Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Pandemiyanın unutdurduğu Suriya: Silahlar sussa da, diplomatiya işindədir - TƏHLİL

Pandemiyanın unutdurduğu Suriya: Silahlar sussa da, diplomatiya işindədir - TƏHLİL

Tarix: 16-04-2020, 16:57

Hazırda nisbi sabitlik yaranan yeganə münaqişə bölgəsi Suriyadır. Dünyanın başı pandemiya ilə mübarizəyə qarışdığı bir vaxtda Suriyada silahlar, demək olar ki, susub. Hətta qonşu İraqda terror aktları baş versə də, Suriyada ötən bir ayda diqqət çəkəcək sabitlik qeydə alınıb.
Xırda sayıla biləcək toqquşmalar, İdlibdə Türkiyə və Rusiya hərbi polisinə daşlı hücumlar, eləcə də İsrailin ara-sıra hava zərbələri nəzərə alınmazsa, Suriyada münaqişənin dayandığını demək olar.
Ötən ay doqquz ili tamam olan Suriya münaqişəsində bu günə qədər 400 min nəfərdən çox insanın öldüyü, on minlərlə insanın yaralandığı və şikəst olduğu bilinir. 11 milyon suriyalı isə qaçqın vəziyyətindədir. Bunların beş milyondan çoxu ölkə xaricindədir. Yeri gəlmişkən, 2020-ci ilin martı Suriyada münaqişə dövründə ən az mülki insanın öldüyü ay kimi tarixə düşüb.
Doğrudur, Suriyada bu sabitliyin yaranmasında Rusiya və Türkiyə prezidentlərinin martın 5-də Moskvada əldə etdikləri İdlib razılaşmasının da rolu var. Əvvəlki razılaşmalardan fərqli olaraq, bu müqavilə daha işlək oldu və hazırda Türkiyə ilə Rusiya hərbi polisi İdlibdə birgə patrul həyata keçirir.
Aprelin 15-də Rusiya və Türkiyə hərbi polisi İdlibdə sayca dördüncü birgə patrulu həyata keçirib. Patrul, əsasən, Hələb-Laziqiyyə şəhərlərini birləşdirən M-4 magistralı üzərində baş tutub.
Rəsmi məlumata görə, Suriyada bu günə qədər 33 nəfər koronavirusa yoluxub. Onlardan ikisi dünyasını dəyişib, beş nəfər sağalıb. Bu rəqəmlər Suriya hakimiyyətinin nəzarət etdiyi ərazilərə aiddir. Dünyaya səpələnmiş beş milyondan çox suriyalı qaçqının nə qədərinin virusa yoluxduğu, neçəsinin öldüyü dəqiq bilinmir.
Beynəlxalq təşkilatların ehtimalına görə, əgər virus Suriyada yayılsa, bu, böyük fəlakətə çevrilə bilər. Çünki ölkə doqquz ildən çoxdur müharibədədir, 25 min çarpayısı olan ümumi səhiyyə sisteminin texniki imkanları aşağıdır. Xüsusən də, embarqolar səbəbindən süni tənəffüs aparatlarını almaq mümkün deyil.
Yeri gəlmişkən, Suriya hökuməti ölkə ərazisində karantin tədbirləri həyata keçirir. Hökumət vilayətlər arasında səyahəti mayın 2-dək dayandırıb. Bundan başqa, Suriyanın şimalında Türkiyə ordusu tərəfindən kürdlərdən azad edilmiş Tel Abyad rayonunda koronavirusun yayılmaması üçün 60 yaşdan yuxarı və 18 yaşdan aşağı insanların küçələrə çıxması qadağan edilib.
Lakin silahlar sussa da, pandemiya diplomatiyanın əl-qolunu bağlamayıb. Suriyanın gələcək taleyi, xüsusən də ölkənin şimalındakı ərazilərin aqibəti ilə bağlı böyük dövlətlər arasında müzakirələr davam edir. Söhbət Suriyanın şimal-şərq rayonlarının, o cümlədən kürdlərin (Suriya Demokratik Qüvvələri koalisiyası – R.Q.) nəzarətində olan ərazilərin, Deyr əz-Zor vilayətinin taleyindən gedir. Hansı ki, şərti olaraq Fəratın şərq sahilləri adlanır.
Mediada yer alan məlumatlara əsasən, hazırda Fəratın şərq sahilinin taleyi ABŞ, Türkiyə və Rusiya arasında üçtərəfli danışıqların əsas predmetidir. Məlum olduğu kimi, ötən ilin oktyabrında Türkiyə milli təhlükəsizliyi üçün təhdid yaratdığını əsas gətirərək, Suriyanın şimalında “Barış Pınarı” əməliyyatını həyata keçirib. Bu əməliyyatdan sonra ABŞ qüvvələri nisbətən cənuba çəkildi və sərhəd ərazilərinin bir qismi Türkiyə ordusu və müttəfiq müxalifət qüvvələrinin nəzarətinə keçdi.
Eyni zamanda, bu əməliyyatın gedişində Türkiyə ordusuna müqavimət göstərə bilməyən kürdlər Rusiya və Suriya hökumətləri ilə danışaraq, Raqqa, Münbiç və Hasake kimi rayonları Suriya və Rusiya qüvvələrinə təhvil verdi. Bu səbəbdən də, hazırda Fəratın şərq sahilində hər üç dövlətin hərbi gücü mövcuddur.
Həmin bölgənin bu qədər diqqət cəlb etməsinin bir neçə səbəbi var. Əvvəla, Suriya neftinin və qazının əsas hissəsi məhz bu rayonda istehsal olunur. 2018-ci ilin fevralında məhz Deyr əz-Zordakı qaz istehsalı zavodunu ələ keçirmək istəyən “Vagner” döyüşçüləri ABŞ ordusunun sərt müdaxiləsi ilə ağır itki vermişdi. Deyr əz-Zorda əsas yataqlar “Şadadi” və “Ömər”dir.
Doğrudur, ötən il ABŞ prezidenti bildirdi ki, onların Suriya neftinə ehtiyacı yoxdur. Buradan daxil olan gəlir, əsasən, SDQ-nin saxlanmasına xərclənəcək. Həqiqətən də, münaqişəyə qədər maksimum 400 min barel gündəlik hasilata malik Suriya neft sənayesi hazırda gündəlik 28 min barellə cüzi sayılacaq səviyyədədir. Lakin ABŞ kimi dövlət üçün olmasa da, kürd qüvvələri üçün bu rəqəm heç də az deyil. Üstəlik, sözügedən rayonda qaz ehtiyatları da var.
Deyr əz-Zorun daha bir əhəmiyyətli tərəfi onun strateji mövqeyidir. Suriyanın bu vilayəti İraqla sərhəddə yerləşir və ABŞ üçün mühüm strateji əhəmiyyətə malikdir. Çünki Suriya və İraqı birləşdirən əsas magistral bu vilayətdən keçir və İranın Suriya ilə quru əlaqəsi buradan təmin olunur. Bu səbəbdən də, vaxtaşırı olaraq ABŞ və İsrail aviasiyası Deyr əz-Zorun sərhəd məntəqələrindəki, İran qüvvələrinin yerləşdiyi bazaları bombalayır.
Türkiyə üçün isə Suriyanın şimal-şərqi, əsasən, kürd terror təşkilatları təhlükəsinə görə mühüm əhəmiyyət daşıyır. Çünki PKK-nın Suriya qolu hesab olunan PYD/YPG məhz burada möhkəmlənib. Ankarada hesab edirlər ki, əgər PYD siyasi rəsmiyyət qazana bilsə, o zaman Türkiyənin təhlükəsizliyi üçün ciddi təhdid yaradacaq.
Rusiya isə Fəratın şərq sahilində təsir gücünü artırmaq, Suriya hökumətinin ölkə sərhədlərinə nəzarətini əldə etməsinə çalışır. Həmçinin, söhbət həm də Suriya neftinə nəzarətdən gedir. Rusiya Suriya neftinin yenidən hökumətin nəzarətinə keçməsi və ölkənin bərpasına cəlb olunmasına çalışır. Əlbəttə, bu, yalnız Türkiyənin əli ilə mümkündür.
Yaranmış vəziyyətdən ən çox narahat olan kürdlərdir. Kürd mediasının iddiasına görə, Türkiyə və Rusiya arasında Deyr əz-Zor əməliyyatı ilə bağlı gizli razılaşma əldə olunub. Razılaşmaya əsasən, M-4 yolunun tamamilə açılması, yolun cənub hissəsinin Suriya ordusuna verilməsi qarşılığında Moskva Ankaranın Deyr əz-Zorda əməliyyat keçirməsinə yaşıl işıq yandıracaq.
ABŞ ordusu ötən ilin oktyabrında qüvvələrini şimaldan cənuba – Deyr əz-Zorun əsasən neftli və sərhəd bölgələrinə çəkib. Amerikalıların bu bölgədən yuxarıda qeyd olunan iki əsas səbəbə görə çəkilməsi real deyil. Ancaq 20 milyard dollar büdcəsi olan Suriya əməliyyatları perspektivdə ciddi mənfəət vəd etmədiyi üçün ABŞ Prezidenti Tramp üçün cəlbedici görünmür. Bu səbəbdən də, Tramp indi əsas qırmızı xətləri qorumaq şərti ilə Türkiyə və Rusiya ilə anlaşmağa meyillidir. Əsas xətt isə kürdlərin varlıqlarını qoruyub saxlaması və İranın bu ərazidən istifadəsinə imkan verilməməsidir. Bu məsələdə Türkiyə və Rusiyanın ABŞ-la maraqları üst-üstə düşür.
Məsələ ondadır ki, Türkiyə və İran arasında gərginlik ötən il “Barış Pınarı” hərəkatı zamanı ortaya çıxıb. Hətta İranın dəstəklədiyi qüvvələrlə Türkiyə ordusu arasında toqquşma baş vermişdi. Oxşar vəziyyət İdlib əməliyyatında da yarandı. Rusiya da İranın Suriyada güclənməsində maraqlı deyil. Baxmayaraq ki, İranın sahə qüvvələri Suriyadakı əməliyyatlarda Rusiya üçün əvəzedilməz köməkdir.
Lakin indi münaqişə başa çatır və İranın daha da güclənməsi Rusiya üçün də əlverişli deyil. Üstəlik, İsrail də İranın Suriyada güclənməməsi üçün Rusiya ilə aktiv təmasdadır. Bu faktorlar üç ölkənin Suriyanın şimalında hansısa formada dil tapmasını asanlaşdıra bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR