Son Xəbər:
Tarix: 18-08-2022, 14:26
Son günlər Fövqəlada Hallar Nazirliyinin (FHN) yüksək rütbəli zabitinin xidmət başında intim münasibətə yol verməsilə bağlı yayılan videolar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, dövlət idarəetmə orqanında bu cür hadisələrin yaşanması və ictimaiyyətdə yayılması toplumun tənqidinə səbəb olub.Mövzu ilə bağlı psixoloq İlahə Dadaşova Yenicag.az-a açıqlamasında bildirib ki, daşıdığı vəzifənin məsuliyyətini dərk etməyən insanlar dövlət orqanlarının nüfuzunu aşağı salır:
“Təbii ki, bir dövlət idarəetmə orqanında bu cür hadisənin yaşanması mənfi haldır. Cəmiyyətdə həmin dövlət orqanının nüfuzu və vətəndaşların inam dərəcəsi var. Sözügedən hadisə artıq FHN-ə olan etimadı azaldıb. Əslində, istənilən dövlət orqanının əməkdaşları öz səlahiyyətlərini dərk etməli və xoşagəlməz hallara yol verməməlidirlər. Bu, insanların dövlət orqanları ilə bağlı psixoloji fikirlərinə zərbə vurmamaq üçün də vacibdir. Məlum hadisələrin yaşanması dövlət orqanındakı müəyyən boşluqların mövcudluğundan xəbər verir. Ona görə də idarəetmə orqanlarında daxili təlimlərin çoxaldılması və maarrifləndirici işlərin həyata keçirilməsi zəruridir. Vəzifəsindən asılı olmayaraq, hər kəs bu təlimlərdə iştirak etməlidir. Məlum hadisənin yaşanmasında başlıca səbəb peşə etikasının dərk edilməməsinə bağlıdır”.Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu isə, öz növbəsində, bildirib ki, ölkəmizdə idarəetmədə qadınlar yüksək vəzifələrə irəli çəkilmir, aşağı ödənişli işlərdə çalışır, rəhbərləri tərəfindən cinsi təzyiqlərə və istismara məruz qalırlar:
“Heç şübhəsiz ki, FHN-nin polkovniki olan Zaur Mirzəyev orada və ya başqa orqanlarda yüksək vəzifədə çalışanların yaxın qohumlarından biridir. Belə olan halda, regional və qohumluq bağları dövləti vəzifələrdən sui-istifadə hallarını çoxaldır və onlar nəinki tərbiyəsizlikdən, hətta qanunsuz əməllərdən, cinayətlərdən sığortalanırlar. Azərbaycanda belə hadisələr dövlət idarəetmə orqanlarında geniş yayılıb. Onların hədsiz səlahiyyətləri, zəhmətsiz gəlirlərlə varlanması, rüşvət hesabına istənilən cinayətdən sığortalanması onların nəinki iş yerlərində, hətta ailədə də davranışlarına mənfi təsir edir və cəmiyyətin də əxalqını pozurlar.
Bu tip hadisələrin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında baş verməsi siyasi və hüquqi məsuliyyəti daha da artırır. Odur ki, bu hadisə ətrafında ictimai müzakələr davam etməli, qadınların hüquqlarının qorunması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir. Əks təqdirdə, bəzi mühafizəkar ailələr qızlarını dövlət işinə buraxmayacaq, həmin ailədə böyüyən qızlar üçün yalnız müəllim olmaq seçimi qalacaq. Ona görə də mədəni və şüurlu cəmiyyətlər əxlaqı yüngül insanların çoxalmasına və onların rəhbər orqanlarda, dövləti vəzifələrdə çalışmasına imkan verməməlidir”.