Tarix: 7-01-2023, 19:07
2022-ci ilin son günlərində Fransa BMT Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim etdiyi Azərbaycan əleyhinə yönəlmiş qərəzli sənədi geri çəkməli oldu. Qədim tarixə malik Fransa diplomatiyası nisbətən gənc, amma yetərincə iddialı Azərbaycan diplomatiyası qarşısında uğursuzluğa düçar oldu. Bu, təkcə fransız və erməni diplomatlarının deyil, ümumilikdə Emmanuel Makronun və dünya erməni diasporunun Azərbaycana qarşı apardıqları mübarizənin iflasa uğraması idi.
“Kaspi” qəzeti mövzu ilə bağlı yazı dərc edib. Məqalədə deyilir:
BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda sədri olan Fransa dekabrın 20-21-də Laçın yolundakı durumla bağlı müzakirələrdən dərhal sonra tamamilə ermənipərəst bəyanat layihəsi hazırlamışdı. Layihədə Laçın-Xankəndi yolundakı vəziyyət “humanitar fəlakət” kimi təqdim olunurdu. Lakin təxminən 10 günlük müzakirələrdən sonra həmin bəyanat layihəsi qəbul olunmadı. Azərbaycanın Təhlükəsizlik Şurasındakı dostlarının haqlı iradlardan, təklif etdikləri əlavə və düzəlişlərdən sonra Fransa tərəfi rəsmi şəkildə təklifini geri çəkdiyini açıqlamalı oldu. Beləliklə, Fransa diplomatiyasının Vətən müharibəsindən sonra Azərbaycan əleyhinə atdığı növbəti addım da fiaskoya uğradı. Obrazlı desək, Fransa bu dəfə də “bacı”sı Ermənistan üçün heç nə edə bilmədi.
Heç şübhəsiz ki, bu, rəsmi Bakının diplomatik uğurdur. Azərbaycanın beynəlxalq təşkilatlarda apardığı iş, dost dövlətlərlə qurduğu münasibətlər son nəticədə köməyimizə çatdı. Əldə edilən nəticə Azərbaycan diplomatiyasının gücü və ölkəmizin dünyadakı nüfuzunun göstəricisi kimi də xarakterizə oluna bilər.
Bu, Fransanın Azərbaycana qarşı üçüncü qərəzli cəhdi idi
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, dekabrın 30-da BMT Təhlükəsizlik Şurasında baş verənlər Azərbaycana qarşı hərəkətə keçən Fransa diplomatiyasının birinci iflası deyil: “İkinci Qarabağ savaşının gedişi zamanı da Fransa belə bir cəhd etdi, amma alınmadı. Bundan sonra Frankofoniya ölkələrinin sammitində, haradakı dominantlıq tam Fransadadır, belə cəhdlər edildi, amma yenə alınmadı. Dekabrda isə BMT Təhlükəsizlik Şurasında üçüncü cəhdlərini etdilər. Yenə də eyni reallıqla üzləşdilər. Təbii ki, bu, Azərbaycanın dünyadakı avtoritetinin göstəricisidir. Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatına uğurla rəhbərliyinin nəticəsidir. Çünki bir sıra hallarda Fransanın, öz adı ilə çağırmalı olsaq, bizə qarşı düşməncəsinə hərəkətlərinin qarşısının alınmasında Qoşulmama Hərəkatına üzv dövlətlər az rol oynamayıblar. Dekabrın 30-da ortaya qoyduqları mövqeyə görə Böyük Britaniya başda olmaqla bütün dövlətlərə böyük təşəkkür düşür”.
“Təəssüf ki, bu addımlar davamlı xarakter alacaq”
S.Alıyev vurğuladı ki, Fransanın bizə qarşı son hərəkətləri düşməncəsinə xarakter daşıyır: “Bu sadəcə Fransa prezidenti Makron və onun partiyası ilə bağlı məsələ deyil. Qarabağın Azərbaycandan qoparılması ilə bağlı beynəlxalq hüquqa zidd primitiv çağırışların arxasında kimlərin durduğuna baxsanız görəcəksiniz ki, bu, bütövlükdə Fransa siyasi isteblişmentinin ümumi fikridir. Bu fikir islamafobiyadan, türkiyəfobiyadan və Fransanın özünün yırtıcı mahiyyətindən qaynaqlanır. Biz son vaxtlar görürük ki, Fransa potensialı çatmasa da, dünyanın bölüşdürülməsi zamanlarında olduğu kimi indi də nəyi isə qamarlamağa cəhd edir. Onu da vurğulayım ki, Fransadakı hay diasporu təsiredici faktordan daha çox alət rolunda istifadə edilir. Yəni bir sıra hallarda məkrli Fransa diplomatiyası buradakı hay diasporunun arxasında gizlənərək Azərbaycana qarşı öz düşməncəsinə mövqeyini ortaya qoyur. Əslində “düşməncəsinə” ifadəsini bilərəkdən təkrar işlədirəm. Çünki II Qarabağ savaşı başlanandan üzü bəri Fransanın atdığı bütün addımlar ancaq ondan xəbər verir. Bunlar sistemli addımlardır”. Millət vəkili bildirdi ki, BMT Təhlükəsizlik Şurasındakı fiaskodan sonra Fransanın sakitləşəcəyini düşünmək doğru olmazdı: “Təəssüf ki, bu addımlar davamlı xarakter alacaq. Ona görə də biz buna hazır olmalıyıq. Fikrimcə, Azərbaycan da Fransaya qarşı adekvat addımlar atmalıdır. Fransanın zəif yerləri çoxdur, ərazi qarşıdurmasında olduğu bir sıra dövlətlər var. Bununla bağlı da biz həm parlament, həm də digər müstəvilərdə Fransa ilə üz-üzə olan dövlətlərə öz dəstəyimizi əsirgəməməliyik”.
“Fransa diplomatiyası uğursuzluğa düçar oldu”
Politoloq Əlimusa İbrahimov bildirdi ki, Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qəbul etdirmək istədiyi bəyanat uğursuzluqla nəticələndi: “Məhz Azərbaycanın apardığı diplomatik mübarizə Ermənistanın havadarının bu addımının qarşısını aldı. Qədim tarixə malik Fransa diplomatiyası nisbətən gənc, amma yetərincə iddialı Azərbaycan diplomatiyası qarşısında uğursuzluğa düçar oldu. Bu, təkcə fransız və erməni diplomatlarının Azərbaycana qarşı apardıqları mübarizənin iflasa uğraması deyil, həm də Fransa prezidenti Emmanuel Makronun və dünya erməni diaspor təşkilatlarının cılız vəziyyətə düşməsi anlamına gəlməlidir. Prezident İlham Əliyevin Azərbaycan dövlətinin siyasi və diplomatiya sahəsində bu nailiyyətlərini nəzərdə tutaraq Yeni il müraciətində qeyd etdiyi kimi, iki il əvvəl döyüş meydanında qazandığımız tarixi qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik”.
“2023-cü il diplomatlarımız üçün daha çətin sınaqlar ilidir”
Ə.İbrahimov qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasında diplomatlarımızın qələbəsi 2022-ci ildə əldə etdiyimiz sonuncu qələbə idi: “Buna qədər də bizim il boyu diplomatik uğurlarımız yetərincə olub. Diplomatlarımızın əldə etdikləri bu nailiyyətlər bizi 2023-cü ildə daha ciddi işləməyə stimullaşdırır. Qarşımızda daha ciddi və çətin məsələlər durur. Hesab edirəm ki, 2023-cü il diplomatlarımız üçün daha çətin sınaqlar ilidir. Amma inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında onlar hər zaman olduğu kimi 2023-cü ildə də qarşılarına qoyulan vəzifələrin öhdəsindən uğurla gələcəklər”.