Son Xəbər: Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ, Büdcə müzakirələr başladı - Əli Əsədov parlamentə GƏLDİ, Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək, “Brent” neftin qiyməti UCUZLAŞDI, Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib,

Vəzifəlilər toy edirsə, deməli, QADAĞA GÖTÜRÜLÜR? - “Məhərrəmlik başlayıb, qadağa qaldırılsa da, heç kəs toy etməyəcək”

Vəzifəlilər toy edirsə, deməli, QADAĞA GÖTÜRÜLÜR? - “Məhərrəmlik başlayıb, qadağa qaldırılsa da, heç kəs toy etməyəcək”

Tarix: 22-08-2020, 11:10

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koronavirus pandemiyasına görə ölkədə mart ayından etibarən təntənəli toy-nişan mərasimlərinin keçirilməsi qadağan edilib. Buna baxmayaraq qaydanı pozanlar, övladına toy-nişan mərasimi keçirmək istəyən xeyli valideynlər oldu və bu faktlar hələ də davam edir.

Maraqlıdır ki, karantin qaydalarına zidd hərəkət edənlər arasında məşhurlar, hətta vəzifəli şəxslər, siyasətçilər də var. Məsələn, bu günlərdə bəzi mətbuat orqanlarında millət vəkili Hadi Rəcəblinin təmtəraqlı şəkildə nəvəsinə toy etdiyi haqda məlumatlar yayıldı. Məlumatda bildirilirdi ki, deputatın 2 il nişanlı olan nəvəsinin toyunda 150 nəfərdən çox qonaq iştirak edib. Mərasimdə Xalq artisti Emin Ağalarovun da iştirak etdiyi deyilirdi.

Məsələ ilə bağlı Rəcəbli ailəsindən modern.az saytına bildirilib ki, toy mərasiminin keçirilməsi barədə yayılanlar doğru deyil: “Dünən ”ASAN Xidmət"də Hadi Rəcəblinin nəvəsi - oğlunun qızı Məhin Rəcəblinin nikah mərasimi olub. Nikah 15:30-da bağlanıb. Gənclər rəsmi nikaha girdikdən sonra bunu dəniz kənarında - açıq havadakı restoranda 7-8 nəfərlə birgə qeyd ediblər. Mərasimdə ancaq gənclər olub. 150 nəfərin iştirakı barədə deyilənlər yalandır".

Yaxınlarının verdiyi məlumata görə, mərasim “Sea Breeze” restoranında təşkil edilib: “Nikah mərasimində tanınmış müğənni, Xalq artisti Emin Ağalarov da iştirak edib. Amma nə Hadi Rəcəblinin özü, nə də digər ailə üzvləri mərasimdə iştirak edib”.

Xatırladaq ki, “Sea Breeze” restoranının sahibi Xalq artisti, müğənni Emin Ağalarovdur. Xalq artisti qalmaqallı toy məsələsinə münasibət bildirib. O, heç bir toydan söhbət gedə bilmədiyini diqqətə çatdırıb: “Bu gün Azərbaycan mətbuatında ”Sea Breeze"də toy keçiriləcəyi barədə məlumatlar yayılıb. Mən hər kəsi əmin edirəm ki, bu, belə deyil. Restoranın terrası 6 nəfər üçün nəzərdə tutulub, karantin qaydalarına tam əməl olunur, hovuz fəaliyyət göstərmir, ara məsafəsini saxlamaqla dəniz fəaliyyətinə icazə var, toydan isə söhbət gedə bilməz".

Bu xəbərin ardınca isə Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin də nəvəsinə təmtəraqlı toy mərasimi keçirdiyi məlum oldu.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Avqustun 18-də bağ evində keçirilən mərasimdə yalnız qohumlar və ailənin yaxın dostları iştirak edib. Videodan görünür ki, ofisiant maska taxsa da, qonaqlar heç bir qoruyucu vasitədən istifadə etməyiblər.

Qeyd edək ki, bu xəbərlər həm mətbuatda, həm də sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Əksəriyyət “vəzifəli şəxslərə olar, amma adi vətəndaşlara yox?” deyə etirazlarını bildiriblər. Bəzilərinin isə ehtimalına görə əgər vəzifəli şəxslər toy mərasimləri keçirirsə, deməli tezliklə toy-nişan mərasimləri ilə bağlı qadağa aradan qaldırıla bilər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışaraq, məsələyə bu cür mövqe bildirdi: “Əslində əgər toy mərasimi keçirmək mümkündürsə, bu hamı üçün olmalıdır. Yəni qadağa da, azadlıq da hər kəs üçün eyni təşkil edilməlidir. Qeyd edim ki, biz həkimlər heyəti olaraq ilk gündən təklif etmişdik ki, toy-nişan, yas məclislərinin keçirilməsi ilə bağlı təlimatlar hazırlanmalıdır. Bu təlimatlar əsasında da mərasimlər keçirilməlidir. Axı nə qədər toy-nişan mərasimlərini təxirə salmaq olar? Toy mərasimləri də nəsil artırılması ilə bağlı məsələdir. Ona görə də toyların olması vacibdir. Çünki təxminən 18 ildən sonra orduya əsgər lazım olacaq, demoqrafik məsələlər var və sairə. Bir daha qeyd edirəm ki, toy-nişan mərasimləri artıq keçirilməlidir, lakin müəyyən bir formatda. Xatırladım ki, həkim heyəti olaraq Operativ Qərargaha bu barədə təkliflər versək də, bir nəticəsi olmadı. Ona da bildirmişdik ki, karantin qaydaları ilə bağlı qərarlar sərt olsun. ”Evdə qal" karantini isə birdəfəlik ləğv olunsun. Çox təəssüf ki, bütün bunlar nəzərə alınmadı. İnsanlar həmişə ədalətsizliyə etiraz edir. Deməli kim ki, vəzifədədir, ondan sui-istifadə edə bilər, amma adi vətəndaş kənarda qalır. Ona görə də çalışmaq lazımdır ki, hər kəsə eyni gözlə yanaşsınlar".

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd edib: “Düşünməliyik ki, karantin məsələsini uzatmaq olmaz. Karantin insanlara həm iqtisadi, həm də psixoloji zərbələr vurur, həm də ölkədəki həyatı dondurur. Ona görə də biz karantinlə davam edə bilməyəcəyik. Bizim bir nömrəli məsələmiz insanların davranışlarını formalaşdırmaq, buna hazırlamaqdır. Əhali bilməlidir ki, virus dövründə necə yaşamalıdır. Yəni nə cür davranış etməlidirlər ki, qorunsunlar. Əslində bu istiqamətdə işlər getməli, maarifləndirmə aparılmalı, ölkədə ictimai qınağın artırılmasına çalışmaq lazım idi. Koronavirus elə bir şey deyil ki, hansısa siyasi yolla və yaxud dua oxumaqla biz ondan uzaqlaşa bilək. Bu virus çılpaqlığı ilə bizimlə üz-üzə dayanıb. Ona görə də bu istiqamətdə çalışmaq lazımdır.

On gündən sonra Aşura günü keçiriləcək, insanlar da bu günü keçirməyə çalışacaq. Din xadimləri borcludurlar ki, təcili olaraq mərasimi necə keçirməklə bağlı xalqa tövsiyələr versinlər. Lakin müşahidə edirik ki, bu sahədə iş getmir və məni bir sosioloq olaraq, çox ağrıdır. Biz əhaliyə kömək etmədən, onu öyrətmədən deyirik ki, “filan şey təhlükəlidir” və sairə. Əgər əhali qaydalara əməl etmirsə, onun səbəbini öyrənməliyik. O ki qaldı toylarla bağlı qadağaya, onsuz da artıq Məhərrəm ayı başlayıb, qadağa qaldırılsa da heç kəs toy etməyəcək. Lap etmək istəyən olsa da toya gedən olmayacaq. Amma indiki halda toyların keçirilib-keçirilməməsi ilə bağlı məsələni müzakirə etməkdənsə, bir daha qeyd edirəm, insanları karantin qaydaları ilə bağlı maarifləndirmək lazımdır".
“Yeni Müsavat”





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR