Son Xəbər:
Tarix: 3-05-2021, 16:29
1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü elan olunub.
Müasir dünyada informasiya mənbələri bir neçə qrupa bölünə bilər: Sosial şəbəkələr, bloqlar, saytlar, qəzetlər, televiziyalar.
Qloballaşma dövründə informasiyaya tələbat gündəlik ictimai ehtiyaca çevrilib. Sosial şəbəkələr isə məsuliyyət dərəcəsi olmadığından bəzən dəqiqləşdirilməmiş və yalan məlumatların tirajlanmasında ön plana çıxır.
Təəssüflər olsun ki, hər zamankı kimi bəzi mətbuat orqanları da saxta məlumatların yayımlanması trendindən kənarda qalmır. Yayımlanan məlumatların hamısı heç də düzgün, dəqiq və qərəzsiz olmur.
Bu, insanların psixologiyasına da təsirsiz ötüşmür. Belə ki, yalan məlumatları müəyyənləşdirməklə düzgün informasiyaları fərqləndirməyin sərhədləri arasında çabalayan beyin əlavə və lazımsız informasiyalarla yüklənir.
Bəzən də, media orqanı düzgün məlumatları çatdırsa da, oxucu ona etibar etmir və ilkin mənbədən aldığı saxta məlumatı əlində əsas tutur.
Hərdən ifadə azadlığı ilə media azadlığının sərhədləri barədə təsəvvürlər və anlayışlar da qarışdırılır.
Qısa desək, ifadə azadlığı media azadlığı demək deyil. Media azadlığında medianın etik prinsipləri əsas götürülür, bu etik meyarlar isə jurnalistikanın hədəf və məqsədlərinə ifadə azadlığından fərqli olan rənglər verir.
Bir sözlə, ifadə azadlığı demokratiyanın tərkib hissəsidir, ancaq media etikası ilə baxış bucağı ifadə azadlığından fərqlənir.
Azərbaycanda vəziyyət
Öncəliklə qeyd edək ki, Azərbaycanda çoxsaylı media orqanları fəaliyyət göstərir. Onlar cəmiyyətin informasiyaya olan ehtiyacını hansı formada ödəyir? Bunu ölçən dəqiq barometr yoxdur. Lakin bu bəllidir ki, yerli media Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.
Azərbaycanda jurnalistlərin hüquq və azadlıqları qanunla qorunur. Bununla bağlı Konstitusion hüquqlar və ayrıca qanunlar mövcuddur.
Dünyada olduğu kimi Azərbaycanda da medianın etik prinsiplərindən və jurnalistikanın funksiyalarından kənara çıxan hallar mövcuddur.
Halbuki, medianın azadlığı heç də məsuliyyət və peşəkarlıq prinsiplərinin pozulması anlamına gəlməməlidir.
Acınacaqlısı odur ki, mediada təhrif, yalan, böhtan xarakterli məlumatlar yayılır, ondan qeyri-qanuni məqsədlər üçün istifadə olunur. Bəzi hallarda mediadan Azərbaycanın özünə qarşı alət kimi istifadə edilir.
Bu o deməkdir ki, Azərbaycanda jurnalist peşəsinin nüfuzu hələ də arzuolunan səviyyədə deyil.
Buna görə də, Azərbaycan mediası dünyanın media sahəsində ən qabaqcıl peşə standartlarını əvəz etməli, öz fəaliyyətində maarifçilik xəttini gücləndirməlidir.
Medianın yenilənməsi vacibdir, peşəkarlıq, məsuliyyət, operativlik və s. onun əsas fəaliyyət prinsipləri olmalıdır.
Hazırda yerli medianı qlobal çağırışlara uyğunlaşdırmaq, media sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində qanun layihəsi üzərində iş gedir.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, medianın inkişafına imkanların genişlənəcəyi şübhə doğurmur.