Son Xəbər:
Tarix: 13-05-2021, 14:01
İstefada olan general-polkovnik Tofiq Ağahüseynov vəfat edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görkəmli hərbi və dövlət xadimi, İkinci Dünya müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov dünyasını dəyişib.
Tofiq Yaqub oğlu Ağahüseynov 1923-cü il fevral ayının 1-də Şəkidə anadan olub. 1930-cu ildə T.Ağahüseynov ailəsi ilə birlikdə Bakıya köçüb. 1949-cu ildə Dzerjinski adına Hərbi Akademiyaya, ardınca Hərbi Artilleriya Akademiyasına daxil olub.
T.Ağahüseynov 1960-1964-cü illərdə Hövsanda yerləşən Hava Hücumundan Müdafiə polkuna komandirlik edib, 1964-cü ilin sonlarında Volqoqrada göndərilib və diviziya komandiri kimi orada çalışıb. 1968-ci ildə general-mayor rütbəsi alıb. 1969-cu ildə Rostovda korpus komandiri təyin edilib.
1972-ci ildə general-leytenant rütbəsi alıb və 1975-ci ildə Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini təyin edilib. 1980-ci ildə general-polkovnik rütbəsini alan Tofiq Ağahüseynova həm də Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvalə edilib.
O, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı olub. T. Ağahüseynova 1982-ci ildə daha böyük bir vəzifə həvalə edilib. O, Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunub.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Tofiq Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunub. Eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilib. Bu zaman onun 74 yaşı var idi. O, üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Müharibə illərində və sonralar dövlətin ali mükafatlarına, orden və medallara layiq görülüb. Qırmızı Bayraq, Oktyabr İnqilabı, Birinci Dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenlərinə layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycanda hərbi qulluqçuluq sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə, 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni və 31 yanvar 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.