Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Neft bahalaşacaq, yoxsa sadəcə, ucuzlaşma dayandı? - GƏLİŞMƏ

Neft bahalaşacaq, yoxsa sadəcə, ucuzlaşma dayandı? - GƏLİŞMƏ

Tarix: 14-04-2020, 15:13

“OPEC+” ölkələrinin məlum razılaşmasından sonra ən böyük sual odur ki, neftin qiyməti sabitləşəcəkmi? Dəqiq qeyd etsəm, hətta sual belə qoyulur ki, bahalaşacaqmı? Əvvəlcədən qeyd edim ki, bahalaşmadan söhbət gedə bilməz. Sadəcə olaraq, sabitləşmə ola bilər ki, bu da artıq adıçəkilən quruma aid ölkələrin yenidən bir araya gəldikləri gündən özünü büruzə verməyə başlayıb.

Məqsəd də məhz bundan ibarət idi. Yəni qiymətlərin kəskin enişinin qarşısını almaq və ifrat ucuzlaşmaya son qoymaq. Bu da təsadüfi deyil. Qiymətlər 20 ABŞ dollarınadək enmişdi və hətta bu həddi də keçmək təhlükəsi ilə üzbəüz qalmışdı.

Doğrudur, qeyd edilə bilər ki, qiymətlərin 20 dollardan aşağı olduğu vaxtlar olub. Məsələn, keçən əsrin 90-cı illərinin əvvəlində, habelə 2001-ci ildə 17-18 dollar qeydə alınıb. Lakin bir məqam var ki, həmin dövrlərdə ABŞ valyutasının alıcılıq qabiliyyəti indikindən artıq idi və 20-30 il bundan qabaq, məsələn, 20 dollar indiki 30-32 dollar gücündə idi.

Odur ki, real olaraq neftin 20 dollardan aşağı olması sözügedən məhsul üzrə dünya bazarı tarixində ən “faciəvi” hədd sayıla bilərdi.

Üstəlik, koronavirusla bağlı pandemiya fəlakəti...

Buna müşahidəçi kimi yanaşmaq, dünya iqtisadiyyatı üzərindən koronavirus bəlası tamamilə sovuşub getsə belə, onu bərpa etmək üçün azı 2021-ci ilin sonunadək gözləmək lazım gələcəyi demək idi.

Çünki neftin dünya bazar qiyməti qlobal iqtisadiyyat üçün “onun nə dərəcədə oksigenlə təmin edildiyi” göstəricisidir. Ona görə də xam neft üzrə dünya bazarının nəzarətdən çıxması qlobal iqtisadiyyat və aparıcı ölkələr üçün arzuolunmaz nəticələr doğurar, idarəetmənin itməsi demək olar.

Qeyd olunanlar səbəbindən birinci növbədə ABŞ özü narahat olmağa başladı. Martın 31-də ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olduğu barədə yayılan məlumatda hər iki dövlət başçısının neftin dünya bazarlarında mövcud qiymət səviyyəsinin nə ABŞ, nə də Rusiya üçün sərfəli olmadığının dilə gətirildiyi heç də təsadüfən qeyd olunmadı.

Sözügedən məlumata dair yazmışdım ki, vəziyyətdən çıxmaq üçün isə hər iki ölkənin dövlət başçılarının nə kimi addım atacağı - bunu müzakirə edib-etmədikləri bəlli deyil. Lakin mövcud vəziyyətdən bütün tərəflərin əziyyət çəkdiyi - ABŞ-da neft sənayesinin çökməkdə olduğu, Rusiyada bütün növ makroiqtisadi göstəricilərin, dayanıqlığın tənəzzülə uğramağa başladığı, Səudiyyə Ərəbistanında isə investisiya imkanlarının tükənməyə başladığı aydın idi.

Bu, bütün dünya iqtisadiyyatı üçün “əyləcin basılması və qısaqapanma” demək idi.

Onu qeyd etmək lazımdır ki, bilavasitə neft bazarının koronavirusun yaratdığı təsirlərə bundan sonra davam gətirmək imkanı maksimum 3-4 ay ola bilərdi. Sözügedən bəla ilin sonunadək davam etsə, neftin qiyməti 2022-ci ilə qədər 30 dollara çatmayacaqdı.

Bütün bunlardan ən çox əziyyət çəkən isə, təbii ki, ilk növbədə Birləşmiş Ştatlar olacaqdı. Çünki ABŞ-ın enerji sektorunda 10 milyondan çox adam çalışır.

Odur ki, “OPEC+” ölkələrinin bir araya gəlməsində ABŞ-ın böyük rolu oldu. Bunu sonuncu razılaşmada Meksikanın nümayiş etdirdiyi “ərköyünlüyün” əvəzini məhz ABŞ-ın çıxacağı və bunu öz boynuna götürməsi əyani sübut etdi. Belə ki, Meksika tərəfi gündəlik hasilatı 400 min barel əvəzinə, 100 min azaldacaq. Yerdə qalan 300 min bareli isə ABŞ əlavə olaraq azaltmağa boyun olub.

Diqqətçəkən digər məqam isə OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilatın məhz iki il ərzində - mayın 1-dən 2022-ci ilin aprelinədək üç mərhələ üzrə - 9,7-8-6 milyon barel azaldılması haqda qərarın qəbul edilməsidir.

Yəni bütün bu cəhətlər göstərdi ki, əsas məqsəd xam neft üzrə dünya bazarında nəzarətsizliyə yol verməməkdir, baş vermiş parçalanmanın dərinə işləməsinin qarşısını almaqdır. Çünki OPEC+ ötən müddət ərzində - 2017-2019-cu illər ərzində bazarda böyük tənzimləyici gücə malik olduğunu əyani göstərib.

Belə ki, 2014-2016-cı illərdə neftin ucuzlaşmasının qarşısını OPEC+ ölkələri aldı. 2017-2019-cu illər ərzində ABŞ bu qurumun mövqeyinə qarşı idi. Lakin göründüyü kimi, indi Vaşinqton özü OPEC+ ölkələrinin martın əvvəllərində məlum parçalanmadan sonra təkrar bir araya gəlməsində həlledici rol oynadı.

Qısası, OPEC+ ölkələrinin razılığa gəlməsi neftin qiymətinin 20 dollaradək və bundan aşağı düşməsinin qarşısını aldı. Amma qiymətlərin normal tempə qayıtması üçün qlobal iqtisadi aktivliyin bərpası zəruridir. Yəni koronavirus məsələsi yox olmalıdır. Əks təqdirdə, neftin qiyməti yenə 20 dollara doğru və bundan da aşağıya doğru dartıla bilər.

Koronavirus pandemiyasının isə nə vaxt yox olacağı hələlik məlum deyil.
//oxu.az//




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR