Son Xəbər:
Tarix: 23-07-2020, 10:20
2009-cu ildən etibarən ölkədə orta ümumtəhsil məktəblərində çalışmaq üçün müəllimlərin işə qəbulu (MİQ) mərkəzləşmiş qaydada həyata keçirilir. Bu, ilk növbədə Bakı şəhərində keçirildi. İmtahan içtirakçılarına 35 test tapşırığı təqdim edilirdi. Bu zaman müəllimlərin ancaq ixtisas üzrə bilikləri yoxlanılırdı.
2011-ci ildən etibarən isə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən bütün ölkə ərazisi üzrə mərkəzləşdirilmiş qaydada həyata keçirilməyə başladı. Bu zaman imtahanda iştirakçıların ixtisas və məntiq üzrə bilikləri yoxlanılırdı. Bundan sonra isə bir qədər təkmilləşdirilmə həyata keçirilərək imtahan iştirakçılarının kurikulum bilikləri də yoxlanılmağa başlandı.
Lakin imtahanda iştirak edəcək müəllimlər arasında fikir ayrılığı var. Belə ki, bir çox müəllimin fikrincə, kurikulumdan imtahan ya ləğv edilməlidir ya da vahid material və onun əsasında test nümunələri olmalıdır. Həmsöhbət olduğumuz müəllimlər bildirirlər ki, hər il proqramda dəyişikliklər olur. Təhsil Nazirliyi tərəfindən vahid material və onun əsasında test nümunələrinin olmaması hərc-mərcliyə səbəb olur.
Problemi AYNA-ya şərh edən təhsil eksperti Kamran Əsədov deyir ki, kurikulumla bağlı məsələ həmişə mübahisəli olub: “Orta ümümtəhsil məktəblərində işləmək hüququna malik olan şəxslər orta ixtisas təhsili müəssisələrində və ya ali təhsil müəssisələrində pedoqoji ixtisasları oxumuş şəxslərdir. Bu şəxslər tədrisin necə aparılması, sinfin idarə edilməsi kimi müəyyən biliklərə malik olurlar. Lakin bizim orta ümumtəhsil məktəblərində müəllimlərdə yoxlamalı olduğumuz kompetensiya daha çox onların ixtisas bilikləri ilə bağlıdır. 2014-2017-ci illərdə Təhsil Nazirliyi orta ümumtəhsil məktələrində çalışan 151 min müəllimin diaqnostik qiymətləndirməsini aparmışdı. Məlum olmuşdu ki, müəllimlərimizin 45%-i öz ixtisası üzrə zəif biliklərə malikdir. Məhz bu, onu deməyə əsas verir ki, biz müəllimlərdə daha çox ixtisası üzrə biliklərin formalaşdırılmasını həyata keçirməliyik, bundan sonrakı proseslərdə digər kompetensiyalar formalaşdırıla bilər”.
Ekspert ən vacib məqamın müəllimlərin işə qəbulu imtahanında kurikulum fənnindən təqdim edilən test tapşırıqları ilə bağlı olduğunu vurğulayır: “Kurikulum dövlət sənədidir. Və bir çoxları dünyada olan nəzəriyyələri kitablara gətirirlər. Bu, düzgün yanaşma tərzi deyil. Hazırda vahid dərsliyin olmaması, eyni zamanda test bankında vahidliyin və varisliyin qorunmaması, digər tərəfdən test imtahanlarında yoxlanılan informasiyanın orta ümumtəhsil məktəblərində müəllim işləmək üçün faydalı olmaması onu deməyə imkan verir ki, bəli, müəllimlərin işə qəbul imtahanında kurikulumdan test tapşırıqları olmamalıdır. Siz hansısa dövlət sənədini və ya məktəbşünaslıqla bağlı sənədlərin aparılmasını yoxlaya bilərsiniz. Lakin Avropada olan hansısa nəzəriyyənin müəllim üçün əhəmiyyəti yoxdur. Buna görə ən vacib məqamı qeyd edim ki, biz müəllimlərdə zəruri olan bilikləri daha çox formalaşdırmalıyıq. Bu da ixtisas üzrə biliklərdir”.
Məntiq fənnindən imtahan edilməsi məsələsinə də toxunan K.Əsədovun sözlərinə görə, məntiqdən insanların riyazi bilikləri yoxlanır, amma heç də imtahan iştirakçılarının hamısı riyaziyyat üzrə mütəxəssis deyil: “Və həmin test tapşırıqları o ixtisasları bitirənlər üçün daha asandır, onlar da daha yüksək nəticə göstərə bilirlər. Digər humanitar ixtisasları bitirənlər isə məntiqdən test tapşırıqlarını zəif cavablayırlar. Bu, eyni zamanda kurikuluma da aiddir. Nəzərə alaq ki, pedaqoji ixtisasların hamısında kurikulum yaxşı tədris edilmir. Buna görə düşünürəm ki, şəffaflıq və ədalətin qorunması üçün MİQ imtahanında kurikulumdan test tapşırıqları salınmamalıdır”.
Ekspert MİQ imtahanları ilə bağlı bəzi xoşagəlməz məqamlardan da danışıb: “Aldığımız xoşagəlməz informasiyalara görə, bəzi hallarda kurikulumdan test tapşırıqları təqdim edən müəllimlər həmin test tapşırıqlarını bu və ya digər formada özlərinin hazırlaşdırdıqları şəxslərə verirlər. Və ya hansısa dərsliyi Təhsil Nazirliyi prioritet götürərək oradan test tapşırıqlarının hazırlanmasında istifadə edir. Bu da həmin vəsaitdən istifadə etməyən və ya həmin şəxsin yanına hazırlığa gəlməyən digər şəxslər üçün ədalət prinsipini ciddi şəkildə pozur. Mən hesab edirəm ki, bunları nəzərə alaraq biz imthan ixştirakçılarının yalnız ixtisas biliklərini yoxlamalıyıq. Hazırda bizə öz ixtisasını mükəmməl bilən müəllimlər lazımdır. Digər kompitensiyalara malik müəllimlər onsuz da ali təhsil müəssisələrində formalaşdırılır və yetişdirilir”. //AYNA.AZ//