılı olduğunu sübut eləməlidir.

Hələ ki, biz bunu görmürük. Nə qədər ki, bu baş verməyib, xüsusi səfirlərin dəyişməsi, artıq tarixin arxivinə gömülən Minsk Qrupunun Amerikadan olan həmsədrinin digəri ilə əvəzlənməsi ABŞ-ın Qafqaz siyasətinin pozitivə dəyişməsi kimi qəbul edilməyəcək...

P.S Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə Filip Rikerin təyin olunmasına dair mətbuat bəyanatında bölgədəki post-münaqişə reallığından uzaq yanaşmanın sərgilənməsi təəccüb doğurur.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ Dövlət katibi Entoni Blinkenin 24 avqust tarixli mətbuat bəyanatına münasibət bildirərkən deyib.

O bildirib ki, Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub: “Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun ”reanimasiya" edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər. Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir".
“Yeni Müsavat”





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR