Son Xəbər:
Tarix: 23-11-2019, 11:10
İranda soydaşlarımıza qarşı represiya davam edir.
Redaktor.az bildirir ki, politoloq Məhəmməd Əsədullazadə İranda baş verən proseslərdə son vəziyyətə aydınlıq gətirib.
Politoloq hesab edir ki, İranda baş verən etirazlar bu ölkənin daxili işi olsa da, insan hüquqlarının kobud surətdə tapdalanması artıq bəşəri bir problemdir:
“Heç bir ölkə insan hüquqlarının kobudcasına tapdanmasına göz yuma bilməz. İranda baş verən məlum aksiyalardan istifadə edən Tehran hakimiyyəti Təbrizdə, Ərdəbildə, Urmiyada azərbaycanlı fəallara qarşı siyasi repressiya həyata keçirir və işgənclərə məruz qoyur. Məhz bu etirazlardan əvvəl də İran hakimiyyəti azərbaycanlı fəallara qarşı cinayət işi açıb və həbs edərək işgəncələr verib. Bu gün rəsmi Tehran beynəlxaq hüquq təşkilatlarının İranda monitorinqinə icazə vermədiyi üçün bu işgəncələrin miqyasının hansı ölçüdə olduğunu təsəvvürə gətirmək olmur. İran konustitusiyasına əsaslanaraq öz haqlarını tələb edən soydaşlarımıza ən ağır cəza verilir. Bu gün İran hakimiyyəti elementar insan hüquqlarını tapadalayır və həbsxanalarda azərbaycanlı fəalları edam edir. Abbas Lisanin həbsi və ona qarşı işgəncələr İran hakimiyyətinin nə qədər soydaşlarımıza qarşı barışmaz olduğunu göstərir”.
Ehtiyatda olan zabit Əlisahib Hüseynov da İranda azərbaycanlılara qarşı olan münasibətlə bağlı saytımıza danışıb.
Ə. Hüseynov hesab edir ki, İranda baş verən və dünya KİV-lərinin də “benzin üsyanı” kimi dəyərləndirdiyi son etiraz aksiyalarını Güney Azərbaycanla əlaqələndirməyə və bizim də güneylilərin müstəqillik hərəkatına dəstək verməli olduğumuzu iddia edənlər yanılırlar:
“Çünki hazırda Güney Azərbaycanda müstəqillik hərəkatının heç bir əlamətləri görünmür. Odur ki, güneylilərin ayağa qalxdığını və bizim Təbrizi almağımız üçün əlverişli şəraitin yarandığını iddia etmək yalnız bir qrup romantiklərimizin arzu və istəklərinin təzahürüdür. Amma əsl həqiqətdə isə biz İranda baş verən olaylara realist yöndən baxmalıyıq. Çünki bu gün güneyli etirazçıların heç özləri də müstəqillik şüarları ilə çıxış etmir. Etiraz aksiyalarına qoşulan güneylilər də eynən farslar, bəluclar, qaşqaylar, İran ərəbləri kimi yalnız sosial-iqtisadi məzmunlu tələblərlə çıxış edirlər. Odur ki, hazırkı iğtişaşlarda Güney Azərbaycanın müstəqilliyi və yaxud da Təbrizin alınması məsələsi müzakirə mövzusu deyil. Məsələ, Qərbin İranın molla rejiminin əzmini qırıb yumşaltmaq, İranı neytrallaşdırmaq, bu ölkənin iqtisadi həyatını Qərbin nəzarəti altına keçirmək planlarından gedir. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar da məhz buna xidmət edir. Hazırda İran sanksiyaların məngənəsində boğulur. Tramp və Pompeo kimi ABŞ liderlərinin İranda keçirilən kütləvi etirazlara münasibət bildirərək aksiyaçılara dəstək verməsi və “biz etirazçıların yanındayıq” deməsi də rəsmi Tehrana qarşı psixoloji təzyiq formasıdır”.
Ə. Hüseynov bildirib ki, Xameneyi və komandası Qərbə təslim olmamaqda və öz hakimiyyətini qoruyub saxlamaqda maraqlıdır:
“Molla rejimi necə deyərlər, Qərbi qabaqlayıb, öz oyununu oynamağa, hadisələrin məcrasını öz maraqlarına uyğun şəkildə istiqamətləndirməyə çalışır. İstər İran hökumətinin, istər İran İslam Şura Məclisinin (parlamentinin) sədri Əli Laricaninin və İranın Daxili İşlər naziri Əbdürrza Rəhmani Fəzlinin, istərsə də İranın ali dini lideri Xameneyinin bəyanatları rəsmi Tehranın bundan sonra kütləvi etirazlara səbrlə yanaşmayacağı və etiraza çıxan hər kəsi sərt şəkildə cəzalandıracağını göstərir. Odur ki, bizim burda həyəcanlanıb, emosiyalara qapılıb Təbrizi almaq kimi utopik şüarlar səsləndirməyimiz qeyri-ciddilik olardı. Biz milli hisslərimizin kor fanatizmə və pafoslu romantizmə gətirib çıxarmasına yol verməməliyik. İndi “klaviatura qəhrəmanlığı”nın zamanı deyil. İndiki məqamda sadəcə olaraq, qonşu ölkədə baş verən prosesləri diqqətlə izləməliyik”.