Son Xəbər: Paytaxtın bu ərazisində qaz olmayacaq, Putin Trampı ağıllı və təcrübəli siyasətçi adlandırıb, Tovuzda altı nəfərin öldüyü qəzada xəsarət alan yeniyetmə ölüb, Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ, Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar, Polşa prezidentinin şərti sərhəd “əməliyyatı” – dost dövlətin başçısının xətası - TƏHLİL, Astanada KTMT dövlət başçılarının sammiti keçirilir, Yeni ildə 7 gün ardıcıl iş olmayacaq, Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ, İlham Əliyev Albaniya Prezidentini təbrik edib,

“Ermənilər minaları səpələyiblər, xəritə çəkməyiblər” – Sabiq MTN zabiti

“Ermənilər minaları səpələyiblər, xəritə çəkməyiblər” – Sabiq MTN zabiti

Tarix: 9-06-2021, 11:10


İyunun 4-də azərbaycanlı jurnalistlərin və mülki şəxslərin işğaldan azad edilmiş Kəlbəcərin Susuzluq kəndi ərazisində minaya düşərək həlak olması gündəmin əsas müzakirə mövzusudur. Aylardır ki, Qarabağda erməni vandalizminin sübutlarını lentə alan, sənədləşdirən media nümayəndələri - Azərtac-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov, Susuzluq kənd icra nümayəndəsi Arif Əliyevin içərisində olduğu “KamAz” markalı avtomobil iyunun 4-də səhər saatlarında minaya düşüb. Nəticədə həmkarlarımız və kənd icra nümayəndəsi həlak olub.

Müzakirələr isə hadisə ilə bağlı videogörüntülər üzə çıxdıqdan sonra şiddətlənib. Belə ki, hadisə anından bir neçə saniyə öncənin videosunda görünür ki, yolun torpaq qatında dəyişiklik var. “KamAz” həmin dəyişiklik hissəyə çatdıqda partlayış baş verir. Bu isə minanın yeni basdırıldığını ehtimalını artırır. Ümumiyyətlə, minanın sonradan basdırılması faktını güman etməyə imkan verən bir neçə faktor var. Onlaradan biri isə sözügedən yolun işlək olmasıdır. Bu zaman sual yaranır – mina köhnədən idisə, o zaman əvvəl ordan ağır avtomobillər keçibsə, hansı səbəbdən partlamayıb. Ehtimalı gücləndirən daha bir hal isə bir neçə gün öncə məhz Kəlbəcərdə ələ keçirilən 6 erməni diversant-təxribatçı terrorçulardır. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd edilirdi ki, həmin diversantlar ərazilərimizi minalayarkən yaxalanıblar.

Jurnalistlərin şəhid olması ilə nəticələnən mina partlaması haqqında başqa mülahizələr də mövcuddur. Məsələn, bildirilir ki, mina kənardan idarə edilən olub və məhz jurnalistlər oradan keçərkən düşmən tərəfindən partladılıb. Yaxud da, avtomobilin partlayışdan sonrakı vəziyyətini görən bəziləri iddia edirlər ki, ümumiyyətlə o, mina partlayışı olmayıb – raketlə vurulub. Azərbaycan Müdafiə Nazirliyi isə hadisənin konkret hansı şəraitdə baş verdiyini hələ ki, açıqlamayıb. Düzdür, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin hadisə barədə birgə məlumatı var, orada bəzi məqamlar qeyd edilib. Lakin cəmiyyətdə şayiələrə yol açan suallara Müdafiə Nazirliyinin rəsmi izahı olmalıdır.

Əgər mina əvvəldən deyil, sonra basdırılıbsa, bu hansı şəraitdə olub? Erməni terrorçularının oraya mina basdırması hansı səbəbdən gözdən yayınıb? O yoldan hərbi təminat məqsədilə daimi istifadə edilibmi? Əgər o yol daimi istifadə edilmirdisə, o zaman jurnalistlər niyə həmin yola buraxılıb?

Yeri gəlmişkən, Baş Prokurorluğun Mətbuat Xidməti hadisə barədə yeni məlumat yayıb. Məlumatda qeyd edilib ki, 4 iyun 2021-ci il tarixdə media və dövlət qurumlarının əməkdaşlarının olduğu “KamAz” markalı sərnişin avtomobilin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək 3 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması ilə faktı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanıb: “Təəssüf hissi ilə bildiririk ki, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində hadisənin baş verməsi ilə əlaqədar əsassız və dəqiqləşdirilməmiş məlumatlar yayılmaqdadır. Odur ki, Baş Prokurorluq hadisənin baş vermə səbəbləri və mexanizmi barədə qeyd edir: Aparılmış ilkin istintaqla müəyyən edilib ki, hadisənin baş verdiyi əraziyə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti tam təmin olunduğundan, işğaldan azad olunduqdan sonra ora düşmən təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir. Hadisə yerinə mütəxəssislərin iştirakı ilə keçirilmiş baxış zamanı 240 x 230 sm ölçülərində 97 sm dərinliyində çuxur və 1 ədəd tam yararsız hala düşmüş “Kamaz” markalı sərnişin avtomobili aşkar olunub. Hadisənin baş vermə səbəblərinə gəldikdə isə, partlayış sahəsinin ölçülərinə və partlayış yerinin görünüşünə görə 60-97 sm dərinliyində basdırılmış tank əleyhinə 1 ədəd mina olub. Partlayış yerində minanın heç bir qalığının aşkar olunmaması ilə müəyyən edilir ki, partlayış zamanı istifadə olunan mina plastmas, parça və ya korpussuz tipli tank əleyhinə minaya aid olmuş, fuqas (zirehdələn) tipli, tank və zirehli texnikaların tırtılına qarşı istifadə olunmaqla yollarda və texnikaların hərəkət edə biləcəyi yerlərdə qurulması üçün nəzərdə tutulub. Partlamış minanın tank əleyhinə TM-62P2, TM-62P3, TM-62T və ya TM-62B tipli (eyni qrupa daxil olan) mina olması və üzərindən avtobusun keçməsi nəticəsində minanın işə düşməsi (partlaması) ehtimal olunur. Həmçinin müəyyən edilib ki, erməni qanunsuz silahlı birləşmələri işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə ediblər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalayıblar. Cinayət işi üzrə istintaq davam edir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək”.

Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, Ləğv edilən MTN-in keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl AYNA-ya müsahibəsində deyib ki, hansısa hadisə ilə bağılı rəsmi məlumatın verilməməsi və ya gecikdirilməsi şayiələrə, fəsadlara yol açır:

- Birinci dəfə deyil ki, biz belə məsələlərdə problemlərlə üzləşirik. Hətta bir aya yaxındır Ermənistanla sərhəddə davam edən gərginliklə bağlı rəsmi informasiyaları qarşı tərəfdən alırıq. Ona görə də, hər cür “mütəxəssislər” peyda olur və mülahizələr, versiyalar irəli sürürlər. Məsələn, deyirlər ki, jurnalistlərin olduğu maşın raketlə vurulub. Bu, ağlasızmaz versiyadır, fantastikadır. Bizim hava hücumundan müdafiə sistemimiz o “raketi” görməyib? Bir maşına görə raket atılır? Açıq-aydın görünür ki, tank əleyhinə mina olub, böyük dağıdıcı gücü ilə partlayıb. Bütün bu versiyaların hamısına son qoymaq üçün Müdafiə Nazirliyinin rəsmi informasiyası olmalı idi. XİN-in var, amma XİN hadisəyə münasibət bildirir, onu pisləyir. Hərçənd, indi mən gördüm ki, Baş Prokurorluq və DİN birgə məlumat yaydı. Bilirsiniz, gecikirlər. Ya məlumatı vermirlər, ya gecikdirirlər ki, bu da əsassız söz-söhbətə, mülahizələrə səbəb olur. Bu necə olub, mina necə basdırılıb – çünki orda torpaq səthində görünür ki, yeni basdırılmışa oxşayır – vətəndaşlarımız hansı şəraitdə həlak olublar, niyə o istiqamətdə hərəkət ediblər, ora işlək yol olub, yoxsa yox, və s.

Bütün hallarda, mahiyyət dəyişmir. Düşmən öz mövqeyində, iddiasında qalır. Azərbaycanın ərazilərində ermənilər təxribatlarını davam etdirirlər, bundan sonra etdirəcəklər. Hesab edirəm ki, biz sərhədlərin delimitasiya və demarkasiya işlərini tezliklə həll edilməlidir. Yəxsa ki, bu cür təxribatlar tez-tez olacaq, bizim oraya məskunlaşmağımız uzanacaq. Çünki belə hadisələr insanlara qarantiya vermir.

- Zidiyyətli məqamlar çoxdur. Əgər sonradan minalanıbsa, təxribatçılar hansı formada əraziyə daxil ola biliblər? İşlək yoldursa, köhnədəndirsə, o zaman necə olub ki indiyə qədər partlamayıb. Bizim xidmət necə təşkil olunub ki, sonradan mina basdırmaq mümkündür, kəşfiyyat məlumatı olmurmu? Bu tip suallara dəqiq cavab verilmədiyi üçün şayiələr də çoxalır...

- Bütün bunlara hadisədən sağ qurtaranlar aydınlıq gətirə bilərlər. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma gedir. O istintaq materiallarından çox şey əldə etmək olar. Sağ qalanlarla istintaq söhbət aparmalıdır, o zaman bir çox məqama aydınlıq gələcək. O yola təsadüfənmi dönüblər, hərəkətə hərbiçi müşayiəti olubmu və s. Bütün ehtimallar dəyərləndirilməlidir.

Bununla yanaşı, həmin yer haqqında xalqa doğru-düzgün informasiya verilməlidir. Bu, Ermənistan sərhədindən 15 kilometr aralıda yerləşən kənd yoludur. Ermənistandan Murov istiqamətindən keçib mina partlayan yerə çatmaq üçün daha bir kəndi – Təkiqayanı keçməlisən, sonra Susuzluğa gəlməlisən. Yox, əgər mina Dağlıq Qarabağ separatçıları tərəfindən həyata keçirilibsə, o zaman da gərək Yanşaq tərəfi keçib gələsən. Susuzluq kəndi Təkiqaya ilə Yanşağın ortasındadır. Susuzluq yoluna ermənilərin gəlməsi sözün həqiqi mənasında çox çətindir. Ona görə də minanın köhnədən basdırıldığını söyləmək olar.

Sadəcə videodan torpaq səthini görəndə yeni basdırıldığı versiyası üstün gəlir. Təzə basdırılıbsa, deməli bizim yollar separatçıların qaldığı istiqamətdən, ya da Ermənistan sərhədi istiqamətindən yaxşı mühafizə olunmur. Yenə deyirəm, informasiyasızlıq müxtəlif şaiyələrin yaranmasına səbəb olur. Ola bilər ki, Kəlbəcərin boşaldılmasına verilən vaxt ərzində ermənilərin basdırdığı minadır.

- Rəsmi Bakı dəfələrlə minaların xəritəsini tələb edib. Həmişə də ermənilər xəritələri təqdim etməkdən imtina edirlər. Bu hadisədən sonra xəritələr daha da aktuallaşıb, beynəlxalq təşkilatlara çağırışlar edilir. Belə fikirlər var ki, Ermənistan xəritələri versə də, ona güvənmək olmaz. Çünki ehtimal daha çox onun üzərindədir ki, düşmən mina basdırarkən xəritə tutmayıb, kortəbii formada basdırılıb. Sizcə, sabah onların xəritəni versə, buna güvənmək olarmı?

- Birincisi, Ermənistan bizə xəritə verməyəcək. İkincisi isə Kəlbəcər, Laçın və Ağdam istiqamətində erməni ordusu geri çəkilən vaxtı minaları ağlına gələn yerə düzüb. Ermənilər minaları səpələyiblər, xəritə çəkməyiblər. Biz tərəfdə bu barədə faktlar var, proses müşahidə edilib. Onun xəritəsi yoxdur ki, bizə də versinlər. Ona görə də fikirləşmək olmaz ki, onlar bizə xəritə verəcəklər, biz o xəritələr əsasında minaları zərərsizləşdirəcəyik.

Azərbaycan minalardan təmizləməyə köklənməli, bu sahə üzrə ixtisaslaşmış beynəlxalq qurumları prosesə cəlb etməliyik. Tək ANAMA-nın işi ilə Qarabağı heç 10 ilə də minalardan təmizləyə bilməyəcəyik. Təhlükə də hər zaman qalacaq. Dövlət BMT-yə müraciət etməlidir, mina təmizləmək istiqamətində böyük təşkilatları dəvət etməliyik. Xüsusilə də, Böyük Britaniyanın bu sahədə iri təşkilatı var, onlara müraciət etməliyik, kömək istəməliyik. Gürcüstanda minatəmizləməyə təkcə Yaponiya 40 milyon dollar ayırmışdı. Biz niyə dünyaya müraciət etmirik?!

Kəlbəcərdəki hadisədən sonra beynəlxalq təşkilatlara müraciətin daha çox effekti olardı. Burada böyük qəbahət yoxdur. Həm vəsait ayırardılar – humanitar addım kimi, həm də profesional şəkildə mina zərərsizləşdirərdilər. Biz əksinə, beynəlxalq siyasi qurumlara üz tuturuq ki, Ermənistana təzyiq edilsin, bizə mina xəritəsi verilsin. Nəyimizə lazımdır Ermənistanın saxta xəritələri?

Bir də ki, bizim əlimizdə olan cihazlar dərinlikdəki minaları qeydə almağa imkan vermir, əksəriyyəti 30 santimetr dərinlikdəki sursatı müəyyənləşdirir. Türkiyədən alınan aparatlar isə 70 santimetr dərinlikdəkini tapır. Tank əleyhinə olan minaları isə 80 santimetr dərinliyə basdırır, üzərinə də polietilen çəkirlər. Hansı ki, bizdə olan o cihazlar həmin minanı tapa bilmir. Daha güclü cihazlar alınmalıdır. Əks təqdirdə, bu hadisə nə ilk olacaq, nə də son.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR