Son Xəbər:
Tarix: 6-08-2020, 10:32
Ermənistanda yenidən daxili siyasi mübarizə güclənir. Eks-prezident Robert Köçəryan geniş anlamda və bəlkə də Yerevan üçün o qədər də uğurlu olmayan Tovuz döyüşlərinin mənəvi nəticələrindən faydalanmaq qərarına gəlib. Onun tabeliyində olan Qarabağ klanının (Respublika Partiyası) mətbuat katibi Eduard Şarmazanov sərt ittihamlar səsləndirərək, Paşinyanın döyüşlərin getdiyi və cəmiyyətin konsolidasiyasına ehtiyac duyduğu bir vaxtda müxaliflərə qarşı siyasi repressiyaları gücləndirdiyini söyləyib.
“Hakimiyyət parlamentdə təmsil olunan “Çiçəklənən Ermənistan” partiyasını məhv etmək üçün aşkar cəhdlər edir. Ermənistan Respublika Partiyasından olan həmkarlarımla bağlı getdikcə daha çox yeni cinayət işləri qaldırılır”, - o deyib.
Şarmazanovun fikrincə, Ermənistandakı mövcud hakimiyyət milli və vətənpərvər ideologiyanı məhv etməyə çalışır. O, Paşinyanı Moskva ilə münasibətlər səviyyəsini sıfıra endirməkdə ittiham edərək, bu səbəbdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana arxa çevirdiyini vurğulayıb.
Mümkündür ki, baş verənlər hər hansı bir yolla Paşinyan iqtidarını sarsıtmaq və nəticədə onu devirmək cəhdlərinin davamıdır. Bəzi politoloqlar, hətta yazırdılar ki, Tovuz-Tavuş toqquşmaları Rusiya tərəfindən erməni hərbçiləri ilə birlikdə eyni məqsədlə - ermənilərə Paşinyan rejiminin təhlükəsini, onun Azərbaycan ordusuna qarşı durmaq üçün xüsusi qabiliyyətinin olmadığını göstərmək üçün edilə bilərdi. Bu, versiyalardan biridir.
Mövzuya dair AYNA-nın suallarını cavablandıran tanınmış politoloq, millət vəkili Rasim Musabəyovun sözlərinə görə, Ermənistanda daxili problemlər böyüyür və bununla yanaşı Paşinyan hökumətinin koronavirus pandemiyası ilə bağlı atdığı addımlar kifayət qədər qənaətbəxş deyil: “Gürcüstanla müqayisədə yoluxma və ölüm hallarının sayı 10 dəfə çoxdur. Azərbaycanla müqayisədə bu rəqəm iki və ya üç dəfə çoxdur. Üstəlik, Azərbaycan əhalisinin sayı da Ermənistandan üç dəfə artıqdır. Bütün bunlarla yanaşı iqtisadi vəziyyətin getdikcə pisləşdiyi də bəllidir. Ermənistan Kremlin dəstəyini itirir, lakin hələ də Rusiyanın bölgədə müttəfiqi olması Paşinyanın Qərbdən gözlədiyi və gələn kömək mövcud əhalinin ehtiyaclarından 10-20 dəfə azdır. Ukraynanın, Gürcüstanın və Moldovanın eyni sayda əhalisi üçün aldıqlarından daha azdır”.
“Və belə bir fonda Paşinyanın hakimiyyətdən uzaqlaşdırdığı dairələrin Ermənistan daxilində müxalif fəaliyyətləri artır. Nikolun hakimiyyətə gəlməsi ilə müşayiət olunan əhali arasındakı eyforiya da azalmaqdadır. Və belə vəziyyətdə o, təbii olaraq müxalifəti və rəqiblərini əvvəlcədən zərərsizləşdirmək üçün müxtəlif güc vasitələrindən istifadə etməyə başlayır. "İşıqlı Ermənistan"dan olan keçmiş tərəfdaşı parlament binasında sadəcə təpiklənir və alçaldılır, başqa bir müxalifətçi, parlament partiyası olan "Çiçəklənən Ermənistan"ın liderinə qarşı cinayət işi açılır və Tsarukyan təqib ediir. Nəzərə alsaq ki, Tsarukyan seçkilər zamanı rüşvət paylamaqda günahlandırılır, Paşinyanın komandasının nəhayət Ermənistan Konstitusiya Məhkəməsinə tam nəzarəti ələ keçirdikdən sonra onun partiyasının ləğv məsələsini də istisna etmirəm. Eyni zamanda, bu, həmin fraksiyanın deputatlarının parlamentdən kənarlaşdırılmasına səbəb olacaq”, - şərhçi deyib.
Deputat bildirib ki, digər tərəfdən Respublikaçılar (Qarabağ klanı) təhdid mənbəyi olaraq qalmaqdadır: “Bəli, onlar parlamentə girə bilmədilər, amma yerli idarəetmə orqanlarında, hüquq mühafizə sistemində onların tərəfdarları olan çox sayda insan var. Belə vəziyyətdə Paşinyan Serj Sarkisyanı və partiyasını hakimiyyətdən uzaqlaşdırdığı zaman olduğu kimi, daxili siyasi vəziyyətin pisləşəcəyindən qorxur: əhali tərəfindən dəstəklənmə səviyyəsi azalmağa davam edərsə, o, hökuməti ilə birlikdə devrilə bilər”.
Musabəyov Köçəryan amilinə də diqqət çəkib: “Onun tərəfdarlarını da unutmaq olmaz. Həbsdən müvəqqəti buraxılsa da, düşünürəm ki, Köçəryan ciddi nəzarətdədir və onun Paşinyanın əli çatdığı bütün əmlakına həbs qoyulmaqda davam edəcək. Əlbəttə, Paşinyan Kremllə münasibətlərin praktiki olaraq düşmənçilik səviyyəsində olduğunu başa düşür. O, Moskvada şəxsən qəbul olunmur. Baxın, Moskvada alçaldıcı bir qəbulla qarşılaşacağından ehtiyat edərək, Putinin dəvəti ilə parada getmədi. Ancaq hər şeyə baxmayaraq, bəzilərinin dediyi kimi, yarıerməni olan və ya erməni lobbisi ilə yaxşı əlaqələri olan Mişustinlə görüşmək üçün Minskə qaçdı. Bunlar hamıya məlum olan faktlardır”.
“Erməni hərbçilərinin, hətta Paşinyanın başı üzərindən Moskvadan gələn komanda ilə Tovuz istiqamətində təxribata başlamış olduğuna şübhə etmirəm. Azərbaycan kommunikasiyaları üçün təhdid yaratma ehtimalını sınamaq və fürsət yaranarsa, ən azı 3-6 ay ərzində Azərbaycan neftini və qazını Türkiyə bazarından çıxarmaq Moskvanın planlarına daxil ola bilər. Məlumdur ki, bu gün Türkiyədə heç kim ruslardan qaz almır. Kəmərə zərər vurmaqla, Rusiya həm də bu marşruta - Cənub Qaz Dəhlizinə Avropa istehlakçılarının əminliyini sarsıda bilər”, - müsahibimiz vurğulayıb.
R.Musabəyovun dediyinə, bütün bu amillərin masada nə dərəcədə qalacağını və praktik siyasətdə nə zaman istifadə ediləcəyini əvvəlcədən demək çətindir: “Bir şey aydındır ki, Paşinyan hökuməti ilə Moskva arasındakı münasibətləri normallaşdırmaq (onları heç olmasa xarici cəhətdən daha çox qəbul edilən formata gətirmək) ehtimalı azdır. Bu isə o deməkdir ki, Ermənistanda daxili narazılıq və gərginlik artacaq. Yəni belə bir vəziyyətdə kimsə ilə danışmağa dəyməz: əhalinin etimadını itirdiyi və rəqiblər tərəfindən hər addımda tənqid edilən Paşinyan hökuməti ilə Qarabağ tənzimlənməsi ilə bağlı hansısa razılaşma əldə olunmasının mümkün olmasına inanmıram. Ermənistana hərbi təzyiqi artırmaq barədə düşünməliyik”.