Son Xəbər:
Tarix: 25-09-2020, 09:38
Ölkədə böyük vətən müharibəsi müzakirələri gedir. Mediada və cəmiyyətdə müharibə ideologiyası günbəgün genişlənir. Görünən budur ki, xalqımız vətən uğrunda savaşmağa hazırdır. Bu nəticəni əldə etmək, xalqı döyüşə hazırlamaq üçün bəzən dövlətə illərlə təbliğat aparmaq, iş görmək lazım gəlir. Azərbaycan nümunəsində isə görünən budur ki, hətta xalq özü müharibə tələb edir, dövlətdən də, bütün siyasi düşərgələrdən də. 14 iyul 2020-ci ildəki Bakı yürüşü buna əyani sübutdur.
Qürurverici budur ki, dövlətimiz də qardaş Türkiyə ilə əl-ələ verərək, bu savaşa hazırlığnı aparmaqdadır. Sərhədyanı kəndlərdə də, Qarabağ cəbhəsi boyunca da əhali hər an baş verəcək Vətən savaşına müqəddəs hadisənin yaxınlaşması kimi baxır. Paralel olaraq ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində davamlı olaraq təlimlər davam edir. Naxçıvandakı komanda-qərargah təlimlərinin, həmçinin Azərbaycan Ordusunun tank qoşunlarının atəş təlimlərinin ardınca artilleriya işə salındı, dünən isə gecə təlimləri keçirilib. Təhlilçilərin fikrincə, Dağlıq Qarabağı və işğal altındakı digər torpaqları azad etmək üçün unikal bir fürsət yaranıb. Həm daxili, həm hərbi, həm də xarici faktor və amillər Azərbaycana öz ərazilərini təmizləmək üçün hərbi əməliyyatlara başlamaq fürsəti yaradıb. Fikrimizcə, son 25 ildə bu cür unikal fürsət heç zaman olmayıb. Əminik ki, Azərbaycan dövləti, Ali Baş Komandan bu unikal imkanı dəyərləndirir və ən qısa zamanda gərəkən addımlar atılacaq.
Ancaq təhlükəli perspektivlər də diqqətdən kənarda qalmamalıdır ki, başladılan bu, müqəddəs iş qalibiyyətlə, daha az itkilərlə sona çatdırılsın. Odur ki, cəmiyyəti düşündürən suallara cavab tapılmalıdır. Ali Baş Komandanın “VUR” əmrindən sonra Ermənistan və Rusiya ittifaqı necə davranacaq? Ermənistan-Azərbaycan müharibəsi başlayarsa, “Rus NATO”su hərəkətə keçə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmi işə düşə bilərmi? Düzdür, Tovuz döyüşlərində Ermənistan bu təzyiq rıçağından istifadə edə bilmədi. Belə ki, düşmən ölkənin müraciətinə rəğmən, hətta KTMT-nin təcili toplantısını keçirmək belə, mümkün olmadı. Ancaq bu, bizi arxayınlaşdırmamalıdır. Hər halda, unutmamalıyıq ki, Tovuz döyüşlərində Ermənistana bir sıra ölkələrdən, o cümlədən Rusiyadan hərbi təyinatlı yüklər daşınmışdı ki, bu fakt Azərbaycan prezidenti tərəfindən də şəxsən Rusiya prezidentinin diqqətinə çatdırıldı, etiraz ifadə olundu. Odur ki, növbəti sual ortaya çıxır: Azərbaycan illərdir bizə mane olan Rusiya amilini necə həll etməlidir? Bəzi ehtimallara görə, artıq Rusiya maneəsi aradan qaldırılıb. Əslində bu yanaşmada müəyyən qədər məntiq var: savaşla bağlı bu qədər qətiyyətli hazırlıqlar varsa, bəlkə də artıq Rusiya ilə bağlı hansısa anlaşmalar mövcuddur.
Maraqlıdır ki, rusiyalı ekspertlər də bu mövzu üzərində baş sındırmaqdadır. “Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar mümkündür. Amma Rusiyanın birbaşa hərbi müdaxiləsi olmayacaq”. Bu barədə Axar.az-a politoloq, “Arxont” jurnalının baş redaktoru Anton Bredixin deyib. O qeyd edib ki, Qarabağ və ətraf rayonlar Ermənistanın ərazisi deyil, bu da hərbi münaqişənin KTMT ölkələrinin iştirakına səbəb olmayacağı anlamına gəlir: “Biz Türkiyənin Azərbaycana ardıcıl və birbaşa dəstəyini görmüşük. Onlar birgə təlimlər keçirib. Rusiya ilə Azərbaycan strateji müttəfiqlərdir. Bununla yanaşı, hazırda erməni hərbçiləri Qafqaz-2020 təlimlərində iştirak edir. Paşinyan isə Rusiyanın siyasi müttəfiqi deyil. Bu o deməkdir ki, Bakı-İrəvan xətti boyunca hərbi qarşıdurma Ermənistanın özündə siyasi qüvvələr nisbətinə tam təsir göstərə bilər. Məğlubiyyətin qaçılmaz olacağı təqdirdə isə Ermənistan hakimiyyəti küçə və ”rəngli inqilab" yolu ilə Nikol Paşinyanı hakimiyyətə gətirən öz adamları tərəfindən devriləcək". Hər halda, Paşinyanın devrilməsi yalnız Rusiya hakimiyyətinin işinə yaraya bilər, Qarabağla bağlı vəziyyət isə dəyişməyəcək. Çünki Qarabağ torpaqlarını işğaldan azad etməyə qərar verən heç bir hakimiyyət Ermənistanda duruş gətirə bilməz, bunu ötən onilliklərin təcribəsi də deyir. Deməli, yenə də əsas məsələnin üzərinə qayıtmış oluruq - xarici təhdidləri neytrallaşdırıb, torpaqlarımızı azad etməliyik!
Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, müharibə ilə bağlı çağırışlar Azərbaycanda gerçək bir əhval-ruhiyyəni göstərir: “Ordumuzun hazırlıq səviyyəsi çox yüksəkdir. Qalır mülki vətəndaşların hazırlığı, müdafiə səngərlərinin və sığınacaqlarının yüksək səviyyədə qurulması, silahdan istifadə qaydalarının total şəkildə öyrədilməsi kimi məsələlərə diqqət ayırılması, bu sahədə də lazımi işlər görülür”. Xarici güclərin torpaqlarımızın azad olunması əməliyyatlarına hansı münasibət göstərəcəyinə gəldikdə, F.Mustafa bunları bildirdi: “Başqa dövlətlərin nə düşündüyü ilə hesablaşmalı olsaq, o halda hər bir dövrdə bir tormozlayıcı vasitə tapılacaqdır. Odur ki, öz gücümüzə inanaraq real addımlar atmalıyıq”.
Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a dedi ki, müharibəni aparanlar həmişə ordulardır, amma qərarı verənlər siyasilərdir: “Bu baxımdan, məncə, Ermənistan cidd-cəhdlə çalışır ki, KTMT-ni bu prosesə qatsın, amma Rusiya özü bundan çəkinir. Düzdür, Rusiya Ermənistanın müttəfiqidir, altdan-altdan, bilərəkdən, açıq şəkildə onu dəstəkləyir, silah-sursat verir, bunlar öz yerində. Ancaq Rusiya ”öz abrından qorxur", çünki əgər Moskva KTMT-nin Azərbaycan-Ermənistan qarşıdurmasına qatılmasına qərar versə, onda birincisi, o təşkilatın daxilində böyük proseslərlə üzləşəcək...Yəni dağıdıcı proseslərlə üzləşə bilər. Çünki orada Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan gözəl başa düşürlər ki, Azərbaycanın onlarla problemi yoxdur. Azərbaycanın bilavasitə qonşuları ilə də heç bir problemi yoxdur. Sadəcə, Ermənistan torpaqlarını işğal edib və çalışır ki, “ay-vay” qışqıra-qışqıra bütün dünyanı Azərbaycanın üstünə qaldırsın. Halbuki əyri, yalançı, oğru özüdür. Amma bu, bədnam xasiyyətnaməni Azərbaycanın üzərinə atmaq istəyir. Həmçinin bu proses Rusiyanın özünə də daxildə fəlakət gətirə bilər".
Politoloq qeyd etdi ki, hazırkı durumda müharibənin başlayacağına inanmır: “Mən savaş ehtimalını çox aşağı faizlə qiymətləndirirəm. Niyə? Birincisi, müharibə qəfildən baş verir, indi isə hər iki tərəf açıq-aşkar şəkildə hazırlaşır. Tovuz hadisələri zamanı dərhal böyük savaş başlasa, yerinə düşərdi və Ermənistan öz payını alardı. İndi isə situasiya bir qədər dəyişib və diplomatiya önə keçib. Sahibə Qafarovanın Moskva səfəri, Rusiya rəsmilərinin məsələyə münasibət bildirmələri vəziyyəti dəyişir. Düzdür, savaş ehtimalı itmir, amma onun indiki durumda reallaşma faizi azalır. Digər tərəfdən, prosesə Türkiyənin qatılması demək olar ki, bölgədə çox ciddi bir transformasiyalar yaratdı. Rusiyanın postimperiya sindromu onun başına, xalq dili ilə desək, ”itin oyununu" açır. Postimperiya sindromu artıq bu ölkəni çox çıxılmaz vəziyyətə gətirib. Onun elitası keçmişlə yaşayır, amma reallıqlar tam fərqlidir. Biz Rusiya ilə Türkiyənin Suriyada, Liviyada toqquşmalarını gördük. Həmçinin Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyəti ondan xəbər verir ki, Türkiyə dünya siyasətində öz rolunu boyüdüb və irimiqyaslı problemlərin qarşısını ala, belə məsələləri həll edə bilir. Türkiyənin “biz Azərbaycanın yanındayıq və Qarabağ məsələsində biz də maraqlı tərəfik”- deməsi sanki “soyuq duş” effekti yaratdı. Ermənistan heç, təkcə Dağlıq Qarabağ deyil, bu ölkənin özü də qondarma məmləkətdir, onun suverenliyi yoxdur. Faktiki olaraq öz simasını itirmiş, təkcə daxili varidatı ilə yox, həm də öz mənəviyyatı ilə alverə girişmiş ölkədir. Amma söhbət Rusiyadan gedir ki, ondan əl çəkmir və bu ölkəni cidd-cəhdlə dəstəkləyir".
Ancaq T.Abbasov Ankaranın Azərbaycana dəstəyini məmnunluqla qeyd etdi: “Baxın, bir təyyarədə Türkiyənin müdafiə naziri, hava, dəniz, quru qüvvətlərinin komandanlarının, həmçinin Liviyada əməliyyatları aparan baş komandanın Azərbaycana gəlməsi və prezident İlham Əliyevlə görüşməsi artıq yeni bir situasiya yaratdı. Bununla Türkiyə nümayiş etdirdi ki, mən bu oyunbazlığa dözməyəcəyəm!” Politoloq qeyd etdi ki, Azərbaycan təkcə Türkiyəyə deyil, həm də özünə güvənir: “Burada Azərbaycanın digər müttəfiqləri, Pakistan, Ukrayna, başqa ölkələr də var. Amma Rusiya-Ermənistan işbirliyi artıq ”ağını çıxartdı" və bunlar daha ağ elədilər. Ona görə də Türkiyə çox ciddi şəkildə dedi ki, mən də artıq bu prosesdə maraqlı tərəfəm. Türkiyəni anlamaq olar, çünki həmsərhəd ölkədir. Kim istəyər ki, sərhədləri yaxınlığında müharibəli, münaqişəli ocaq olsun? Türkiyə də bunu istəmir. Bu mənada qarşı tərəfin zarafatları pis qurtara bilər. Baxın, Rusiyanın özünün də vəziyyəti yaxşı deyil. Belarusda hansı çətinliklərlə üzləşib, göz önündədir, Ukrayna həmçinin. Balkanlarda Amerika artıq Rusiyaya bir şapalaq vurdu. İsraillə ərəbləri barışdırırlar. Bu, artıq onu göstərir ki, Rusiya diplomatiyası Lavrov və ona bənzər qondarma diplomatlar ucbatından artıq hər iki ayağından axsayır". Siyasi təhlilçi qeyd etdi ki, Tovuz hadisələri bilavasitə iki başqa ölkənin - Rusiya və Fransanı təhriki və Ermənistanın təxribatı ilə baş verdi. Ancaq anladılar ki, yox, dərinə getsələr, özləri biabır ola bilərlər, problemləri arta bilər və vaxtında geri çəkildilər.
Siyasi analitik yekunda bildirdi ki, zaman ertələnsə də, torpaqların erməni işğalından azad edilməsi üçün müharibə qaçılmazdır, ona görə də Vətən savaşına daim hazır olmaq gərəkdir.
Prezident, Azərbaycan Silahlıq Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev son çıxışlarında düşmənə və onun havadarlarına açıq mətnlə xəbərdarlıqlarını edib. Eyni zamanda dövlət başçısının “əgər Ermənistan beynəlxalq hüququ gözləmirsə, biz niyə gözləməliyik” deməsi böyük savaşın nəinki işğal altındakı Azərbaycan ərazilərində başlayacağını, həmçinin işğalçı ölkənin sərhədləri daxilinə keçə biləcəyi ehtimalını yaradır. Hər halda, bu, Nikol Paşinyan hakimiyyətinə ağlını başına yığmaq üçün son xəbərdarlıq da ola bilər. Türkiyədən də xəbərdarlıqlar gəlib: "Ermənistan odla oynamasın" - deyə...