Son Xəbər: BİZİM TƏQVİM: 26 noyabrda baş vermiş tarixi hadisələr, Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ,

Qiymət artımlarına dair əsaslandırmalara xalq niyə inanmır? - GƏLİŞMƏ

Qiymət artımlarına dair əsaslandırmalara xalq niyə inanmır? - GƏLİŞMƏ

Tarix: 5-02-2021, 09:59


Azərbaycan Tarif Şurasının tənzimlənən qiymətlərlə bağlı qərarlarına dair verdiyi açıqlamalar cəmiyyətdə daim qıcıq yaradır. Düzdür, dünyada hələ kimsə aldığı məhsulun qiymətinin artmasından razılıq etməyib. Bu baxımdan, kommunal xidmət tariflərinin artırılmasından kiminsə razılıq etməsini gözləmək gülünc olardı. Lakin məsələ burasındadır ki, əvvəla, Tarif Şurası qiymət artımı qərarlarını qəbul etdikdən sonra onun əsaslandırmasına dair izahatlarını ildən-ilə məhdudlaşdırır. Məsələn, 2011-ci ildə su tarifləri artırılarkən şura bunun səbəbini izah edərkən suyun maya dəyərinə daxil olan xərclərin payını da açıqlamışdı: əmək haqqı, enerji, istismar xərcləri maya dəyərində hansı paya malikdir və onlarda son illərdə hansı dəyişiklik baş verib.

Amma 2021-ci idə verilən analoji qərarın izahatında ictimaiyyət tərəfindən düzgün olaraq anormal hesab edilən əsaslandırma yer alıb: sən demə, “Azərsu” ASC-nin təqdim etdiyi məhsuldan istifadə edənlərin coğrafiyası və istehlakçı sayı artıb. Halbuki normal bazar prinsipi ilə yanaşdıqda bu amillər maya dəyərini aşağı salmalıdır. Digər bir əsaslandırma isə əhalidə ciddi etiraza səbəb oldu - əmək haqqı və pensiyalar artıb. Haqlı sual yarandı ki, nə vaxtdan su və kanalizasiya xidməti tarifləri əmək haqqı və pensiya məbləğinə bağlanıb?

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, ümumiyyətlə, Azərbaycanda dövlət qurumlarına etimad yoxdur: “Xüsusilə sosial əhəmiyyətli sahələrdə əsaslandırmalar gizli şəkildə, informasiya açıqlanması, hər hansı monitorinq nəticəsi olmadan aparılırsa, ekspert qiymətləndirmələri, ictimai institutlarla müzakirələr yoxdursa, bu zaman, təbii ki, ictimaiyyət bu kimi əsaslandırmalara inanmayacaq. Eyni zamanda deyilənlərlə real görünənlər arasında əhalinin özünün müqayisə aparmaq imkanları da var: son bir neçə gündə yayılan məlumatlara, aparılan müzakirələrə diqqət yetirmək kifayətdir. Necə ola bilər ki, daim dövlətdən külli miqdarda dotasiya alan, zərəri milyardlarla manatla ölçülən bir şirkətin rəhbəri, onun müavinləri, şöbə müdirləri dəyəri yüz milyonlarla ölçülən əmlaka sahiblənə bilirlər, amma müəssisənin özü zərərlə işləyir?! Bu, özü korrupsiyanın çox kəskin şəkildə yayılmasının bir indikatorudur. Bunu görən xalq həmin adamın özünün, rəhbərlik etdiyi qurumun verdiyi izahata, əlbəttə, inanmayacaq”.

Onu da qeyd edək ki, dünya təcrübəsində dövlətin hər hansı məhsulun qiymətini tənzimləməsi bir qayda olaraq, əsassız bahalaşmanın qarşısını almaq məqsədi daşıyır. Xüsusilə təbii inhisarçı müəssisələrin təqdim etdiyi qiymətlərlə bağlı dövlətin müvafiq qurumları tərəfindən daimi monitorinqlər aparılır, əsassız, yaxid ifrat qiymət artımı şəraitində qiymətləri tənzimləmək üçün zəruri addımlar atılır. Azərbaycanda isə dövlətin tənzimləyici rolu yalnız qiymətlərin artırılması istiqamətində müşahidə olunur. R.Həsənova görə, qiymətlərə nəzarət o halda mümkündür ki, bazarda ya kartel sövdələşməsi,yaxud inhisarçılar olsun: “Bunlar bazar inhisarçıları, yaxud təbii inhisarçılar ola bilər. Dövlət nəzarəti bu zaman yalnız qiymətlərin sövdələşmələr, yaxud təbii inhisarçının əsassız qərarı ilə artmasının qarşısının alınmasına yönəlir. Azərbaycanda bu məsələdə tamamilə yanlış yanaşma mövcuddur. Niyəsə bizim məmurlara elə gəlir ki, dövlətin istehlak bazarına nəzarəti hansısa sahibkara öz məhsulunu müəyyən müddətə qeyri-rəsmi müəyyənləşdirilmiş qiymətdən yuxarı satmağı qadağan etməkdən ibarətdir. Halbuki dünya təcrübəsinə əsasən hər hansı məhsulun qiymətinin artmasının qarşısını almaq üçün ilk növbədə artıma gətirən səbəblər araşdırılır. Daha sonra dövlət həmin səbəblərin aradan qalxması üçün tədbirlər görür, bu mümkün olmadıqda, sahibkarın üzləşdiyi zərərin bir qismini kompensasiya edəcək güzəştlər tətbiq edir. Yəni inhisarçı mövqedə olmayan bir marketə qiyməti qaldırmağı qadağan etmək bazar iqtisadiyyatı prinsiplərindən çox uzaq bir yanaşmadır. Dövlət bazarda elə şərait yaratmalıdır ki, satıcı istəsə belə öz məhsulunun qiymətini 5-10 faizdən yuxarı qaldıra bilməsin. Bu şəraitdə əgər bir istehsalçı, yaxud pərakəndə satıcı məshuluna digər satıcılardan daha yüksək qiymət təyin etsə belə, malını sata bilməyib yenidən qiymətləri korrektə etməli olacaq. Qiymətlərin bazar tənzimlənməsi məhz budur”.

Ekspert qeyd edir ki, xüsusilə dövlətin əlində olan kommunal sektorda korrupsiya aradan qalxmayınca, qiymətlərin optimal səviyyəsinə nail olmaq mümkün deyil: “Bu sektorda itkilər dünya ortalamasından dəfələrlə yüksəkdir. Bu da korrupsiyalaşmanın yüksək olmasından irəli gəlir. Müxtəlif yollarla mənimsənilən vəsaitlər son nəticədə itki adı ilə silinir. Buna görə də kommunal sektorda itkilərin real həcmi hesablanmalı, onu yaradan amillər aradan qaldırılmalı, şəffaflıq təmin edilməlidir. Yalnız bundan sonra kommunal xidmətlər üzrə real maya dəyərini müəyyənləşdirmək mümkün olacaq. Tarif Şurası düzgün qərar vermək istəyirsə, bundan başlamalıdır. Lakin şura belə etmir, heç onun üzvlərinin bir çoxu müzakirə olunan məsələyə diqqət belə yetirmir. Ona görə də qiymət artımına dair təkliflər dərindən araşdırılmadan, nəticələr hesablanmadan qəbul edilir ki, bu da cəmiyyətdə haqlı narazılıqlara səbəb olur”.
“Yeni Müsavat”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR