Son Xəbər:
Tarix: 30-10-2021, 22:04
Qərb dövlətlərində fəaliyyət göstərən araşdırmalar mərkəzlərinin, ekspertlərin hazırda təhlil etdiyi əsas mövzulardan biri də məhz Zəngəzur dəhlizidir
“Kaspi” qəzetində Zəngəzur dəhlizinin region ölkələri üçün əhəmiyyətini anladan əhatəli təhlil dərc edilib.
Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın əsas müddəalarından biri də regionda nəqliyyat əlaqələrinin açılmasıdır. Əlbəttə, söhbət ilk növbədə Azərbaycanın qərb hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizindən gedir. Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Aleksey Overçuk, Şahin Mustafayev və Mqer Qriqoryanın Moskvadakı görüşü, Azərbaycan Prezidenti İlham Əliyevin “Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr göstərir ki, istədiyimizə nail oluruq” sözləri onu göstərir ki, yaxın günlərdə Bakı ilə Yerevan dəhlizin açılması ilə bağlı razılığa gələcəklər. Yeri gəlmişkən, Qərb dövlətlərində fəaliyyət göstərən araşdırmalar mərkəzlərinin, ekspertlərin hazırda təhlil etdiyi əsas mövzulardan biri də məhz Zəngəzur dəhlizidir.
Zəngəzur dəhlizinin Ermənistan üçün üstünlükləri
Bu günlərdə ABŞ-da fəaliyyət göstərən tanınmış “Ponars Eurasia” araşdırmalar mərkəzi Emmanuel Dreyfus və Yül Yuqonun Zəngəzur dəhlizi ilə bağlı məqaləsini dərc edib. Müəlliflər xatırladırlar ki, 1980-ci illərdə Ermənistanla Rusiya arasında ticarət əlaqələrinin təxminən 85%-i Azərbaycandan keçən dəmir yolları şəbəkəsinin payına düşürdü: "Hazırda Rusiya Ermənistana məhsul idxal edən əsas dövlətdir. Ermənistana Rusiyadan neft, əlvan metallar və taxıl kimi məhsullar tədarük edilir. Əslində, bu məhsulların nəqli zamanı dəmir yollarından istifadə edilməsi daha sərfəlidir. Digər tərəfdən, Rusiya Ermənistan üçün Avropa İttifaqından sonra ikinci ən böyük bazardır. Bu ölkədən Rusiyaya illik 290 milyon dollar dəyərində məhsullar tədarük olunur.
Odur ki, Araz boyu dəmir yolları şəbəkəsinin açılması Rusiya ilə Ermənistan arasında ticarət əlaqələrində nəqliyyat xərclərinin azalmasına səbəb olacaq”.
Naxçıvanla əlaqələrin asanlaşması
Şübhəsiz, Zəngəzur dəhlizinin açılması Azərbaycanın qərb ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat, ticarət əlaqələrini asanlaşdıracaq. "Ponars Eurasia” araşdırmalar mərkəzinin ekspertləri bu məsələyə xüsusi diqqət yetirir: “1990-cı illərdən indiyədək Bakı ilə Naxçıvan arasında nəqliyyat əlaqələri İran (700 kilometr) və ya Gürcüstan və Türkiyə (1200 kilometr) vasitəsilə mümkündür. Amma Ermənistanla Azərbaycan arasında Araz boyu nəqliyyat əlaqələrinin açılması bu məsafənin təxminən 550 kilometr azalmasına və yük daşımalarının daha da genişlənməsinə səbəb olacaq. Bu, Naxçıvanın inkişafına töhfə verəcək”.
E.Dreyfus və Y.Yuqon qeyd edirlər ki, Naxçıvanda molibden, qurğuşun və mərmər kimi zəngin faydalı qazıntılar var: "Amma nəqliyyat xərclərinin kifayət qədər yüksək olması üzündən Naxçıvanda faydalı qazıntıları emal etmək mümkün deyil. Üstəlik, nəqliyyat xərclərinə görə Naxçıvanın arpa, tütün, pambıq və buğdadan gələn gəlirləri də azalır”.
Bir sözlə, müəlliflər Zəngəzur dəhlizinin açılmasının Naxçıvan Muxtar Respublikasının inkişafında mühüm rol oynayacağına əmindirlər.
Avropa İttifaqının dəstəyi
E.Dreyfus və Y.Yuqonun sözlərinə görə, Araz boyu dəmir yollar şəbəkəsinin təxminən 190 kilometrlik hissəsi bərpa edilməlidir: "Hazırda Azərbaycan 110 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun tikintisini davam etdirir. Bundan əlavə, 80 kilometr uzunluğa malik dəmir yolları da bərpa olunmalıdır. Söhbət Naxçıvandakı 35 kilometrlik (Heydərəbad-Şərur və Ordubaddan Ermənistan sərhədinə qədər) və Zəngəzurdan keçəcək 45 kilometrlik dəmir yolundan gedir”.
Bu arada, hazırda Avropa İttifaqı (Aİ) Zəngəzur dəhlizinin açılmasında, region ölkələri arasında əlaqələrin normallaşdırılmasında maraqlıdır. Bunu avropalı siyasətçilərin Cənubi Qafqaz ölkələrinə son səfərləri də təsdiqləyir.
Odur ki, E.Dreyfus və Y.Yuqon “qoca qitə”nin Zəngəzur dəhlizinin həyata keçirilməsinə töhfə verəcəyini düşünürlər: "Aİ birbaşa maliyyə və ya Avropa İnvestisiya Bankı vasitəsilə layihənin həyata keçirilməsinə yardım göstərə bilər”.
Müəlliflər hesab edirlər ki, Ermənistana Zəngəzurdan keçəcək 45 kilometrlik dəmir yolu xəttinin bərpasına təxminən 90 milyon dollar investisiya lazım olacaq: "Azərbaycana gəlincə, Naxçıvandakı 35 kilometrlik dəmir yolu xəttinin bərpası təxminən 70 milyon dollar başa gələcək”.
Beləliklə, E.Dreyfus və Y.Yuqonun fikrincə, Aİ keçmişdəki təcrübəsinə əsaslanaraq Cənubi Qafqazda dəmir yolu şəbəkəsinin bərpasına yardım göstərə bilər: “Aİ "Şərq Tərəfdaşlığı” çərçivəsində Cənubi Qafqazda sabitliyə və rifaha töhfə verməlidir”.
Ermənistan artıq razılaşıb
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynov isə ABŞ-ın nüfuzlu Ceymstaun Fondunda dərc edilən məqaləsində qeyd edir ki, Nikol Paşinyanın MDB Dövlət Başçıları Şurasının iclasında regionda nəqliyyat əlaqələrinin açılması ilə bağlı çıxışı, əslində, Ermənistanın Zəngəzur dəhlizinin yaradılmasına razı olduğunu göstərir: "Ermənistan rəhbərliyi sərhədlərin, regional nəqliyyat marşrutlarının açılması sayəsində ölkənin fayda qazanacağını anlayır. Məsələn, bu ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan bildirib ki, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması nəticəsində Ermənistanın ümumdaxili məhsulu 2 il ərzində 30% artacaq. Ermənistan hökumətinin digər üzvləri, həmçinin baş nazir Nikol Paşinyan da bununla bağlı nikbindir”.