Son Xəbər: 3 nəfər dönərdən ZƏHƏRLƏNDİ, Azərbaycan BOKT-larında kredit riskinin idarə edilməsi qaydası TƏSDİQLƏNDİ, BİZİM TƏQVİM: 26 noyabrda baş vermiş tarixi hadisələr, Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam,

Parlamentdə Milli Koordinatorun məruzəsi müzakirə olundu - FOTO

Parlamentdə Milli Koordinatorun məruzəsi müzakirə olundu - FOTO

Tarix: 20-04-2021, 18:41

Aprelin 20-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iştirak edib.

Tədbiri açan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı müzakirə ediləcək.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanın bu sahəylə bağlı fəaliyyət mexanizmlərinin formalaşması 2003-cü ildə ölkəmizin BMT-nin müvafiq "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyası”nı ratifikasiya etməsindən sonra başlayıb. Bundan sonra Azərbaycanda insan alverinə qarşı mübarizə üçün müvafiq qanunvericilik bazası formalaşdırılıb, Daxili İşlər Nazirliyində Baş İdarə yaradılıb, daxili işlər nazirinin birinci müavini səviyyəsində Milli Koordinator müəyyənləşdirilib. Bununla bağlı 3 fəaliyyət planı artıq başa çatıb, hazırda isə 4-cü fəaliyyət planı qəbul olunub və icra edilir.

Sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatını təqdim edən DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Samir Zeynalov insan alveri ilə mübarizə sahəsində qanunvericilik tədbirləri, profilaktika və maarifləndirmə işləri, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş barədə ətraflı məlumat verib , insan alveri ilə mübarizənin nəticələrinə dair statistik göstəriciləri diqqətə çatdırıb.

Bildirib ki, 2020-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 cinayət işi üzrə 155 insan alveri faktı, 2 cinayət işi üzrə 5 məcburi əmək və 40 insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair cinayət faktları müəyyən edilib. Ümumilikdə, insan alveri üzrə cinayətlərin açılması 98 faiz, məcburi əmək cinayətlərinin açılması isə 100 fazi təşkil edib. İnsan alveri cinayətləri törətdiklərinə görə 17-si qadın, 3-ü kişi olmaqla 20 şəxs məhkəmə məsuliyyətinə verilib. Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, 2 nəfər şərti məhkum edilib, 1 nəfərin cəzası isə usağı 14 yaşına çatanadək təxirə salınıb.

Ümumilikdə, 2020-ci ildə müəyyən olunmuş 94 insan alveri qurbanından 91-nə müvafiq köməkliklər göstərilib, maddi yardımlar edilib. Qurbanların uşaqları da diqqət mərkəzində saxlanılıb.

İclasda çıxış edən Milli Məclisin deputatları Razi Nurullayev, Hikmət Məmmədov, Tahir Kərimli, Elşad Mirbəşir oğlu, Vüqar İskəndərov, Əminə Ağazadə, Fazil Mustafa, Fəzail Ağamalı, Jalə Əhmədova, Bəhruz Məhərrəmov, Konstitusiya Araşdırmaları Fondunun Prezidenti Əliməmməd Nuriyev, "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun ötən ildəki fəaliyyətini yüksək qiymətləndiriblər, qeyd və təkliflərini bildiriblər.

Sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

İclasda Milli Məclisin deputatı Elşən Musayev və digər rəsmi şəxslər də iştirak edib.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR