Son Xəbər:
Tarix: 10-02-2021, 13:54
Ermənistan öz qonşuları ilə əlaqələri tezliklə qaydaya salmaq əvəzinə, qızıl kimi fürsəti itirməklə məşğuldur. Çünki xarici analitiklərin də etiraf etdiyi kimi, 44 günlük müharibədəki kapitulyasiyadan sonra iqtisadi durumu dərin böhran keçirən tək ölkə məhz odur. Ermənistanın dirçəlişi isə yüzdə yüz Azərbaycan və Türkiyə ilə əməkdaşlığa bağlıdır.
İrəvanda nə qədər siyasi boşboğazlıq edilsə də, revanş çağırışlar səslənsə də, bu gerçək dəyişməyəcək. Ona görə ki, coğrafiya dəyişməyəcək. Türkə xroniki nifrətə rəğmən, az-çox ağlını və məntiqini saxlayan erməni iqtisadçılar və ekspertlər də xəritəyə baxan kimi buna asanca əmin olur və SOS siqnalı verirlər. Xüsusən də məğlub ölkənin sürətlə artan və kritik nöqtəyə yaxınlaşan dövlət borclarına diqqət yönəldilir.
*****
“Əgər aparılan ümumi iqtisadi siyasət effektli olmazsa, ölkə üçün istənilən borc riskə çevrilir”.
“Yeni Müsavat” xəbər verir ki, bu barədə Ermənistanın keçmiş sənaye və ticarət naziri Karen Çşmarityan NEWS.am saytına verdiyi müsahibədə deyib.
Qeyd edək ki, az öncə ölkənin maliyyə naziri Atom Cancuqazyan bu ilin sonunadək dövlət borcunun 8,5 milyard dollara çatacağı təqdirdə dövlət borcunun ÜDM-ə nisbətinin 70% olacağını bildirib - hansı ki, çox yüksək göstərici sayılır.
“Gəlin ölkəni iqtisadi bir subyekt kimi nəzərdən keçirək. İqtisadi subyekt borc götürüb. Eyni zamanda o, hansı işləri görməli, hansı səmərəliliyə nail olmaq lazım gəldiyini hesablamalıdır ki, borcunu qaytara bilsin. İqtisadi subyekt götürdüyü borcu xərclərə, maaşlara yönəldə bilməz, heç bir şey istehsal etməyə və ya yaratmaya bilməz və sonra da əvvəlki borcu ödəmək və yenidən xərclərə yönəltmək üçün daha böyük borcun altına girə bilməz. Dövlətə münasibətdə vəziyyət eynidir - səmərəliliyi təmin etmək mümkündürsə, istənilən borc ödənilə bilər. Borc hədəfli olmalıdır”, - deyə Çşmarityan vurğulayıb.
Onun sözlərinə görə, problem əsasən Ermənistanın ümumi iqtisadi siyasəti ilə bağlıdır. “Əgər mövcud iqtisadi geriləmə tempi daha 2 ay belə davam eləsə, bundan sonra nə olacağını söyləmək çətindir. Bütün bunların necə bərpa edilə biləcəyini düşünmək qəliz olacaq. Bu gün milli, dövlət maraqlarımız təhlükə altındadırsa, hansı milli iqtisadiyyatdan danışa bilərik?”, - deyə o sual edib.
*****
Erməni “milli iqtisadiyyatı”na ən böyük təhlükəni isə elə ermənilərin özləri, daha dəqiqi, onların önündə gedən və burnundan uzağı, bölgədəki yeni reallığı israrla görmək istəməyən siyasətbazlardır, revanş çağırışları ilə ac-yalavac soydaşlarını “doydurmağa” çalışan populist-avantüristlər, terrorçu təfəkkürlü çevrələrdir. Məhz onların sayəsində “izqoy” ölkə işğal bitəndən sonra da blokadada qalmaqda və iqtisadiyyatı dibə yuvarlanmaqda davam edir.
Halbuki qurtuluş üçün “yol xəritəsi” çoxdan ortadadır. Yetər ki, Ermənistan nəhayət, özünü qəbilə dövləti kimi, vəhşi kimi yox, XXI əsrin sivil, normal dövləti kimi aparsın, qonşuların ərazi bütövlüyünü qeyd-şərtsiz tanısın. Ermənistan adlı süni yaradılmış dövlətin yeganə varlıq qarantı budur, bu olaraq da qalacaq. Əks təqdirdə, Ermənistan 2020-ci ildən əgər kapitulyasiya ilə çıxıbsa, 2021-ci ildən ümumiyyətlə çıxmaya bilər. Bunu təkcə biz demirik...
*****
“Əgər Ermənistan nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə yaranacaq fürsətlərdən düzgün istifadə edərsə, o zaman həqiqətən o, regional nəqliyyat xabına çevrilə bilər”.
“Yeni Müsavat”ın məlumatına görə bu sözləri erməni mediasına açıqlamasında Gürcüstandakı Nəqliyyat Dəhlizi Tədqiqat Mərkəzinin direktoru Paata Tsaqareisvili deyib.
“Tehran-Culfa-İrəvan dəmir yolunun istifadəyə verilməsi Ermənistanın bölgədəki rolunu dəyişdirəcək, ölkənin Cənubi Qafqazda tranzit ölkə və əsas nəqliyyat xabı statusunu sınamasına imkan yaradacaq. Ancaq bundan əvvəl İrəvan nəinki böyük resurslar tapmalı, həm də uzun illər ölkənin sərhədlərini qıfılda saxlayan siyasi məsələləri həll etməlidir”, - deyə mütəxəssis vurğulayıb.
Başqa sözlə, gürcü ekspertin də təsdiqlədiyi kimi, İrəvan iqtisadi böhrandan qurtuluşa siyasi addımlar atmaqdan başlamalıdır. Nəinki “atı arabanın arxasına bağlamalı”, yəni Bakı və Ankaraya qarşı əsassız şərtlər irəli sürməlidir.
Tsaqareisvili Ermənistanın “nəqliyyat əsirliyi”ndən xilasına imkan verəcək Bakı-Mehri-Naxçıvan-Axuryan-Qars marşrutunun işə salınmasının da az əhəmiyyət kəsb etmədiyini söyləyib. Lakin o, bu layihənin həm siyasi baxımdan, həm də infrastruktur baxımından həyata keçirilməsini çətin hesab edir. Onun sözlərinə görə, Ankara ilə münasibətlər qurulsa və ölkələr dəmir yolu rabitəsinə başlasa, İrəvan da bundan xeyir götürəcək.
Öz növbəsində Ermənistan Nəqliyyat Ekspeditorları Assosiasiyasının rəhbəri Yeğişe Ovannisyan, “Sputnik Ermənistan”ın müxbirinə verdiyi müsahibədə mövcud hakimiyyətin kommunikasiyalarla bağlı niyyətini müsbət qiymətləndirir, lakin təşəbbüsün, sadəcə, bir niyyət olaraq qalmamalı olduğunu düşünür.
Onun qənaətincə, dəmir yolu infrastruktur tam hazır olduqda işə salınmalıdır. “Ermənistan sərhədə, Sədərəkə qədər 500-600 kilometrlik yolu qurub tamamlamalı olacaq. Yol sürətlə bərpa edilə bilər, Yerasxa qədər hər şey onsuz da qaydasındadır. Qatarlar Yerasxdan keçərək Culfaya çatacaq və dəmir yolu körpüsündən keçəcək, Araz üzərindən Culfa (İran) stansiyasına çatacaq”, - Ovannisyan deyib.
Onun əminliyinə görə, istək olarsa, yol ən qısa müddətdə və heç bir xüsusi xərc ödənmədən bərpa edilə bilər. “Ermənistandan ötrü İranla dəmir yol əlaqəsinə malik olmaq vacibdir. Bu, İrəvan üçün İranın dəniz limanlarına, xüsusən də Bəndər Abbasa yol açacaq”, - deyə o əlavə edib.
İrana, bütövlükdə xarici aləmə Ermənistan üçün yolun açılması isə tamamən ermənilərin, İrəvanın öz əlindədir. Vaxt gözləmir. Çünki Ermənistan sürətlə dibə gedir - özünün dərin tənəzzül içində olan iqtisadiyyatı ilə birgə...
“Yeni Müsavat”