Son Xəbər:
Tarix: 21-05-2021, 09:11
Ermənistanda Rusiya sarıdan növbəti məyusluq yaşanır. Məsələ ondadır ki, Azərbaycanın məğlub ölkə ilə sərhəd xəttinin müəyyənləşdirilıməsi ətrafında rəsmi İrəvanın qaldırdığı süni hay-küy öz hədəfinı çatmadı. Vəziyyəti yalandan siyasiləşdirməklə həm müttəfiq Rusiyanı, həm də ABŞ və Fransanı eyni vaxtda Bakıya qarşı qoymağa çalışan Ermənistan rəhbərliyi gözlənilmədən Kremlin neytral, bir qədər də soyuq və narazı reaksiyası ilə üzləşdi.
Paris və Vaşinqtonun sərhəd məsələsində İrəvana faktiki dəstəyi fonunda Kremlin belə təmkinli yanaşması onsuz da anti-Rusiya ovqatının güclü olduğu Ermənistanda az qala, şok effekti yaradıb. Çünki aydın olub ki, Rusiya ermənilərin növbəti cılız və məkrli oyununun iştirakçısı olmağa, Azərbaycanla münasibətləri gərginləşdirməyə hazırlaşmır. Buna Azərbaycan və Rusiya prezidentləri - İlham Əliyev və Vladimir Putinun srağagünkü telefon danışığı da şübhə saxlamadı.
Bu kimi gəlişmələr isə İrəvanda Rusiya-Ermənistan müttəfiqliyi, KTMT məsələsi mövzusunu təzədən gündəmə gətirib. Yeni isterik ovqat yaradıb.
*****
Bəlkə də qərbçi baş nazir əvəzi Nikol Paşinyanın niyyəti elə bu idi ki, ABŞ və Fransanın canıyananlığı fonunda “Rusiyanın Ermənistan üçün əsl dost-müttəfiq dövlət olmadığını” və İərvanın bölgədə faktiki tək qaldığını erməni cəmiyyətinə bir daha göstərsin, bununla da Moskvaya qarşı neqativ əhvalı gücləndirsin. Hərçənd dəfələrlə yazdığımız kimi, Ermənistan adlı kvazi-dövlətin bölgədə yeganə varlıq qarantı məhz Rusiyadır, Qərb yox.
İkinci yandan, Birləşmiş Ştatlar və Fransanın Ermənistana sərhəd məsələsində haqsız dəstəyi heç də Paşinyanın “qara qaş-gözünə” görə deyil, Cənubi Qafqazda “erməni kartı” hesabına öz mövqeyini təsbit eləmək, Minsk Qrupuna “ikinci nəfəs” vermək və 10 noyabr 3-tərəfli kapitulyasiya sənədini sabotaj edib yekun etibarilə Rusiyanı, Türkiyəni regionda sıxışdırmaqdır. Yəqin ki, bunu Moskvada da başa düşürlər. Odur ki, Kreml “erməni dudkası”na getmir, Ermənistanın tərəfini tutmur və tutmayacaq.
Rusiya XİN başçısı Sergey Lavrov və onun müavini Andrey Rudenkonun son günlər bir-birinin ardınca verdikləri açıqlamalar, Bakı və İrəvana sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı vasitəçilik və ortaq komissiya yaratmaq təklifləri, həmçinin Rusiyanın “nüvəsini” təşkil elədiyi KTMT adından sərgilənən analoji mövqe məhz bunun anonsudur. Moskva öz forpostuna bununla açıq mesaj göndərir ki, İrəvanın vəziyyəti süni şəkildə qızışdırıb Qərbin aparıcı güclərinə “kozır” vermək cəhdlərindən məmnun deyil və ondan Bakı ilə konstruktiv danışıqlara başlamağı gözləyir. Bunu həmçinin Kremlin hədə stilində xəbərdarlığı da saymaq mümkündür.
*****
Erməni analitiklər də Rusiya XİN-in bu qəbildən bəyanat və açıqlamalarının Ermənistana kömək etməkdən imtina anlamına gəldiyini düşünürlər.
“Rusiya özünün xarici siyasət idarəsi səviyyəsində Ermənistana hərbi yardım göstərməkdən imtina etdi. Moskva Ermənistan-Azərbaycan münaqişəsində Ermənistanın müttəfiqi deyil, vasitəçi kimi çıxış edir”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “Kavkazskiy uzel”ə erməni politoloq Armen Vardanyan deyib.
Onun qənaətincə, Rusiya Azərbaycanla münasibətləri korlamaq istəmir: “Rusiyadan fərqli olaraq, ABŞ və Fransa açıq şəkildə Ermənistanı dəstəkləyərək, Bakıdan öz qoşunlarını geri çəkməyi tələb etdi. Hərçənd belə sərt reaksiyanı məhz Rusiya verməli idi, əgər Ermənistan-Rusiya strateji müttəfiqliyi və Ermənistanın KTMT-yə üzvlüyü nəzərə alınarsa”.
Lragir.am-ın siyasi şərhçisi Akop Badalyan da Rusiya Xarici İşlər Nazirliyi nümayəndəsinin açıqlamasının Ermənistana kömək etməkdən imtina anlamına gəldiyi fikri ilə razılaşır. “Daha əvvəl Sergey Lavrov sərhəd münaqişəsinin həll edilən məsələ olduğunu və narahatlığa əsas olmadığını söyləmişdi. Bununla Moskva Ermənistanın mövqeyi ilə razılaşmadığını bildirir. Rusiya hesab edir ki, vəziyyət erməni tərəfinin təqdim etdiyi qədər kəskin deyil”, - deyə Badalyan qeyd edib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanla qarşıdurmaya səbəb ola biləcək və ya gərginlik yarada biləcək açıq bəyanatlardan yayınacaq: “Moskva vəziyyət kəskin bir mərhələyə gələnə, qarşıdurmadan qaçmaq mümkün olmayanadək publik qiymətləndirmədən qaçacaq. Və bu vəziyyət təəccüblü deyil. Həmişə belə olub. Rusiya hələ 1990-cı illərin sonlarında göstərdi ki, problem onun maraqlarına birbaşa təsir etməyənədək Azərbaycanla konfrontasiyaya girməyəcək”.
Öz növbəsində digər erməni siyasi yazar Naira Melkumyana görə, konkret situasiyada Moskva İrəvana şəffaf şəkildə anladıb ki, İrəvanla müttəfiqlik ondan ötrü Bakı ilə münasibətlərə bərabər önəmdədir: “Ona görə də Rusiya rəsmilərinin açıqlamaları Ermənistana yardım etməkdən imtina deməkdir”.
Rusiyalı hərbi icmalçı Aleksandr Qolts isə hesab edir ki, Rusiyadan və ya KTMT-nin hər hansı digər ölkəsindən Azərbaycanla birbaşa hərbi qarşıdurma gözləməyə dəyməz: “Rusiya ilə Azərbaycan arasında qarşıdurma Kremlin bölgədəki siyasətinin iflası demək olardı. Düşünürəm ki, ya bilavasitə Azərbaycana təzyiqlə, ya da Türkiyənin vasitəçiliyi ilə məsələnin diplomatik yolla həlli üçün bütün resurslar işə salınıb. Moskvaya hər hansı bir şəkildə vəziyyəti nizamlamaq lazımdır”, - deyə o vurğulayıb.
Ekspertin sözlərinə görə, XİN nümayəndəsinin açıqlaması diplomatiya nöqteyi-nəzərindən baxıldığı təqdirdə Ermənistana yardım göstərməkdən imtina edilməsidir. Bununla yanaşı, o, Ermənistanın hərbi yola əl atacağına şübhə edir. “Çünki bu, Ermənistan üçün ciddi nəticələr doğura bilər. Ermənistan Azərbaycanla eyni hərbi gücdə deyil”, - analitik xəbərdarlıq edib.
Görünür, bunu yaxşı anladığı üçün də Ermənistan “cəhənnəmə tək getmək” istəmir...
“Yeni Müsavat”