Son Xəbər:
Tarix: 12-08-2025, 17:43
Rusiya hələ də keçmiş sovet respublikalarına, sosialist düşərgəsindən olanlara bərabərhüquqlu tərəfdaş və dövlət olaraq yanaşa bilmir. Onlara ənənəvi ağalıq, “böyük qardaşlıq” etməyə çalışır...
Rusiyanın son zamanlar Azərbaycana və azərbaycanlılara qarşı etdiyi təzyiqlər bu ölkənin imperiyalist xislətindən əl çəkmədiyini göstərir. Azərbaycanın öz ordusunun gücü ilə torpaqlarını işğaldan azad etməsi, Qarabağ bölgəsində erməni separatçılığının kökünü kəsməsi, bölgədə sülh gündəliyini müəyyən etməsi, Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, AZAL-a məxsus mülki təyyarənin vurulmasına görə Rusiyadan üzrxahlıq tələb etməsi və, ən əsası, rəsmi Bakının müstəqil xarici siyasət yürütməsi Moskvanın narazılığına səbəb olub.
Federasiyada müxtəlif səviyyədə Azərbaycana qarşı təbliğat aparılır, elan olunmayan sanksiyalar tətbiq edilir, bu ölkədəki azərbaycanlı diaspor nümayəndələri şərlənir, rəsmi olmayan məlumatlara görə, onlara qarşı güc strukturları reketlik yolu ilə böyük məbləğdə pul tələb edilər və s.
Azərbaycanlı iş adamlarına qarşı hücumlar da bu qəbildəndir.
Bu günlərdə RF bir az da qabağa gedərək SOCAR-ın Ukraynadakı neft bazasına, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına zərbələr endirməklə bütün beynəlxalq prinsipləri və müharibə qanunlarını pozub.
Vaxtilə keçmiş SSRİ-nin bayrağı altında Moskva çar Rusiyasından qalma ərazilərdə müstəmləkəçilik siyasətini davam etdirirdi. Lakin böhranlı iqtisadi vəziyyət, hakimiyyətin zəifləməsi, ölkənin "velikorus" şovinizmi düşüncəsi ilə idarə edilməsi, “müttəfiq” respublikalara “müstəmləkə” kimi baxılması və başqa bu kimi amillər sovet vətəndaşlarının ittifaq dövlətinə qarşı çıxışlarına səbəb olan amillərdəndir.
Azərbaycan, Gürcüstan, Moldovada münaqişə ocaqları yaratmaq, Özbəkistanda ahıska türkləri ilə özbəklər arasında qardaş qırğını təşkil etmək, habelə 1986-cı il dekabrın 16-da Qazaxıstanın Almatı şəhərində, 1989-cu il mayın 9-da Gürcüstanda, 1990-cı il yanvarın 20-də Azərbaycanın Bakı, Lənkəran, Neftçala şəhərlərində dinc aksiya iştirakçılarının sovet ordusu tərəfindən qırğına məruz qalması Kremldən, mərkəzdənqaçmanı gücləndirən hadisələr sayılır.
Bu, sovetlərin dağılmasında dönüş idi. SSRİ yaratdığı vəziyyətin quyusuna düşdü. Onu bu haldan varisi Rusiya çıxarmağa səy göstərdi. O da keçmiş müstəmləkə dövlətlərə çar Rusiyası və SSRİ-dən qalma metodla yanaşmağa başladı. Respublikalardakı münaqişələrin həlinə yardım etməkdənsə, status-kvonun qalmasına çalışdı. Bu azmış kimi, onların ərazilərində “müstəqil dövlətlər” adı altında separatçı rejimlər yaratmağa başladı. Azərbaycanda “DQR”, Gürcüstanda “Cənubi Osetiya” və “Abxaziya” “respublikaları”, Moldovada “Dnestryanı” yaratmaqla onların ərazi bütövlüyü və suverenliyini pozdu.
2008-ci ilin avqustunda Gürcüstana hücum etməklə Rusiya “Cənubi Osetiya”, “Abxaziya” məsələlərində özünü və hədəfini bir daha göstərdi.
Məsələn, vaxtilə Azərbaycan KTMT-nin üzvü olub. Ancaq təşkilat ovaxtkı Ermənistanla münaqişənin həllinə yardım edə bilmədiyi üçün oranı tərk edib. İndi də Ermənistan onun tədbirlərini boykot etmək yolunu tutub. Ukrayna, Gürcüstan, Moldova MDB və KTMT üzvlüyündən çoxdan çıxıblar. Bu, həm də sovetlərin mirası Rusiyadan imtina idi.
2014-cü ildə Rusiya Ukraynanın daxil işinə müdaxilə etməyə başladı. 2022-ci il fevralın 24-də isə Ukraynaya qarşı elan olunmamış müharibəyə başladı. Heç şübhəsiz, hədəf münaqişə yaratmaqla ölkəni zəiflətmək, onun Qərbə inteqrasiya yolunu bağlamaqdır. Rusiya bu münaqişədə aparıcıdır. Özü döyüşür.
İndiki Rusiyanın nəzarəti altında olmaq çox təhlükəlidir. Odur ki, keçmiş müttəfiq respublikaları, indiki müstəqil dövlətləri SSRİ-dən qaçmağa vadar edən şərtlər indi də Rusiyadan uzaqlaşmağa səbəb olur.(Report)