Son Xəbər:
Tarix: 11-03-2021, 09:12
Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçirilən qurultayında ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın ona qoşulması günlərdir ki, müzakirə mövzusudur. “Digər partiyalar da belə bir qərar verə bilərmi” sualı ətrafında fikirlər səslənməkdədir.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev partiyaların birləşməsinə normal baxır: “Hər zaman bu fikri bildirmişəm ki, oxşar ideologiyası olan partiyaların birləşməsi mümkündür. Ümummilli məsələlərdə isə birmənalı vahid mövqedən çıxış etmək lazımdır. Müharibədən əvvəl partiyaların bir mövqedən çıxış etməsi, iqtidarla müxalifətin birgə davranışı bunu göstərdi. Cəmiyyətdə birgə nizamnamələri olan partiyalar var ki, onların birləşməsi mümkündür. Amma Yeni Azərbaycan Partiyası ilə rəhbəri olduğum partiyanın birləşməsi mümkün deyil. Lakin bizim partiya ilə oxşarlığı olan qurumlar var. Müraciətlər olarsa, birləşmə ilə bağlı müzakirələr gedə bilər. Onu da deyim ki, biz blok siyasəti yürütmürük. Çünki müşahidə etdik ki, müəyyən dövrlərdə yaradılan blokların, birliklərin bir-birinə qarşı sonradan kampaniyaları başladı. Həm də onu gördük ki, blokların tərkibində olan partiyaların yanlışları olur və sən də bu yanlışlığı istər-istəməz daşıyırsan. Amma milli məsələlərdə bir yerdə hər an olmaq mümkündür.
İqtidar partiyasına birləşənlərin qərarına müsbət baxıram. Hesab edirəm ki, bu, hakim partiyanın uğurudur. Orada kadrların yenilənməsi, YAP-a yeni nəfəsin gəlməsi baxımından da əhəmiyyətlidir. Amerika modeli var. Deyək ki, iki aparıcı partiya var və onlar ölkənin taleyini həll edirlər. Düşünürəm ki, Azərbaycanda müxalifət düşərgəsində təmərküzləşmə gedəcəkdir. Bu, işin xeyrinə olar. Əgər gələcəkdə seçkilər proporsional şəkildə gedərsə, partiya sıralarında özünü tanıtmış adamlar daha çox yarışlara qatıla bilərlər. Bu, parlamentin də səviyyəsinə xeyli dərəcədə təsir edə bilər. Gələcəkdə hansısa partiyalar birləşəcəksə, bunu sadəcə alqışlayaram. Amma bizim hələlik heç bir partiya ilə birləşmək kimi düşüncəmiz yoxdur. Bu heç müzakirə mövzusu da deyil. Bizim düşüncəmiz Azərbaycan mərkəzli türk düşüncə sistemidir. Bütöv Azərbaycançı və Turançıyıq. Bu xəttə uyğun təşkilatlar olacaqsa, müzakirələr apara bilərik. Amma hələ ki belə bir müraciət yoxdur”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Partiyamız ölkədə real fəaliyyət göstərən təşkilatlardan biridir. Xalq arasında olan nüfuzu ilə də birincilər sırasındadır. Biz bu partiyanı hansısa təşkilata qoşulmaqdan ötrü yaratmamışıq. Hakimiyyətə gəlməkdən ötrü bu partiyanı yaratmışıq. Yeni Azərbaycan Partiyasına ”köhnə qvardiya" xəyanət edib getdi. İndi “yeni qvardiya” yaradıblar. Biz o partiyaya heç vaxt qoşula bilmərik. O partiyanın sədrinə böyük hörmətimiz var. Onu sevirik. Amma təəssüflər olsun ki, YAP indiyə qədər xalqın istədiyini ona verə bilməyib. Onun sədri təkbaşına fəaliyyət göstərir. Əksər keçmiş müavinləri ona xəyanət edib. Mehdiyevin komandasından çoxları hələ də oradadır. Müasir Müsavat Partiyası yaxın günlərdə Siyasi Şuranın iclasını keçirib, geniş qərar vermək niyyətindədir. Xalqın vəziyyətinin ağırlaşması, hərbçilərimizə, qazilərimizə olan ögey münasibət və digər məsələlər müzakirə ediləcək. Ola bilər ki, mitinqlərə start verək. Müasir Müsavat Partiyası heç bir partiyaya birləşməyəcək. YAP istəyirsə, gəlib bizə qoşulsun. Yeni Azərbaycan Partiyasından çıxarılanlardan bizə müraciət edənlər var. Onların məsələsinə baxacağıq. Onları sıralarımıza qəbul etsək, bizim adımız da korrupsioner kimi qala bilər. Düşünürəm ki, hər halda, təmiz adımızı, millətin bizə olan sevgisini aparıb zədələnmiş insanlara qurban verə bilmərik".
“Yeni Müsavat”