Son Xəbər:
Tarix: 6-05-2021, 19:11
Türkiyənin anti-terror əməliyyatları qarşısında duruş gətirə bilməyən PKK “sağ qalmaq” üçün Ermənistandan 9K33 OSA zenit raket sistemləri almaq istəyir. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumatda deyilir ki, gizli danışıqlarda terrorçuları erməni əsilli Bese Hozat və Nuriye Kesbir, Ermənistan tərəfini isə Xocalı qatili, Xankəndidəki separatçıların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan, separatçıların keçmiş “müdafiə naziri”, hazırda Ermənistan Müdafiə Nazirliyində Hərbi Nəzarət Xidmətinin rəisi Cəlal Arutyunyan və I Qarabağ müharibəsinin canilərindən olan, bir müddət separatçıların “müdafiə naziri” və “təhlükəsizlik şurasının katibi” olmuş Samvel Babayan təmsil edib.
Məlumatda o da vurğulanır ki, təmasları quran İrana bağlı “Haşdi Şabi” qruplaşmasıdır. Onun missiyası silahların PKK-ya daşınmasını təmin etməkdir.
Qeyd edək ki, son dövrlər Türkiyə Suriya və Şimali İraqda PKK-nın əsas qüvvələrini sıradan çıxarmağa müvəffəq olub. Hazırda Şimali İraq ərazilərində həyata keçirilən əməliyyatlar nəticəsində yüzlərlə PKK-çının öldürüldüyü də təsdiqlənir. Bundan başqa, terror təşkilatı mağaralarda gizlənərək, PUA-ların qorxusundan başını çölə çıxara bilmir. Belə olan vəziyyətdə PKK-ya PUA-ları vurmaq üçün raket qurğularına sahiblənməsi vacibdir. Təbii ki, bu silahları əldə etmək üçün terrorçular dünyanən bu biri başındadkı terrorçularla anlaşması lazımdır. O terrorçularla ki, 44 günlük müharibəsə onlara canlı qüvvə baxımından dəstək vermişdilər.
Digər tərəfdən, işə “Həşdi Şabi” qruplaşmasının cəlb edilməsi də səbəbsiz deyil. Səbəb odur ki, sözügedən təşkilat İraq ərazisində fəaliyyət göstərir və onların əliylə Şimali İraqa silah ötürmək asan və təhlükəsizdir.
Lakin məsələnin başqa tərəfləri də var. Məsələn, politoloq Asif Nərimanlı hesab edir ki, bununla bağlı müxtəlif fikirlər irəli sürmək mümkündür. Amma o, əsas məqam olaraq Xankəndidəki terrorçuların PKK ilə işbirliyi və Türkiyənin PKK-ya qarşı əməliyyatlarını bu bölgəyə də daşıya biləcəyi mesajını göstərir.
Təbii ki, gənc siyasi şərhçinin yanaşması doğrudur. Ancaq burada qeyd olunanlarla yanaşı, başqa bir vacib məqam daha var. Həmin məqam ondan ibarətdirki, ermənilərin PKK ilə indiki vaxtda belə bir anlaşmaya getməsi, təkcə terror təşkilatını Türkiyəyə qarşı gücləndirmək deyil. Həmçinin digər maraqlı detallar da var.
Qarabağ müharibəsindən sonra istər Ermənistanın, istərsə də Qarabağdakı terrorçuların ciddi silah ehtiyacı var. Ermənistan bir dövlət olaraq həmin silahları Rusiya və digər ölkələrdən alır. Aldıqlarının bir qismini ənənəvi olaraq Qarabağdakı terrorçulara ötürə də bilər. Lakin gedişat, son baş verənlər belə deməyə əsas verir ki, Ermənistanın artıq belə imkanı ya yoxdur, ya da həddindən artıq məhduddur. Çünki Azərbaycanın qəti tələbi var, həmin tələbə əsasən Qarabağdakı bütün silahlı birləşmələr ərazini tərk etməlidir. Əks təqdirdə, antiterror əməliyyatları qaçılmazdır.
Deməli, Qarabağdakı terrorçular bu məsələdən əllərini üzüblər. Yəni, onlar Ermənistandan daha əvvəlki kimi silah ala bilməyəcəklər. Hətta onu da deyə bilərik ki, daha silah ala bilməyəcəklər. O zaman Qarabağdakı terrorçular birləşərək, PKK-ya niyə silah satmaq istəyirlər? Təkcə, Türkiyə faktoruna görəmi? Bu inandırıcı deyil. Ona görə ki, ermənilər özlərinə umac ova bilmirlər, PKK-ya əriştə kəsməyə çalışırlar. Elə həmin maraqlı məqam da burada meydana çıxır.
Məlumdur ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Qarabağdakı ermənilər bu silahları haradan və necə əldə ediblər. Çünki bir çox silahlar var idi ki, onları almaq üçün erməni terrorçularının gücü yox idi. Heç Ermənistan belə həmin silahlardan özü üçün bir neçəsini ancaq almaq imkanına sahibdir. Aydın məsələdir ki, bu işdə ermənilərə diaspora ilə yanaşı, ruslar da yardım ediblər. Və həmin alış-verişlərin gizli şəkildə həyata keçirildiyi şübhəsizdir. O zaman burada iki vacib məqama diqqət yetirək.
Birincisi, Qrabağdakı erməni terrorçularının rəhbərləri vaxtıyla gizli yolla aldıqları silahların artıq işlərinə yaramayacağının fərqinə varıblar. Və həmin məsələnin nəinki üstünün açılmasını, üstü açılarsa daha böyük skandala səbəb olacağını da yaxşı bildiklərindən izi itirmək fikrindədirlər. Yəni, Qarabağdakı mövcud silahları PKK-ya verməklə, bu problemdən yaxa qurtarmaq istəyirlər. Sual oluna bilər ki, Qarabağdakı terrorçular niyə həmin silahları hazırda ehtiyac içində olan Ermənistana vermir? Bunu edə bilərlər. Lakin Ermənistan həmin silahları qeydiyyata ala bilmək imkanından məhrumdur. Çünki beynəlxalq qurumlara bu silahları haradan, necə aldığına dair hesabat verə bilməyəcək. Digər tərəfədən isə bu izin itirilməsinə imkan vermir. Gələcəkdə, başqa bir qalmaqal üçün zəmin ola bilər.
Belə olan təqdirdə ikinci məqam diqqəti çəkir. Qarabağdakı erməni terrorçuları təkcə izi itirmək istəmirlər. Həm də bu silahlardan pul qazanmağa çalışırlar. Yəni, gedər ayaqda pullarının üzərinə pul gətirmək istəyirlər. Elə PKK-nı müştəri olaraq seçmələri də bununla bağlıdır. Çünki PKK hazırda çıxılmaz vəziyyətdədir. Ona Türkiyə PUA-ları ilə döyüşmək üçün silahlar lazımdır. Həmin silahları “qara bazar”dan asanlıqla tapmaq çətin məsələdir. Belə olan təqdirdə, Qarabağdakı terrorçuların təklifi onlar üçün qeyri-ixtiyari cəlbedicidir.
Bütün bunların yekunu olaraq gəlinən nəticə odur ki, Qarabağdakı erməni terrorçuları əllərində olan silahların həm izini itirmək, həm də bundan pul qazanmaq planlarını işə salıblar. Bu silahları hansı şəkildə, necə Qarabağdan çıxaracaqları da çətin məsələ deyil. Onu Ermənistan ordusunun inventarı kimi sənədləşdirib, Laçın Dəhlizi vasitəsi ilə İrəvana keçirib, oradan da təyyarə ilə İraqda “Həşdi Şəbi”yə çatıdracaqlar ki, PKK-ya yetişdirə bilsinlər. Qısacası, ermənilər bir güllə ilə iki dovşan vurmağı hədəfləyiblər.