Son Xəbər:
Tarix: 14-05-2021, 09:48
Aprelin 17-dən etibarən Azərbaycandan Türkiyəyə ikitərəfli müqavilə çərçivəsində təbii qazın nəqli dayandırılıb. Bu barədə dunya.com saytı (Türkiyə) “Şahdəniz” konsorsiumunun operatoru olan BP şirkətinə istinadən məlumat yayıb. Məlumata görə, qaz nəqlinin dayandırılmasına səbəb 2001-ci ildə imzalanmış müqavilənin müddətinin başa çatmasıdır. Həmin müqaviləyə uyğun olaraq Azərbaycandan Türkiyəyə ildə 6,6 milyard kubmetr təbii qaz ixrac edilirdi. BP-dən bildirilib ki, yeni anlaşmanın imzalanması üçün Türkiyənin BOTAŞ dövlət şirkəti ilə danışıqlar aparılır.
Bununla yanaşı, TANAP boru xətti ilə Türkiyəyə təbii qazın nəqli davam edir. Türkiyə bu kəmərdən ildə 6 milyard kubmetr qaz götürür.
Qaz tədarükünün 1 aya yaxındır dayanmasına baxmayaraq, hələlik yeni bir anlaşma əldə edilməyib. Tərəflər təbii ki, müqavilənin müddətinin nə vaxt bitəcəyini bilirdilər, bu səbəbdən ehtimal etmək olar ki, danışıqlar hələ müqavilənin müddəti başa çatmadan başlayıb. Belə söz-söhbət də var ki, danışıqların uzanmasının səbəbi Türkiyənin qiymətdə endirim istəməsidir.
Bu mövzuda “Press Klub”un suallarını cavablandıran Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, yeni müqavilə ilə bağlı danışıqlar gedir:
“Danışıqlar getməsə, o zaman faktiki, “Şahdəniz 1” müqaviləsinin əsas hissəsi bitmiş olardı. Çünki “Şahdəniz 1” müqaviləsinə görə, qazın əsas alıcısı qismində məhz Türkiyə Cümhuriyyəti çıxış edir. Türkiyəni təmsil edən BOTAŞ şirkətidir. “Şahdəniz 1” layihəsindən təxminən 30 faiz qaz Azərbaycanın daxili bazarına gəlir. Onun 500 milyon kubmetri Gürcüstan bazarında kommersiya şərtləri ilə satılır, yerdə qalanı isə Türkiyə bazarına gedir. “Şahdəniz 1” layihəsi üzrə ildə 10 milyarddan bir qədər artıq qazın hasil edildiyini nəzərə alsaq, 6.5 milyard kubmetr qaz məhz Türkiyə bazarına çıxarılır. Aprelin 16-da Azərbaycandan qaz nəqli dayanıb. Niyə məhz aprelin 16-da dayandırılması bir qədər müəmmalıdır. Çünki qazın alqı-satqısına dair müqavilə Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində, 2001-ci il mart ayının 12-də imzalanıb. Həmin müqavilədə, o zaman açıqlanan şərtlərə görə, 2004-cü ildən Azərbaycan qazının 15 il müddətinə Türkiyəyə ixracı nəzərdə tutulmuşdu. Ancaq Azərbaycan qazının Türkiyə bazarına ayaq açması, ilk kubmetrinin satışı 3 iyul 2007-ci ildə başlayıb. Bu tarixdən götürsək, müqavilənin bitmə müddəti 2022-ci il edir. Ona görə də, müqavilə bitmədən qazın dayandırılması məsələsi mənim üçün də müəmmalı oldu”.
Ekspertin sözlərinə görə, müqavilədə belə bir şərt var idi ki, müqavilənin bitməsinə 6 ay qalmış əgər tərəflərdən biri hər hansı etiraz bildirməsə, o zaman müddət uzadılır:
“Ancaq tərəflərdən biri müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı təkilf irəli sürərsə, bu, 6 aydan əvvəl ola bilər. Çox güman ki, müqavilənin bu şərti ilə əlaqədar olaraq bu hal baş verib. İkincisi, o zaman hesab edilirdi ki, “Şahdəniz 1” layihəsi üzrə cəmi 178 milyard kubmetr qaz hasil ediləcək. Daha sonra oradakı ehtiyatların bir qədər artıq olduğu müəyyənləşdi və 200 milyard kubmetr qazın hasil ediləcəyi məlum oldu. İndi ümumilikdə “Şahdəniz 1”dən 140 milyard kubmetr qaz çıxarılıb. 60-70 milyard kubmetr qalır. Əgər nəzərə alsaq ki, ildən-ilə bu həcm azalır və həcm azaldıqca müddət uzanır, onda “Şahdəniz 1”in uzadılması nəticəsində qazın alqı-satqısı qarşıdakı 10 il müddətini əhatə edə bilər”.
Qiymət məsələsinə gəldikdə, İlham Şaban qeyd etdi ki, bir tərəf istəyir daha ucuz qaz alsın, digər tərəf isə istəyir qazı baha satsın:
“Bu isə kommersiya baxımından normal hal və qarşıya qoyulan hədəfdir. Uzunmüddətli ticari əlaqələri götürəndə hər iki tərəf istəyir ki, ortaq məxrəcə gəlinsin. Ona görə də Azərbaycanla Türkiyə arasında qaz sazişinin tezliklə imzalanacağını düşünmürəm. Qaz müqaviləsinin müddətinin bitməsi 2022-ci ilin ortasına təsadüf edir. İkinci bir tərəfdən də, “Şahdəniz 1” üzrə qaz getmirsə, hasilatçı kimi Azərbaycana ziyandır. Bu baxımdan onu da istisna etmirəm ki, Türkiyə Cümhuriyyətinin rəhbəri Ərdoğanın Azərbaycana gözlənilən səfəri zamanı bu müqavilə imzalana bilər”.
Qazın qiymətinin aşağı salınmasını ekspert məntiqə uyğun hesab etmədiyini söylədi:
“Azərbaycan da, Türkiyə də hər zaman deyir ki, Azərbaycan qazı ən rəqabətədavamlı qazdır. Rəqabətədavamlı qaz o deməkdir ki, Türkiyənin digər mənbələrdən aldığı qazla müqayisədə ən ucuzu Azərbaycan qazı olub. Əgər Türkiyə ən ucuz qazı Azərbaycandan alırsa, bundan da ucuzunu almaq ağlabatan fikir deyil. Burdan aydın olur ki, qaz müqaviləsinin şərtlərində onun dəyəri ilə əlaqəli məsələ deyil, digər məsələlər – alqı-satqı mexanizmində dəyişikliklərlə bağlı Azərbaycanın təklifləri müzakirə oluna bilər. Türkiyə Azərbaycandan qaz almasa, ya İran, ya Rusiyadan almalıdır. İran qazı ən baha qazdır. İran qazından bir qədər ucuz isə Rusiya qazıdır. Rusiya qazı Azərbaycan qazından bahadır. Burada sual çıxır ki, Türkiyə öz mayasına niyə ziyan etsin?..”
Ekspertin sözlərinə görə, əvvəlki müqavilədə qiymətlə bağlı yazılmışdı ki, Türkiyə bu qaza görə 70 dollardan aşağı vəsait ödəyə bilməz:
“Digər bir tərəfdə də yazılmışdı ki, Türkiyə 120 dollardan yuxarı bir məbləğ də ödəyə bilməz. Bu müqavilə imzalananda qazın qiyməti dünya bazarında 30 dollar ətrafında idi. 2000-ci ilin oktyabrında Azərbaycan Rusiyadan 25 dollardan qaz alırdı. Qazın qiyməti bu cür idi. Daha sonra qiymət qalxdı və Rusiya Gürcüstana qazı 2007-ci ildə 300 dollara təklif etmişdi. Bu qısa müddət ərzində qiymət artımı bu cür baş verdi. Əgər 2001-ci ildə neftin bir barelinin qiyməti 22 dollar idisə, 2007-ci ildə neftin bir barelinin qiyməti təqribən 80 dollar ətrafında olmuşdu”. //pressklub.az//