Son Xəbər: Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək, “Brent” neftin qiyməti UCUZLAŞDI, Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib, KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib, Bu gün Kəlbəcər Şəhəri Günüdür, Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır,

Qərb və Rusiyanın Ermənistan davası böyüyür... - “mehriban” düşmənlər “izqoy” ölkəni niyə bölə bilmir?..

Qərb və Rusiyanın Ermənistan davası böyüyür... - “mehriban” düşmənlər “izqoy” ölkəni niyə bölə bilmir?..

Tarix: 6-08-2021, 09:40


ABŞ prezidenti Co Bayden Ermənistanın yenidən baş naziri təyin edilmiş Nikol Paşinyana təbrik məktubu göndərib. Erməni mediasının yazdığına görə, Ağ Ev sahibi məktubda bildirib ki, “Vaşinqton 2020-ci ildə Dağlıq Qarabağ konflikti üzündən təhlükəsizlik sferasında Ermənistanın üzləşdiyi mürəkkəb təhdidləri başa düşür”.

Məktubda həmçinin deyilir: “Birləşmiş Ştatlar tərəflərə (Bakı və İrəvana - red.) ATƏT-in Minsk Qrupunun himayəsi altında hərtərəfli sülh nizamlanması üzrə danışıqlarda kömək etməyə sadiqdir. Ermənistanı və Azərbaycanı ən qısa zamanda substantiv danışıqlara başlamağa çağırırıq”.

*****

Bənzər fikir nə qədər qəribə də olsa, Almaniya kansleri, hakimiyyət müddəti bitmək üzrə olan Angela Merkelin Nikol Paşinyana ünvanladığı təbrikdə də yer alıb. Yada salaq ki, Almaniya da üzdəniraq Minsk Qrupunun üzvüdür - həmsədr olmasa da.

Beləcə, Qərbin iki böyük dövlətinin liderləri Paşinyanı təbrik eləməklə yanaşı, həm də ona “müalicəvi doza”da təsəlli, daha dəqiqi, qoltuğunun altına “qarpız” verməyə çalışıblar və xəsisliklə də olsa, Nikolun eşitmək istədiyi bəzi sözləri yazıblar. Çünki Minsk Qrupunun 27 sentyabr 2020-ci il tarixindən əvvəlki köhnə statusunda zühur edəcəyini gözləmək, buna ümid bəsləmək canavardan vegetarianlıq gözləmək qədər absurd və mınasız məşğuliyyətdir. Əsas da o səbəbə ki, istənilən vasitəçiliyin reallaşması üçün münaqişə tərəflərinin hamısının razılığı lazımdır.

Bakının isə belə bir həvəsi yoxdur, olmayacaq. Ona görə ki, Azərbaycan “Dağlıq Qarabağ konflikti”ni artıq özü həll edib, hansısa dövlətin vasitəçiliyinə lüzum qalmayıb, o ki ola bədnam Minsk Qrupu. Bir ovuc erməniyə xüsusi status almaq üçün Minsk Qrupunu təzədən “xortlatmaq” isə nə baş tutan sevdadır, nə də ciddi məşğuliyyət. Azərbaycan, onun konstitusiyasında əks olunduğu kimi, unitar dövlətdir və o səbəbə onu ayrıca götürülmüş hissəsində referendum keçirilə bilməz. Qısası, ermənilərin Minsk Qrupu vasitəsilə can atdığı köhnə iddia, “öz müqəddəratı təyinetmə” məsələsi həmişəlik qapanıb. Heç kim də boşuna cəhdlər edib öz vaxtını itirməsin...

*****

Doğrudur, ara-sıra formal həmsədr olan dövlətlərin rəsmiləri qurumun varlığını büruzə verməyə çalışırlar. Lakin bu, Ermənistana bir azca canıyananlıq eləmək və ola bilsin həm də Bakıya psixoloji təsir eləmək niyyəti güdür. Çünki özləri də yaxşı bilir ki, Azərbaycan heç vaxt “Qarabağla bağlı substantiv danışıqlara” getməyəcək. Belə danışıqları Bakı hələ 44 günlük müharibəyədək tələb edirdi, ancaq o zaman nə ABŞ və Fransa, nə də Rusiya və lap elə Almaniya bunun üçün işğalçı ölkəyə heç bir təzyiq göstərmədi. İndi xeyir ola? İş-işdən keçəndən, Azərbaycan problemi təkbaşına, hərbi yolla çözəndən sonra “substantiv danışıqlar” yada düşdü?

Əlbəttə ki, belə oyunları çörəyi ağzına yeyənlərin hamısı başa düşür. Və bütün bunlar artıq çıxıb getmiş qatarın dalınca daş atmağa bənzəyir. Bakı isə İrəvanla danışıqlara hazırdır. Lakin bu, hansısa mifik “Qarabağ münaqişəsi” ilə bağlı yox, yalnız Böyük Sülh Sazişinin imzalanması ətrafında ola bilər - hansı sənəddə ki, Azərbaycan və Ermənistan bir-birinin suverenliyi və ərazi bütövlüyünü tanımış olacaq və bununla da bölgədə daimi sülh və əməkdaşlığın hüquqi əsası qoyulacaq.

Qərb, özəlliklə Fransa, ABŞ gerçəkdən də bəyan elədikləri kimi, regionda qalıcı sülh və əməkdaşlıqda səmimi şəkildə maraqlıdırsa, ən əvvəl İrəvanı buna çağırmalı, ondan BMT üzvü olan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü tanımağı tələb eləməlidir. Bunu isə təəssüf ki, nə görür, nə də eşidirik - İrəvana vaxtaşırı verilən “amerikasayaq burger”, “fransız kökələri”ndən başqa...

*****

O ki qaldı ara-sıra rusiyalı həmsədrin də ABŞ və Fransa diplomatlarına qoşulub, Minsk Qrupunun adı keçən birgə bəyanatları imzalamasına, böyük ehtimalla, bu, ən əvvəl Minsk Qrupunun Moskvanın gərgin münasibətlərdə olduğu Qərblə, ABŞ və Fransa ilə azsaylı əməkdaşlıq platformalarından biri kimi qalması ilə bağlıdır. Hər halda, prezident Putinin özü Dağlıq Qarabağ konfliktinin bitdiyini etiraf edib: 10 noyabr üçtərəfli kapitulyasiya aktının imzalanmasından 2 gün sonra Rusiya telekanalına müsahibəsində o demişdi ki, “ümidvaram bir daha ”Dağlıq Qarabağ münaqişəsi" ifadəsini işlətməyəcəyik".

Yeri gəlmişkən, bunu da yada salaq ki, ABŞ, Fransa və Almaniyanın Bakıdakı səfirləri kimi Rusiya səfiri də hələ ki Şuşaya səfər eləməyib. Amma Rusiya diplomatının bu sırada yer alması Şuşanın halal yiyəsinin kim olmasına şübhədən daha çox, yenə məhz Qərblə kövrək telləri saxlamaq, əməkdaşlıq jesti eləmək cəhdi kimı qiymətləndirilə bilər.

*****

Əlahəzrət reallıqlar isə yerində qalır. Onlardan biri də “izqoy” Ermənistan uğrunda Rusiya ilə Qərb arasında gedən, güclənməkdə olan rəqabətdir. Bunun daha bir təzahürü “sorosçu” Nikol Paşinyanın təzədən baş nazir olandan sonra öz komandasının formalşadırmaqda üzləşdiyi bəzi çətinliklər sayıla bilər. Düzdür, köhnə komandanın bir çox üzvləri yeni komandada da yer alıb. Lakin həlledici postlardan olan XİN rəhbəri vəzifəsi hələ ki boş qalır.

Xatırladaq ki, az öncə N.Paşinyan yaxın silahdaşı Armen Qriqoryanı Ermənistan Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən götürərək, xarici işlər nazirinin 1-ci müavini təyin edib. O vaxt çoxu düşünürdü ki, bir qədər sonra XİN başçısı elə Qriqoryan olacaq. Lakin parlamentdə 5-ci gündür nazirlərin təsdiqlənməsi prosesi getsə də, hökumət praktik olaraq tam formalaşsa da, ən mühüm vəzifələrdən sayılan XİN rəhbəri postu bu günədək rəsmən boşdur.

“Joxovurd” qəzetinin yazdığına görə, səbəb Rusiya tərəfinin qərbçi Armen Qriqoryanın namizədliyi əleyhinə çıxmasıdır. Qəzet iddia edib ki, Moskva üçün az-çox məqbul namizəd parlamentin bundan əvvəlki spikeri Ararat Mirzoyan ola bilər...

*****

Ancaq Ermənistan XİN-in başında qərbçinin və ya rusiyapərəst birinin durmasından asılı olmayaraq, məğlub və “izqoy” ölkənin bircə seçimi qalıb: Azərbaycan və Türkiyə ilə təcili sülh anlaşmasına getmək. Əks halda, nələrin olacağını gərək ki, İrəvanda da, “Minsk üçlüsü”nün paytaxtlarında da yaxşı bilirlər...
“Yeni Müsavat”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR