Son Xəbər:
Tarix: 23-11-2019, 13:57
Bakı Dövlət Universitetinin 2№-li yataqxanasındakı ölümlə nəticələnmiş zəhərlənmə hadisəsi ətrafında yeni müzakirələr açılıb. Modern.az-ın məlumatına görə, müzakirələr zəhərlənmiş qızların ağızlarından qan gəlməsi ilə bağlıdır.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin hadisə ilə bağlı 21 noyabr tarixində yaydığı ilkin məlumatda deyilir:
“Bakı Dövlət Universitetinin 2№-li yataqxanasında zəhərlənmə hadisəsi barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35-də daxil olub. Həkimlər Mətbuat küç.-36 ünvanına çatdıqda otaqda huşsuz vəzuyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir”.
Qeyd edək ki, hadisə nəticəsində Bakı Dövlət Universietinin Fizika fakultəsinin 4-cü kurs tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb.
Tələbələr - 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı (Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi) və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı (Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi) Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar hazırda Toksikologiya şöbəsində müalicə alırlar və həyati təhlükələri yoxdur.
Baş Prokurorluğun məlumatına görə, polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, tələbələrin istifadə etdikləri qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib. Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Bəzi müstəqil həkimlər və bir sıra mütəxəssislər deyirlər ki, qida zəhərlənməsi qan qusmaya səbəb olmur.
Buna görə də onlar hadisənin detallarının diqqətli araşdırılmasını vacib sayırlar.
Bəzi ekspertlər deyirlər ki, zəhərlənmə zamanı qan qusma ancaq qəbul edilən qidanın tərkibində kimyəvi maddə ola bilsə, baş verə bilər..
Kliniki Tibbi Mərkəzin baş toksikoloqu Azər Maksudov da “Bizimyol.info”ya bildirib ki, zəhərlənmə hallarında ağızdan o zaman qan gələ bilər ki, daxilə kimyəvi maddə qəbul edilsin:
“O tələbələr məgər sirkə içiblər? Yox, kimdir bu məlumatı bu şəkildə yayan? Yanlış məlumat verilir. Zəhərlənmə halında ağızdan qan gəlmir. Ya hər hansı travma alıblar, ya da kimyəvi maddə qəbul ediblərsə, bu baş verə bilərdi. Botulizm deyil. Bu olsa belə, o da dərhal qanaxmaya səbəb olmur. Qazdan, tüstüdən və s. boğulmadan ölüm hallarında da qanamaya rast gəlinmir. Məncə, ətraflı araşdırma aparılmalıdır”.
Sosial şəbəkələrdə Dövlət Təhlükəsizlik Xidmətinin də məsələni diqqətə almasının vacibliyi önə çəkənlər bildiriblər ki, tələbələri zəhərləyən hansı qidadırsa, mütləq onun ölkəyə gətirən firma-şirkət ciddi tədqiq edilməlidir.
Hələlik tələbə qızların konkret olaraq hansı qidadan zəhərləndiyi rəsmən açıqlanmayıb. Onların hadisədən öncəki zamanda konservləşdirilmiş məhsullar (ət və süd məhsulları), turşu xiyar, suşi balığı, qızardılmış kartof yediyi, arıqlama çayı içdiyi kimi iddialar var.