Son Xəbər:
Tarix: 13-11-2023, 12:31
Milli Məclisin plenar iclası “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanun layihəsi və "Büdcə Zərfi"nə daxil olan digər sənədləri müzakirəyə çıxarıb.
Eyni zamanda, zərfə daxil olan layihələrə dair Hesablama Palatasının hazırladığı rəy deputatlara təqdim olunub.
Qeyd edək ki, sözügedən qanun layihələri bundan əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Milli Məclisin digər komitələrinin iclaslarında hökumət üzvlərinin, müvafiq dövlət orqanlarının və ictimai sektorun nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunmuş, müfafiq təhlillər aparılmışdı.
Yenixeber.org xəbər verir ki, parlamentin bugünkü iclasında çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Milli Məclis sədrinin tövsiyəsi ilə komitə iclasına qanunvericilik orqanında təmsil olunan bütün siyasi partiyaların sədrləri və nümayəndəri dəvət olunub, onlara peşəkar müzakirələr üçün müvafiq imkanlar yaradılıb.
“Hesab edirik ki, belə bir imkanın yaradılması Büdcə Zərfinə daxil olan layihələrin ətraflı müzakirəsinin inkluzivliyini təmin etməklə yanaşı, dövlət başçısı tərəfindən ölkədə aparılan siyasi islahatların və siyasi dialoq müahitinin bir daha Ali Qanunverici Orqanda öz əksini tapmasının bariz nümunəsidir”, - T.Mirkişili deyib.
Komitə sədri xatırladıb ki, başa çatmaqda olan 2023-cü il ölkəmizin tarixində mühüm hadisələrlə zəngin olmuş, gələcək nəsillər üçün yeni dövrün başlandığı il kimi tarixə düşüb:
“2023-cü il ölkəmizdə “Heydər Əliyev ili”dir. Biz müasir və müstəqil Azərbaycanın memarı olan Ulu öndər Heydər Əliyevin 100 illiyini onun siyasətinə, tarixi irsinə ehtiram göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Eyni zamanda, hər kəs bilir ki, bizim Ulu öndərin xatirəsinə hörmətimiz həm də əməli işlərlə ölçülür və hər birimiz bunu öz işimizlə daim göstərməli, onun ideallarına xidmət etməliyik”.
T.Mirkişili deyib ki, 2023-cü ildə həm də Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməsinin 20 ili tamam oldu.
“O, tarix üçün çox qısa sayılan 20 il ərzində, dünyada bəlkə də ən mürəkkəb regionda yerləşən bir ölkəni və xalqı neçə inkişaf etdirmək olar, neçə gücləndirmək olar, müstəqilliyi və milli maraqları necə qorumaq olar, bütün daxili və xarici resursları bir hədəfə yönəldib, 20 il dayanmadan bu hədəfə doğru addım addım irəliləyərək bütün dünyanın mümkünsüz, olmaz dediyini neçə mümkün etmək olar, and içdiyi üçrəngli bayrağı bütün turk dünyasının ən uca zirvəsi olan Şuşaya neçə sancmaq olar və bu 20 il ərzində daim vətədandaşlarının və soydaşlarının qəhrəmanı və sevimlisi necə olmaq oların nümunəsini yaratdı. Və bu nümunə unikaldır. Cənab Prezident bütün turk dünyasında Zəfərin simvolunu yaratdı və zəfərin simvouna çevrildi. Qlobal pandemiya ilə mübarizə, bir müharibə aparmış, bir antiterror tədbirləri həyata keçirmiş bir ölkənin iqtisadiyyatının kifayət qədər dözümlü olması onun böyük nailiyyətidir. O, bu 20 il ərzində verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etdi.
2023-cü il Azərbaycan bayrağının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Xankəndində dalğalandığı, uzun illər dövlətimizə və xalqımıza böyük zərər vermiş erməni separatçılığına son qoyulduğu ildir. XXİ əsrdə öz dövlət suverenliyini tam bərpa edən yeganə ölkə olaraq tarixə düşən Azərbaycan gələcək inkişafı üçün yeni bünövrə inşa etdi. Məhz bu ildə biz ilk dəfə olaraq öz bayrağımızı bütün ərazimizdə görə bildik, ilk dəfə olaraq öz ərazimizin hər qarışına sahib olduq. İlk dəfə olaraq bütün Azərbaycan üçün dövlət büdcəsi qəbul edəcəyik. Bu çox böyük və qürüverici bir tarixi uğurdur!”.
T.Mirkişili bildirib ki, 2023-cü ildə dünya iqtisadiyyatı azalan xammal qiymətləri, sərt monetar və stimullaşdırıcı büdcə siyasətləri fonunda mülayim templərlə inkişaf edib. İnflyasiya templəri azalsa da, onun hələ də yüksək olması və dünyada geosiyasi-geoiqtisadi qarşıdurmanın artması qlobal iqtisadi artmın sürətlənməsinə mane olub.
“Xammal qiymətlərinin, xüsusən də enerji daşıyıcılarının qiymətlərinin azalması fonunda əksər ölkələrdə inflyasiya göstəricilərində zəifləmə müşahidə edilsə də, faktiki inflyasiya hələ də mərkəzi bankların müəyyənləşdirdikləri hədəfdən yüksək olaraq qalmaqda davam etmişdir. Qiymət dəyişməsi ölkələr üzrə əhəmiyyətli dərəcədə fərqlənmiş, orta illik inflyasiya Çin iqtisadiyyatında 0 %-ə-a yaxınlaşdığı halda, Türkiyədə 50%-dən yüksək olmuşdur. İstehlak səbətinin qrupları üzrə aparılmış təhlillər qiymət artımının mallar üzrə zəiflədiyini göstərsə də, xidmətlər sektorunda tələbin aktivliyi fonunda qiymət artımının daha qalıcı olduğunu göstərmişdir.
Beynəlxalq təşkilatların proqnozuna əsasən 2023-cü ildə qlobal iqtisadi artımın 2.5-3.0% arasında, 2024-cü ildə isə 2.1-2.9% arasında olması gözlənilir.
2023-cü ilin yanvar-sentyabr aylarında neftin 1 barelinin orta aylıq qiyməti illik müqayisədə 21,0 ABŞ dolları və ya 20,7% azalaraq 80,6 ABŞ dolları təşkil etmiş, 2024-cü ildə neftin 1 barelinin dünya bazarlarında orta qiymətinin 80-95 dollar olacağı proqnozlaşdırılır. Amma eyni zamanda Yaxın Şərqda baş verən hadisələr fonunda tamamilə fəqrli səhnə ilə üzləşəcəyimiz də istisna deyildir.
Beynəlxalq təşkilatların hesablamarına əsasən növbəti ildə sərt monetar siyasətin təsirlərinin davam edəcəyi, eləcə də tələb təzyiqlərinin səngiyəcəyi gözləntiləri ilə qlobal miqyasda inflyasiya proseslərinin mülayim xarakter alacağı proqnozlaşdırılır. Bu proqnozlara görə Qlobal orta illik İnflyasiyanın bu ilin sonuna 6.9%, 2024-cü ildə isə 5.8% olacağı proqnozlaşdılır. Artan əmək xərcləri, xammal bazarlarında, o cümlədən enerji məhsulları bazarında yüksək volatillik inflyasiya risklərinin hələ də aktual olacağını göstərir. Bu risklər fonunda fiskal və monetar siyasətin sinxron şəkildə aparılmasının növbəti ildə də zəruri olacağı ethimal edilir.
2024-cü ildə qlobal dövlət borcunun artaraq onun ÜDM-ə nisbətinin inkişaf etmiş ölkələr üzrə 112,7%, inkişaf etməkdə olan ölkələr üzrə isə 70,1% olacağı proqnozlaşdırılır. Qeyd edim ki, Azərbaycanda bu göstərici 14.5%-dir”.
Komitə sədri bildirib ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında əlverişli makroiqtisadi meyillər izlənmiş, tamamilə qeyri neft-qaz sahələri hesabına olmaqla iqtisadi artım təmin edilmiş, inflyasiya tempində zəifləmə müşahidə olunmuş, tədiyə balansında profisit nəzərə çarpmışdır.
“Belə ki, bu ilin 9 ayı ərzində ölkədə Ümumi Daxili Məhsul 0.8%, qeyri-neft-qaz Ümumi Daxili Məhsulu 3% artmış, neft-qaz Ümumi Daxili Məhsulu isə 1.5% azalmışdır. Qeyri-neft qaz sektorunda ÜDM-nın artımına əsas töhfəni tikinti və turizm sektoru vermişdir. Neft qaz sektorunda ÜDM-nin azalmasına əsas səbəbləri isə qiymətlərin enməsi və neft hasilatında azalma səbəb olmuşdur.
Bu dövrdə ümumi ixrac idxalı 14 mlrd dollar üstələmiş, qeyri-neft-qaz ixracı faktiki qiymətlərlə 10.6%, əhalinin nominal gəlirləri 13.9%, orta aylıq əmək haqqı isə 11.3% artmışdır. Qeyri-neft-qaz ixracının qeyri neft-qaz idxalını maliyyələşdirməsi nisbəti 29.2%-dən 30.5%-ə yüksəlmişdir..
Eyni zamanda, bu ilin 9 ayı ərzində orta illik inflyasiyanın səviyyəsi 10.9% olmuşdur. İlin sonuna bu göstəricinin 9.5% olacağı proqnozlaşdırılır. İl ərzində Mərkəzi bank tərəfindən uçot dərəcəsi artırılsa da, bu ay ilk dəfə olaraq uçot dərəcəsi aşağı salınmışdır.
Carin ilin 8 ayı ərzində strateji valyuta ehtiyatlarımız artaraq 67.5 mlrd dollara çatmış, Tədiyyə balansının cari əməliyyatlar hesabında profisit qeydə alınmışdır. 01 iyul 2023-cü il vəziyyətinə xarici dövlət borcu 116.7 mln dollar azaldılaraq, ÜDM-in 10% ni, daxili borc isə 782.1 milyon manat artarat ÜDM-nin 4.5%-ni təşkil etmişdir. Baxılan dövr ərzində ölkə iqtisadiyyatına kredit qoyuluşları 17.5% artaraq 22.5 milyard manatı keçmişdir.
2023 8 ay ərzində büdcə gəlirləri proqnoza nisbətən ( DNF trasnfertini istisna etsək) 106% icra edilmişdir. Bu dövrdə Dövlət Neft Fondunun vəsaitlərindən 6.5 mlrd manat istifadə etmək proqnozlaşdırılsa da, bu məbləğun yalnız yarısından istifadə edilmişdir. Büdcə xərcləri proqnozla müqayisədə 105.6% icra edilmiş, 218 mln manat kəsir qeydə alınmışdır.
Ümumiyyətlə, 2023-ci il üzrə iqtisadi artıma nail olunması, büdcə gəlirlərinin və xərclərinin icrasında qarşılıqlı nisbətin əsasən qorunub saxlanmsı, büdcə kəsirinin proqnozlaşdırılan səviyyədən xeyli aşağı olması, tədiyyə balansı hesablarında müsbət dinamikanın qorunması, qeyri neft ixracının və qeyri-neft vergi daxilolmalarının artması, əldə olunan makro-iqtisadi sabitlik 2024-ci ilin dövlət büdcəsinin planlaşdırılmasında mühüm baza rolunu oynamışdır.
2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş makroiqtisadi çərçivəyə əsasən, növbəti il ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi, o cümlədən ölkə iqtisadiyyatının real artım, məqbul inflyasiya, profisitli tədiyə balansı və sabit məzənnə ilə xarakterizə olunacağı nəzərdə tutulur. Büdcə zərfində təqdim edilmiş məlumatlara əsasən, növbəti il və sonrakı üç ilin makroiqtisadi çərçivəsi baza, optimist və pessimist olmaqla 3 ssenaridə hazırlanmış, növbəti ilin büdcə layihəsinin tərtibi zamanı baza ssenari əsas olaraq qəbul edilmişdir. Baza ssenari üzrə proqnozların hazırlanması zamanı neftin qiyməti 60 ABŞ dolları müəyyən edilmişdir. Nisbətən konservativ və ehtiyatlı olan bu yanaşmanı baş verə biləcək hadisələrə adekvat cavablara hazır ola bilmək baxımından məqbul hesab edirik”.
T.Mirkişilinin sözlərinə görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində aparılan müzakirələr, aparlmış təhlillər və Hesablama Palatasının təqdim etdiyi rəy Dövlət Büdcəsi layihəsi haqda danışmağa lazımi imkanlar yaradıb.
“Məhz bu imkanlardan çıxış edərək Dövlət büdcəsi layihəsinə komitənin rəyini təqdim edirəm:
Qeyd edim ki, layihəyə makro-iqtisadi rəy vermək üçün 2024-cü il üçün ölkəmiz qarşısında duran çağırışlar, bu çağırışlara cavab vermək üçün mövcud olan imkanlar, imkanların çağırışlara cavab verməsi üçün hökumətin plan və proqnozları, bütün bu alətlərin Dövlət Büdcəsində qanun və qaydaların tələb etdiyi formada əks etdirilməsi məsələləri bizim diqqət mərkəzimizdə olmuşdur.
Apardığımız təhlillər göstərir ki, 2024-cü ilin dövlət büdcəsi layihəsi tərtib edilərkən layihənin tərtibi və strukturu ilə bağlı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi tələb və müddətlər gözlənilmişdir. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın əksər tədbirlərinin maliyyə təminatı icraçı qurumların büdcəsində ayrıca nəzərə alınmaqla dövlət büdcəsində əks etdirilmişdir. 2024-cü ilin dövlət büdcəsinin proqnozları üzrə büdcə qaydasına riayət edilmiş, büdcə qaydası üzrə hədəflərin yerinə yetirilməsinə bir sıra faktorlar da şərait yaratmışdır. Fiskal risklər nəzərə alınmış, dövlətin prioritetləri əsas götürülmüşdür.
2024-cü ildə qarşımızda ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, ölkə iqtisadiyyatına reinteqrasiya olunması və Böyük Qayıdışın təmin olunması, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icra edilməsi kimi makro-fiskal hədəflər və çağırışlar vardır. Eyni zamanda, təhlillər göstərir ki, 2024-cü ildə biz Regional və qlobal siyasi və hərbi gərginlik, Qlobal miqyasda tənəzzül meylləri və riskləri, inflyasiya təzyiqləri və təklif proqblemləri kimi daxil və xarici mühit çağırışları ilə də üz-üzə olacağıq.
2024-cü ildə iqtisadi artımın davam etməsi, qeyri-neft sektorun inkişafı, iqtisadiyyatda şəffaflığın artması, enerji məhsullarının, o cümlədən alternativ enerji məhsullarının ixracının və çoğrafiyasının genişlənməsi, nəqliyyat daşımalarının intensivləşməsi üçün münbit sabit siyasi şəraitin mövcudluğu növbəti il üçün bizə yeni imkanlar vəd edir.
Belə ki, təqdim edilmiş layihədə baza ssenaridə 2024-cü ildə Ümumi Daxili Məhsulun real artım tempinin 2.4%, qeyri-neft-qaz Ümumi Daxili Məhsulun real artım tempinin isə 4.6% olacağı, artımın əsasən qeyri-neft sektoru hesabına təmina olunacağı, Qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsulda payının 71.2%-ə, orta aylıq əmək haqqının 980 manata çatacağı, Orta illik inflyasiyanın 5.3% olacağı, Tədiyyə Balansının Cari Əməliyyatlar Hesabının və Xarici Ticarət balansının profisitlə olacağı proqnozlaşdırılmışdır. Növbəti ildə Dövlət büdcəsinə hesablanan vergi və gömrük rüsumları üzrə daxilolmaların ümumi həcmi 19.8 milyard manatı keçəcəkdir.
Qeyd edim ki, Mərkəzi Bankın elan etdiyi proqnozlarda 2024-cü ildə Ümumi Daxili Məshulun 3,5%, qeyri-neft-qaz sektorunda ÜDM-in 6% artacağı göstərilir. Mərkəzi Bank tərəfindən bu ildən başlayaraq makro-iqtisadi proqnozların verilməsini biz təqdirəlayiq hal hesab edir, apardığımız təhlil və müzakirələrdə bunu faydalı sayırıq
Təqdim edilmiş izahatda 2022-ci ildə vergi və gömrük rüsumları üzrə tətbiq olunan güzəşt və azadolmalarla bağlı dövlət büdcəsinə hesablanmayan məbləğin 7630,8 milyon manat təşkil etməsi göstərilmişdir. Qeyd etmək istərdim ki, azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi və büdcə, sosial və iqtisadi baxımdan səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı məlumatların Milli Məclisin İqtisadi siyasət komitəsi ilə birlikdə müzakirə edilməsini vacib sayırıq. Sahibkarlarla aparılan bir çox görüşlər göstərir ki, təqdim edilən bəzi güzəştlərin onların məhsul istehsalının və ixracının həcminin artırılmasına, rəqabət qabiliyyətinin güclənməsinə təsiri əhəmiyyətli dərəcədə olmamışdır. O baxımdan ölkədə məhsul istehsalının və ixracının artımını dəstəkləyən güzəştlərin verilməsinin vacib hesab edirik. Bu baxımdan Nazirlər Kabinetinin daxili istehsalda istifadə olunan və yerli istehsalı mövcud və ya səmərəli olmayan 272 adda xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının 2024-cü il 1 yanvar tarixindən 7 il müddətinə “0” dərəcəyə endirilməsi haqqında qərarını təqdirə layiq hal hesab edirik.
Təqdim edilmiş layihədə 2024-cü il üçün Dövlət büdcəsinin gəlirləri 2023-ci ilin dövlət büdcəsi gəlirlərindən 282.5 milyon manat çox olaraq 34 milyard 173 milyon manat nəzərdə tutulumuşdur. Dövlət büdcəsi gəlirlərinin 50.2%-ni qeyri-neft sektorunun, 49.8%-i isə neft-qaz sektorunun hesabına formalaşacaqdır. Qeyri-neft qaz sektorunda büdcə daxilolamalarının 1 058.2 milyon manat artması, neft qaz sektorundan büdcə daxilolmalarının isə 775.7 milyon manat azalması proqnozlaşdırılır. Vurğulamaq istərdim ki, son 5 il ərzində dövlət büdcəsinin qeyri-neft gərliləri təqribən 6.3 miliyard manat və ya 60% artmışdır.
Qeyd edim ki, neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin azalmasının əsas səbəbləri növbəti ilə təbii qazın satış qiymətlərini kəskin düşməsi, neft hasilatında gözlənilən azalma ilə izah edilir. Bu riskləri nəzərə alaraq ölkəmizdə alternativ enerji layihələrinin uğurla icra edilməsi istiqamətində mühüm işlər görülür və əminliklə demək olar ki, Azərbaycan regionun əsas yaşıl enerji ixracatçısına çevriləcəkdədir.
Qeyri neft qaz sektoru üzrə vergi və gömrük orqanlarının vastitəsilə təmin olunan gəlirlərin təqribən 1.1 milyard manat artıq planlaşdırılmasını məqbul hesab edir, buna ölkədə gedən iqtisadiyyatda keyfiyyət dəyişiklikləri, biznes mühitinin şəffaflaşması, dövlət-sahibkar arasında etimad mühitinin artması, həmçinin, inflyasiyanın və idxalın artmasının zəmin yaradacağını düşünürük. Ümumiyyətlə, son 5 ildə vergi və gömrük orqanlarının xətii ilə təmin olunan dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 6.3 milyard manat və ya 66% artması təqdirəlayiq haldır.
Eyni zamanda, bu ilin Büdcə gəlirlərinin 9 aylıq icra göstəriciləri və növbəti ilə optimist ssenarinin baş vermə ehtimalının yüksək olması 2024-cü ilin büdcə gəlirlərinin planlaşdırıldığından daha çox olacağını deməyə əsas verir.
Səmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən gələn gəlirlərin 2023-ci ilə nisbətən 237 milyon manat çox planlaşdırılmasını təqdirə layiq hal hesab etmək yanaşı, bu müəssisələrdə dividend bölgüsünün qaydalarının işlənib hazırlanmasını vacib hesab edirik. Eyni zamanda bu müəssisələrdə səmərəliliyin və xərclərə nəzarətin artırılması üçün mühasibatlıq uçotunun tam elektronlaşmasını və müvafiq məlumatlara nəzarət orqanları ilə bölüşülməsini vacib hesab edirik.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcminin 2023-cü ilə nisbətən 1043.3 milyon manat artırılmasını neft-qaz sektorundan daxilolmaların azaldılması ilə izah edilməsini məqbul sayırıq. Eyni zamanda, hesab edirik ki, Dövlət Büdcəsini icrası zamanı mümkün potensialların reallaşması bu məbləğın az icrasına səbəb ola bilər.
2024-cü il Dövlət Büdcəsi xərclərinin 2023-ci ilə nisbətən 138.2 milyon manat artılıraq 36 milyard 763 milyon manata çatdırılmasını yuxarıda sadaladığım çağırışlara cavab vermək baxımından məqbul hesab edirik. Dövlət büdcəsi xərclərində sosial yönümlü xərclərin 1034.5 milon manat artırılaraq 15 772.9 milyard manata və ya xərclərin 42.9%-ə çatdırılması dövlətin sosial siyasətinin icra edilməsini lazımi maliyyə resursları ilə təmin edəcəkdir.
İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə dövlət büdcəsindən 4000,0 milyon manat vəsait nəzərdə tutululması bu regionun iqtisadi və sosial həyata reinteqrasiyasına mühüm təhvə verəcəkdir
Xüsusi təyinatlı alışlar istisna olunmaqla Müdafiə, təhlükəsizlik, məhkəmə, hüquq-mühafizə və prokurorluq xərclərinin 559.2 milyon manat artırılmasını ölkəmizin bu sahədə yaranan və yanacaq təhlükələrən qorunması baxımıdan məqbul hesab edirik. Ərazimizdə münaqişə bitsə də, sərhədlərimizdən kənarda bizim üçün təhlükələrin mövcudluğu bu sahədə əlavə tədbirlərin görülməsini vacib etməkdədir.
Təhsilə ayrılan xərclərin 142.8 mln manat artırılmasını məqbul hesab edirik. Bu istiqamətlərdə aparılan istlahatların, xüsusilə də, Tələbə Krediti fonduna əlavə 8 mln manat vəsaitin ayrılmasnı, sertfikatlaşmadan keçən müəllimlərin əmək haqqlarının artırılmasını, dövlət hesabına təhsil alanların sayının 10 645 nəfər artırılaraq 137 minə çatdırılmasını müsbət hesab edirik.
Keçmiş məcburi köçkün, ölkənin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş, əlil şəxslərin övladları olan tələbələr, döyüş əməliyyatlarında iştirak etdiyinə görə Müharibə veteranı almış şəxslər və sair güzəştli kateriqoriya aid şəxslərin təhsili üçün dövlət büdcəsindən 37.9 mln vəsait ayrılmasını sosial dəstək baxımından vacib hesab edirik.
Səhiyyə xərcləri çərçivəsində İcbari Tibbi Sığorta büdcədən kənar fonduna dövlət büdcəsindən köçürmənin 112.2 milyon manat artırılmasını, bu konteksdə adam başına düşən icbari tibbi sığorta haqqının artırılaraq 122.9 manata çatdırılmasını təqdirə layiq hal hesab edirik.
Büdcə xərclərində qeyri-neft qaz məhsullarının ixracının, müxtəlif iqtisadi dəstək tədbirlərinin həyata keçirilməsi üçün ayrılan vəsaitləri vacib hesab etməklə yanaşı, cari xərclərin artım dinamikasının, Publik Hüquqi şəxslərə ayrılan subsidiyaların artım dinamikasının, nəticə əsaslı büdcə planlaşması və icrası üçün büdcə təşkilatlarının strateji planlama sahəsində davranışlarının arzu olunan həddə olmamasının da bizi narahat etdiyini demək istərdim. Yalnız büdcə vəsaitlərindən deyil, bütövlükdə dövlət vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsini vacib hesab edirik. Hesab edirik ki, nəzarət yalnız xərclərə deyil, həm də gəlirlərin formalaşmasında hansı prinsiplərə əməl edildiyini əhatə etməlidir.
Büdcə planlaşmasında və icrasında hər il tətbiq olunan yenilikləri və təkmilləşmələri təqdirəlayiq hal hesab edirik. Büdcə dayanıqlılığının qorunub saxlanılmasını da iqtisadi siyasətdə mühüm uğur hesab edirik. Eyni zamanda, müasir texnologiyaların inkişafı, ölkəmizdə bunun hər sahədə tətbiqi bu sahədə də yeni imkanlar yaradır. Konseptual olaraq hesab edirik ki, artıq büdcə təşkilatları üçün vərdiş halını almış bu və ya digər istiqamətlər üçün büdcə vəsaitinin istənilməsi və ayrılması təcrübəsindən tədricən uzaqlaşaraq, sosial-iqtisadi siyasətin məqsədlərinə çatmaq üçün maliyyə təminatının istənməsinə, ayrılmasına və icrasına nəzarətə nail olmaq lazımdır. Bu istiqamətdə müəyyən işlər artıq görülməkdədir, amma daha çox işlərin də görülməsinə ehtiyac vardır.
Qanun layihəsinə dair izahatda fiskal risklər və mitiqasiya tədbirləri barədə geniş məlumatların verilməsini mühüm və təqdirəlayiq hal hesab edirik. Hesab edirik ki, qeyri-standard vəziyyətin hakim kəsildiyi bir dövrdə doğru və çevik qərarların qəbulu mexanizmi məlumat bolluğu, çox ssenarilik və geniş təhlillərin aparılmasını tələb edir. Bu mənada Büdcə zərfinə daxil edliən məlumatların 3 ssenari əsasında hesablanmasını təqdirə layiq hal hesab edirik.
Aparılmış təhlillər təqdim edilmiş layihənin büdcə qaydasına uyğun hazırlandığını deməyə əsas verir. Təqdim edilmiş məlumatlar əsasında aparılmış hesablamalara əsasən, 2024-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbəti 22,2% proqnozlaşdırılmışdır ki, bu da müvafiq göstəricinin büdcə qaydası çərçivəsində olduğunu deməyə əsas verir.
2023-cü ilin 1 iyul tarixi vəziyyətinə dövlət borcunun məbləği 16151,0 mln. manat olmaqla ÜDM-ə nisbəti 14,5% təşkil etmişdir ki, bu da müvafiq nisbətin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədd çərçivəsində olduğunu göstərir
Təqdim edilmiş layihədə 2024-cü ildə Dövlət Büdcəsnin kəsiri 144.3 mln manat azaldılaraq 2 590 milyon manat təşkil edəcəkdir. Dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbəti isə 2.2% təşkil edəcəkdir”.
Yekunda T.Mirkişili deyib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Büdcə Zərfinə daxil olan qanun layihələri ilə bağlı aparılan Milli Məclisdə aparılan müzakirələri əhatəli və məhsuldar hesab edir.
“Hesab edirik ki, müzakirəyə təqdim edilən 2024-cü il və sonrakı üç ilin icmal və dövlət büdcələrinin layihələri ortamüddətli dövr üzrə makroiqtisadi proqnoz göstərciləri nəzərə alınmaqla hazırlanmış, eyni zamanda dövlətin əsas funksiyalarının yerinə yetirilməsi ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən prioritet xərc istiqamətləri əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələr üzrə müvafiq maliyyə təminatı yaradıcaqdır”.