Son Xəbər:
Tarix: 18-02-2021, 10:59
Təhsil Nazirliyinin qərarı ilə fevralın 15-dən ali məktəblərdə də ənənəvi təhsil qismən bərpa olunub. Bununla belə hələ də ənənəvi təhsili bərpa etməyən ali təhsil ocaqları var. Tədrisi bərpa etməyən ali təhsil müəssisələri bunu tələbələrin çoxunun rayonlarda olması, ixtisasların tələblərinə onlayn təhsilin cavab verdiyi və sair səbəblər ilə əlaqələndiriblər. Universitetlərdə tədrisin qismən bərpası yenidən təhsil haqqı məsələsini gündəmə gətirib. Onlayn təhsillə ənənəvi təhsilin qiymət fərqinin olmaması narazılıqlara səbəb olub.
Sputnik Azərbaycan təhsilin formasının dəyişməsinin təhsil haqlarına təsirini araşdırıb.
Bakı Dövlət Universitetindən Sputnik Azərbaycan-a bildirilib ki, təhsil haqları ilə bağlı güzəşt dövlət tərəfindən aztəminatlı ailələrdən gələn tələbələrə edilib. Onların təhsil haqqı dövlət tərəfindən ödənilib. Digər kateqoriyadan olan tələbələrin təhsil haqqında isə heç bir dəyişiklik yoxdur.
Bakı Slavyan Universitetindən də təhsil haqları ilə bağlı güzəşt edilmədiyini, təhsil haqlarının təhsilin formasına görə dəyişmədiyini bildirdilər.
Əlaqə saxladığımız digər özəl ali təhsil müəssisələrindən isə bildirdilər ki, təhsilin forması dəyişsə də, təhsil verən müəllimlərin sayı azaldılmayıb. Ona görə də, təhsil haqqı dəyişməyib.
Qeyd edək ki, hazırda ali təhsil müəssisələrinin əksər hissəsi təhsilalanlara təhsili distant formada verir.
Azərbaycan Dillər Universitetinin (ADU) Mətbuat xidməti şöbəsinin rəhbəri Ağa Cəfərli bildirib ki, təmsil etdiyi ali təhsil ocağında tədris onlayn şəkildə davam etdirilir: "Tələbələrimiz dərsə gəlmirlər. Təhsil Nazirliyinin qərarında da var ki, praktik şəkildə dərsdə iştirak edilməsi vacib olan ixtisasların tələbələri ənənəvi tədrisə keçəcək. Amma bizdə onlayn şəkildə davam edəcək".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov açıqlamasında bildirib ki, universitetdə dərslər onlayn şəkildə davam etdirilir.
Bakı Slavyan Universitetində (BSU) də tədris distant formada aparılır. Ali məktəbin Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərovun sözlərinə görə, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavininin iştirakı ilə videokonfrans formatında toplantı keçirilib. İclasda qeyd olunub ki, tələbələrin böyük hissəsi bölgələrdə yaşayır. Ənənəvi tədris iki gün olsa belə, həmin tələbələr Bakıya gəlməli, qalmağa yer tapmalı və digər məsələləri həll etməlidirlər. Bundan əlavə, BSU-da xüsusi auditoriyaya, laboratoriyaya ehtiyac olan ixtisas yoxdur. Buna görə də təhsilin distant şəkildə davam etdirilməsi qərara alınıb".
Amma universitetdən bunun təhsil haqlarına heç bir təsiri olmadığı bildirilib.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyada distant təhsil ucuz olsa da, Azərbaycanda vəziyyət fərqlidir: "Dünya ölkələrində distant təhsil illərdir ki, tətbiq olunur. Məsafədən təhsil ənənəvi təhsildən ucuz başa gəldiyindən, distant təhsilin qiyməti də aşağıdır. Azərbaycanda isə distant təhsil pandemiyadan sonra tətbiq olunduğundan, ənənəvi təhsillə distant təhsil arasında qiymət fərqi mövcud deyil. Bundan əlavə təhsil istər distant, istər də ənənəvi olduqda müəllim sayı dəyişmir. Universitetlər distant dərs keçən müəllimlərə ənənəvi təhsildə olduğu qədər əməkhaqqı verdiklərindən, təhsil haqqı qiymətləri də dəyişmir".
Ekspert bildirir ki, ali təhsil müəssisələrinin əsas gəlirləri tələbələrin ödədikləri təhsil haqqından formalaşır. Elə əsas xərcləri də müəllimlərə əməkhaqqının ödənilməsinə sərf olunur: "Düzdür, təhsil onlayn olandan universitetlərin kommunal xərcləri azalıb. Onlar əvvəlki qədər işığa, istiliyə, suya pul ödəmirlər. Amma bu universitetlərin xərclərini əhəmiyyətli dərəcədə azaltmayıb. Ona görə də universitetlərdə təhsil forması dəyişsə də, qiymət dəyişmir".
Qeyd edək ki, ölkəmizdə 52 universitetdə 182 min tələbə təhsil alır. Onlardan 67 min tələbə dövlət sifarişli əsaslarla, 120 minə yaxın tələbə isə ödənişli əsaslarla təhsilini davam etdirir. Bu gün ali təhsil alan 100 tələbədən 56-sı dövlət hesabına oxuyur. Hazırda I kursda oxuyan tələbələrin 60 faizindən çoxunun təhsil haqqını dövlət ödəyir.
Məlumat üçün onu da qeyd edək ki, ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilən cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunub. Digər ixtisaslar üzrə tədris isə distant qaydada davam etdiriləcək.