Son Xəbər: Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq, Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib, Magistratura üzrə plan yerləri niyə boş qalıb?, Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir, İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub, Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb, Sabah 39 dərəcə isti olacaq, Tokayev Azərbaycanın Mərkəzi Asiya formatına qoşulmasını yeni əməkdaşlıq mərhələsi kimi dəyərləndirib, Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub,

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Tarix: Bugün, 18:07


 


Son illərdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri, yəni Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan və Türkmənistanla münasibətləri günü-gündən inkişaf edərək yeni və strateji bir mərhələyə keçid edib. Coğrafi olaraq Cənubi Qafqazda yerləşən Azərbaycanı Mərkəzi Asiya ilə tarixi, mədəni, ortaq dil və din kimi dəyərlər birləşdirir.Belə dəyərlərə malik olmaq, eyni zamanda TDT kimi qurumda təmsil olunmaq əslində vahid blok kimi çıxış etməyə də şərait yaradır. Bu gün həm Azərbaycan, həm də Mərkəzi Asiya ölkələri üçün Şərq-Qərb nəqliyyat dəhlizinin, Xəzərdən keçərək, Qərbə doğru uzanan quru yolu və dəmir yolu şəbəkələrinin genişləndirilməsi, inkişafı prioritet məsələ sayılır. Artıq Mərkəzi Asiya ölkələri Azərbaycanla müştərək olaraq, Avropaya yaşıl enerji və elektrik enerjisinin nəqli kimi böyük layihələr üzərində işləyirlər. Eyni zamanda yükdaşımalarının artması, bu ölkələr arasında qarşılıqlı investisiyalar, layihələr, mədəni və humanitar əməkdaşlıqlar da birliyi gücləndirir. Bu mənzərə göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya arasında formalaşan əməkdaşlıq artıq təkcə regional münasibətlər sistemi deyil, bütövlükdə Avrasiyanın gələcək iqtisadi və geosiyasi arxitekturasını formalaşdıran əsas istiqamətlərdən biri kimi çıxış edir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə son illərdə artan templə inkişaf edən strateji əməkdaşlığı əslində yeni siyasi platformaların da meydana çıxmasına zəmin yaradıb. Elə iyulun 31-də Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının ilk qeyri-rəsmi görüşünə də bu prizmadan yanaşmaq lazımdır. Bu görüş növbəti bir diplomatik tədbir deyil. Çolpan-Ataya toplaşan liderlər Avrasiyanın dəyişən geosiyasi mənzərəsində yeni regional əməkdaşlıq modelinin formalaşdığını rəsmən bəyan edirlər. Liderlərin görüşündən sonra imzalanan Çolpan-Ata Bəyannaməsi göstərdi ki, artıq Azərbaycan və Mərkəzi Asiya dövlətləri əməkdaşlığı ayrı-ayrı ikitərəfli münasibətlər çərçivəsində deyil, vahid strateji baxış əsasında inkişaf etdirməyə çalışırlar. Bu gün dünyada baş verən proseslərə nəzər saldıqda görürük ki, qlobal güc mərkəzləri arasında rəqabət getdikcə dərinləşir, müəyyən münaqişələr səbəbindən beynəlxalq nəqliyyat marşrutları risk altına düşür, enerji təhlükəsizliyi bu gün bütün dövlətlər üçün ön plandadır. Bu fonda isə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə yeni əməkdaşlıq platformaları qurması yaxın gələcəyə yönəlik strateji hədəf, düzgün atılmış addım kimi qiymətləndirilməlidir. Bu həm də Azərbaycana imkan verir ki, Xəzər hövzəsi ilə Mərkəzi Asiya arasında siyasi dialoqu, iqtisadi inteqrasiyanı və nəqliyyat-logistika əməkdaşlığını əlaqələndirən əsas strateji mərkəzə çevrilsin. Çolpon-Atada verilən mesajlar onu göstərir ki, Bakı ilə Mərkəzi Asiya paytaxtları arasında formalaşan yeni tərəfdaşlıq modeli yaxın illərdə Avrasiyanın siyasi və iqtisadi xəritəsinə təsir göstərə biləcək mühüm geosiyasi proseslərdən birinə çevrilmək potensialına malikdir.

Məhz 31 iyul tarixində Qırğızıstanın Çolpan-Ata şəhərində təməli atılan yeni əməkdaşlıq platformasının ideoloji və siyasi dayaqları imzalanan sənədin məzmununda aydın şəkildə təsvir edilib. Bəyannamənin ilk müddəaları da göstərir ki, Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə münasibətləri əsrlər boyu formalaşmış ortaq tarixi yaddaş, mədəni irs və sivilizasiya bağları üzərində qurmağı prioritet hesab edir. Bu müddəa ilə yanaşı, sənədin vacib cəhətlərindən biri də beynəlxalq hüququn fundamental prinsiplərinə kollektiv sadiqliyin bir daha təsdiqlənməsidir. Müasir beynəlxalq münasibətlər sistemində suveren bərabərlik, müstəqilliyə hörmət, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq prinsipləri dövlətlərarası etimadın əsas təminatçısı olduğu üçün məhz bu sənəddə də sözügedən prinsiplər xüsusilə vurğulanıb. Eyni zamanda, Bəyannamədə regional əməkdaşlığın xalqların fundamental maraqlarına cavab verdiyinin vurğulanması göstərir ki, tərəflər iqtisadi inkişafın, təhlükəsizliyin və sosial rifahın yalnız qarşılıqlı etimada əsaslanan çoxtərəfli əməkdaşlıq şəraitində təmin oluna biləcəyini qəbul edirlər. Diqqətçəkən məqam isə odur ki, Bəyannamədə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakının xüsusi qeyd olunmasıdır. Bu, göstərir ki, rəsmi Bakı artıq regionun strateji tərəfdaşı kimi qəbul edilir. Eyni zamanda siyasi qərarların müzakirəsi və ümumi gündəliyin formalaşdırılması kimi vacib məsələlərdə mühüm rol oynayır.

Qeyd etdiyimiz beynəlxalq hüquq prinsiplərinə hörmət və siyasi həmrəylik əslində əməkdaşlığı da iqtisadi müstəviyə daşıyır. Məhz Çolpan-Ata Bəyannaməsində də bu istiqamətlərə xüsusi yer ayrılıb. Sənəd dövlət başçılarının müntəzəm siyasi dialoqu davam etdirmək və praktiki əməkdaşlığı daha da dərinləşdirmək iradəsini ortaya qoymaqla yanaşı, regionun iqtisadi inteqrasiyasının yeni mərhələsinə keçid üçün konkret prioritetləri də müəyyənləşdirir. Bunlar da təbii ki, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, biznes və investisiyalar üçün əlverişli mühitin formalaşdırılması, birgə istehsal müəssisələrinin qurulması, sənaye istehsalına diqqətin artırılması kimi istiqamətlərdir. Eyni zamanda Bəyananmədə nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsinə də xüsusi yer ayrılıb ki, günümüzün reallığı prizmasından bu, ən mühüm istiqamətlərdən biridir. Orta Dəhlizlə bağlı səsləndirilən fikirlər göstərir ki, Azərbaycan Avropa və Mərkəzi Asiya arasında etibarlı tranzit qovşağı kimi mövqeyini daha da möhkəmləndirir.

Son illər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər dənizində yaradılmış müasir logistika infrastrukturu və gömrük prosedurlarının rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın bu marşrutun əsas əlaqələndirici həlqəsinə çevrildiyini göstərir. Nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi isə yükdaşımaların həcminin artmasına, beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə də ciddi töhfə verir. Bundan əlavə, Avropaya yaşıl enerjinin ixracı istiqamətində də yeni imkanlar üzə çıxır. Azərbaycan külək enerjisi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpaolunan enerji layihələri ilə Mərkəzi Asiya ölkələrinin enerji potensialını birləşdirərək, Qərb üçün əvəzedilməz enerji mərkəzinə çevrilə bilər. Bundan əlavə, rəqəmsal transformasiya, süni intellekt, innovasiya, elm və texnologiyalar, kosmik tədqiqatlar, rəqamsal infrastruktur üzrə əməkdaşlıqla bağlı müddəalar da göstərir ki, Çolpon-Ata Bəyannaməsi yalnız mövcud iqtisadi əlaqələrin genişləndirilməsinə deyil, həm də Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında gələcək onilliklərin inkişaf gündəliyini müəyyən edən strateji yol xəritəsi kimi qiymətləndirilə bilər.

Nəzərə almaq lazımdır ki, yuxarıda sadalanan əməkdaşlıq və nəqliyyat dəhlizləri, enerji layihələrini reallaşdırmaq üçün sabit və təhlükəsiz regional mühitə ehtiyac yaranır. Buna görə də Bəyannamədə təhlükəsizlik məsələlərinə yer verilməsinə də məhz bu prizmadan yanaşmaq lazımdır. Çünki bu, iqtisadi əməkdaşlığın ayrılmaz bir hissəsi də sayıla bilər. Sənəddə terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibertəhlükələr və digər transmilli risklərə qarşı birgə mübarizənin vacibliyinin xüsusi vurğulanması göstərir ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri regional təhlükəsizliyi artıq yalnız hərbi aspektdə deyil, siyasi, iqtisadi və humanitar sabitliyin təminatı kimi dəyərləndirirlər. Bu gün müasir dünyamızda bu təhdidlər nəqliyyat marşrutlarını, enerji infrastrukturunu, investisiya mühitini də hədəf alır. Bu tip təhdidlərin qarşısını almaq üçün koordinasiyalı fəaliyyət, informasiya mübadiləsi, bir sıra qurumlar arasında əməkdaşlıq kimi istiqamətlər də vacibdir. Bu baxımdan, Çolpon-Ata Bəyannaməsi göstərir ki, tərəflər iqtisadi tərəfdaşlıqla yanaşı, ortaq təhlükəsizlik məkanının formalaşdırılmasını da gələcək regional inteqrasiyanın əsas sütunlarından biri hesab edirlər.

Diqqət ediləcək digər məqam isə ondan ibarətdir ki, Bəyannamədə dövlətlərarası münasibətlərin inkişafı yalnız siyasi və iqtisadi mexanizmlərlə yox, həm də xalqlar arasında formalaşan humanitar əlaqələrlə də təmin edildiyi üzə çıxır. Məhz buna görə sənəddə mədəniyyət, təhsil, elm, gənclər siyasəti və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi ayrıca strateji istiqamət kimi müəyyənləşdirilib. Yəni, sözügedən dövlətlər üçün cəmiyyətlərarası təmaslar, elm və təhsil sahələrində əməkdaşlıqlar, ortaq humanitar layihələr də çox ciddi önəm kəsb edir. Çünki xüsusən də elm sahəsində müxtəlif əməkdaşlıqlar insan kapitalının yetişdirilməsinə yeni imkanlar yaradır. Turizm sahəsində əməkdaşlıqlar isə həm xalqların inteqrasiyasına, mədəniyyətləri ilə daha yaxından tanış olmasına, iqtisadi fəallığın artmasına, birbaşa təmasların çoxalmasına töhfə verəcək.

Bəyannamədə əksini tapan müddəalar siyasi dialoqun institusionallaşdırılması, iqtisadi inteqrasiyanın sürətləndirilməsi, nəqliyyat və enerji əməkdaşlığının dərinləşdirilməsi, regional təhlükəsizliyin möhkəmləndirilməsi və humanitar əlaqələrin genişləndirilməsi kimi prioritetləri vahid platformada birləşdirərək Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Bu baxımdan, Çolpon-Atada verilən siyasi mesajlar təkcə iştirakçı dövlətlər üçün deyil, bütövlükdə Avrasiyanın gələcək geosiyasi və geoiqtisadi arxitekturası baxımından da mühüm əhəmiyyət daşıyır və Azərbaycanın regionlararası əməkdaşlığın əsas təşəbbüskarlarından biri kimi mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir.

Beləliklə, Çolpon-Ata görüşü və qəbul edilən Bəyannamə Azərbaycanın son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasətin və Mərkəzi Asiya istiqamətində qurduğu strateji tərəfdaşlığın növbəti mühüm nəticəsi kimi qiymətləndirilə bilər. Bu format Bakının regional əməkdaşlıq platformalarında artan nüfuzunu bir daha nümayiş etdirməklə yanaşı, Azərbaycanın Avrasiyanın siyasi, iqtisadi və nəqliyyat gündəliyində rolunun daha da möhkəmləndiyini təsdiq edir.(Report)





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR