Son Xəbər:
Tarix: 21-01-2021, 13:40
Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib. Qarşıdakı 2 ay müddətində İqtisadiyyat Nazirliyi ilə “YMT Sans B.V.” şirkəti arasında “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair müqavilə bağlanacaq. Müqavilə təsdiq edildikdən sonra 5 ay müddətində təhvil-təslim işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Dövlət şirkətlərinin yeni prinsiplər əsasında inkişafı
“Azərlotereya”nın xarici investorlara idarəetməyə verilməsi qərarını son zamanlarda dövlət şirkətlərinin fəaliyyətinin yenidənqurulması çərçivəsində verilmiş ən mühüm addımlardan biri hesab etmək olar. Azərbaycan hökuməti dövlət şirkətlərinin fəaliyyətinin yeni formatda qurulması, bu sahədə dövlət idarəçiliyinin effektivliyinin artırılmasını yeni dövr iqtisadi siyasətin prioritet istiqamətlərindən biri elan edib. 2020-ci ilin payızında Azərbaycan İnvestisiya Holdinqinin yaradılması kimi strateji qərar milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı məqsədini daşıyırdı.
2001-ci ildə yaradılmış “Azərlotereya” tirajlı lotereyaların təşkili və keçirilməsi sahəsində dövlət inhisarçısıdır. Şirkət mənfəətlə çalışan dövlət strukturlardan biri idi. Lakin koronavirus pandemiyası və karantin rejiminin tətbiqi ilə əlaqədar şirkətin fəaliyyəti 2020-ci ildə uzun müddət dayandırıldı. Bundan başqa, son illərdə şirkətin təşkil etdiyi tirajlara ictimai marağın azalması da müşahidə olunurdu. Baxmayaraq ki, Azərbaycanda lotereya oyunlarına maraq daim yüksək olub. Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi zərurəti demək olar ki, yetişmişdi.
Lakin bu dəfə təkmilləşmə istiqaməti olaraq cəmiyyətin fəaliyyətində inzibati islahatlar yolu deyil, daha fərqli yanaşma seçildi. “Azərlotereya” ASC-nin faktiki olaraq dövlət idarəetməsindən çıxarılması və özəl sektora ötürülməsi dövlət şirkətlərinin sağlamlaşdırılması istiqamətində yeni bir həlqə hesab oluna bilər.
İdarəetməyə verilmə qərarının mənfəətləri
Beləliklə, “Azərlotereya”nın xarici investorlara idarəetməyə verilməsi hökumətə nə verəcək?
İlk növbədə, prosesə xarici investorların cəlb edilməsi “Azerlotereya”nın fəaliyyətini əsaslı şəkildə dəyişəcək, cəmiyyətdə qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiq olunmasını asanlaşdıracaq, iqtisadi səmərəni, həmçinin Azərbaycanda lotereyaların populyarlığını əhəmiyyətli şəkildə artıracaq.
Bu, dövlət tabeli cəmiyyətlərin dövlətsizləşdirilməsi istiqamətində mühüm addımdır və faktiki olaraq, yeni özəlləşdirmə strategiyasının ilk elementi də hesab edilə bilər. Bu təcrübə digər dövlət tabeli strukturlarda da tətbiq oluna bilər. Bununla yanaşı, xarici investorların idarəçilikdə iştirakı məsələni xüsusilə aktuallaşdırır. Bu, Azərbaycanın dövlət sektorunun özəlləşdirilməsində marağı olan investorlar üçün müsbət bir çağırış, “yaşıl işıq”dır və iqtisadi mühitə marağın artmasına təkan verir.
Niyə türk şirkəti?
“Demirören Holding” Türkiyənin konqlomerat şirkətidir. Energetika, daşınmaz əmlak, tikinti, təhsil, liman, media sektoru, reklam, turizm, lotereya oyunlarının təşkili və rəqəmsal texnologiyalar sahələrini özündə birləşdirir. Şirkətlər qrupu, həmçinin Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkini həyata keçirir. İtalyanın məşhur oyun operatoru “Sisal SpA” ilə ortaq təşəbbüs quran “Demirören Holding” 2019-cu ildə Türkiyənin milli lotereyası “Milli Piyango”nun yaxın on il üçün əməliyyat hüquqlarını əldə edib. Holdinq ən müasir beynəlxalq oyun texnologiyalarının idxalı ilə məşğuldur.
Beləliklə, Türkiyənin məşhur şirkətinin “Azərlotereya”nın idarəçiliyinə cəlb edilməsi ölkəmizdə oyun sənayesini inkişaf etdirmək üçün investisiya və yeni texnologiya cəlb etməyə imkan verəcək. Bu, dünya təcrübəsində mövcud olan ən yaxşı modellərin, oyun sistemlərinin, satış, cəlbetmə və stimullaşdırma mexanizmlərinin tətbiqinə imkan verəcək. İnvestisiyalar holdinqin Niderlanddan olan “Ymt Sans B.V.” törəmə şirkəti vasitəsi ilə həyata keçiriləcək.
Cəmiyyətin fəaliyyətinin yenidən təşkili iqtisadi səmərənin artmasına gətirəcək, dövlət lotereyaların təşkilindən maksimal divident əldə edəcək, büdcə gəlirləri əhəmiyyətli şəkildə artacaq, eyni zamanda, ölkədə müasir lotereya tipli oyun sənayesi inkişaf edəcək.
Lotereya sistemi potensial imkanlarını daha yaxşı bir şəkildə realizə edəcək, yeni satış sistemləri, həmçinin, yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Əlavə distibütor şəbəkələri, xidmət terminalları əlavə multiplikativ effekt yaradacaq. Bütün bunlar bu sahədə “qara bazar”ın da sıxılmasına gətirəcək, vətəndaşları leqal oyunlara cəlb edəcək.
Qeyd edilməlidir ki, xarici investor qismində məşhur Türkiyə holdinqinin seçilməsi də təsadüfi deyil. “Demirören Holding”, həmçinin Azərbaycan iqtisadiyyatının enerji sektorunda təmsil olunur və Azərbaycan bazarı ilə yaxından tanışdır.
Lakin holdinqin təcrübə və investisiya imkanları ilə yanaşı, bu qərarda Vətən müharibəsindən sonra qardaş Türkiyə şirkətlərinin ölkə iqtisadiyyatına daha geniş miqyasda cəlb edilməsinin də payı var. Bu investisiyalar Azərbaycan iqtisadiyyatının güclənməsində mühüm rol oynayacaq.
“Azərlotereya”nın idarəçiliyə cəlb edilməsi ilə bağlı proses yeni start götürür. Müqavilənin detalları, onun mexanizmi, vergitutma, dövlət satınalmaları, borclanmalar, həmçinin investorların fəaliyyəti üçün mövcud tələb və prosedurların sadələşdirilməsi ilə bağlı məsələlər dəqiqləşdiriləcək. Bununla belə, artıq indidən demək olar ki, Azərbaycan hökuməti dövlət müəssisələrinin effektivliyinə nail olunması üçün bütün zəruri addımları atacaq.