Son Xəbər:
Tarix: 4-06-2021, 13:51
Ermənistan vətəndaşlarının və yüz minlərlə diaspora ermənisinin davranış tərzi kütləvi psixoz və zehni çatışmazlıq problemləri ilə məşğul olan mütəxəssislərin araşdırma predmetinə çevrilməlidir.
Bütün bunlar erməni sosial şəbəkələrində mükəmməl şəkildə öz əksini tapır.
Müəllif Vadim Stepantsov bu barədə km.ru saytında “Qarabağdan sonra Ermənistan: heç nəyi başa düşmədilər, heç nəyi unutmadılar, heç nə öyrənmədilər...” adlı məqaləsində yazır.
O qeyd edir ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın müxtəlif sosial şəbəkə platformalarında itirilmiş milli təhlükəsizliyə və gələcək təhlükələrə həsr edilmiş sonsuz müzakirələr aparılır.
"Bu sonsuz həyəcanlı müzakirələrin fonunda isə bircə dənə də olsa konstruktiv təklif yoxdur.
Təəccüblüdür ki, respublikada ölkəni bu dərin vətənpərvərlik böhranından “çıxarmaq” funksiyasını öz üzərinə götürməyə hazır olan bir dənə də olsun sosial qrup və ya partiya formalaşmayıb.
“Müharibədə məğlub olmuş “yeni generallar” balıq kimi susur. Vaxtilə yeni siyasi elitanın aktiv sosial həyatın kənarında saxladığı köhnə sovet dövrünün generalları da susur.
Vaxtı ilə həftənin yeddi günü hakimiyyətin başında olacağı təqdirdə Ermənistanın tanınmaz dərəcədə müsbətə doğru dəyişəcəyini bütün dünyaya çar çəkən “cəsur və əzmkar müxalifət” də susur.
Gecə-gündüz Vladimir Putin, Co Bayden, Si Tsinpin və göylərdəki tanrı ilə xüsusi əlaqələrinin olması ilə öyünən diaspora da ağzına su alıb oturub.
Sosial şəbəkələrdə öz ölkələrinin qəhrəmanlarının fotolarını profillərinə qoyan vətənpərvər ermənilərin respublikalarına kütləvi axını da müşahidə edilmir. Nə elan olunan aclıq aksiyaları, nə də kütləvi etirazlar var”, - yazıda qeyd olunur.
Müəllif qeyd edir ki, buna baxmayaraq Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət də öz növbəsində gərgin olaraq qalır.
Tərəflərin imzaladığı bütün razılaşmalara baxmayaraq yalnız Rəcəb Ərdoğanı (Türkiyə Prezidenti) və İlham Əliyevi (Azərbaycan Prezidenti) tanımayanlar güman edə bilər ki, onlar mövcud status-kvodan məmnun qalacaq.
“Vəziyyəti hansısa bir şəkildə sakitləşdirmək üçün Ermənistan prezidenti Armen Sarkisyan hərbi-siyasi rəhbərliyi ölkənin ərazi bütövlüyünü qorumaq naminə təcili və sərt addımlar atmağa çağırdı.
Cavabında - dəniz səssizliyi. Bunun ardınca ictimai qəzəb partlayışı baş verdi - KTMT və Rusiya hara baxır? Və ümumiyyətlə əgər o təsirsizdirsə belə bir hərbi blok kimə lazımdır? Təəssüf ki, belə bir “ləng” reaksiya üçün xeyli obyektiv səbəblər var.
İlk növbədə başa düşmək lazımdır ki, blok şəklində müqavimət sistemi Yalta-Potsdam sisteminin qalığıdır.
Zamanında “kapital dünyası” NATO-nu, sosialist düşərgəsi isə Varşava Paktını yaratdı. Bu paradiqmada blok bir ittifaq forması kimi məna daşıyırdı və hətta müqavilədə göstərilən öhdəlikləri praktik olaraq həyata keçirə bilərdi. Ancaq o zaman da bloklaşma siyasəti bir-birinin ardınca uğursuzluqlara düçar olurdu. Vyetnamda ABŞ praktik olaraq tək başına döyüşürdü. Əfqanıstanda NATO ölkələri hər şəkildə müqavilədə göstərilən öhdəliklərdən yayınırdılar.
İyirmi il ərzində yalnız özlərini qorumaqla kifayətlənərək (Amerikalılardan fərqli olaraq) aktiv döyüşlərdə iştirak etmədilər.
KTMT klassik bir blok olaraq heç vaxt operativ hərbi cavab mexanizmlərinə sahib olmayıb.
Belarus və ya Qazaxıstanın Ermənistanın ərazi bütövlüyü üçün Azərbaycan və Türkiyəyə qarşı mübarizə aparacağını düşünmək ən azı sadəlövhlük olardı.
Paşinyanın Lukaşenkonun ünvanına küçə dilində dediyi “siz ümumiyyətlə susun, çünki sizin ölkənizi vaxtilə bizim Baqramyan xilas edib!” - filippikasından sonra ümumiyyətlə köhnə Qafqaz münaqişəsində Belarusun iştirakını düşünmək sadəlövhlük olardı".
Müəllif KTMT-nin daha çox Rusiyaya dost olan postsovet ölkələrini əlavə bir bayraq altında birləşdirmək üçün hazırlanmış siyasi təşkilat olduğunu qeyd edir.
“Belə olan halda ermənilər arasında məntiqli sual yaranır: Bəs erməni tərəfi üçün onun mənası nədir?
Lakin, birinci qeyd etmək lazımdır ki, məhz onun (KTMT-nin. red) vasitəsi ilə Ermənistana silahlar onilliklər ərzində güzəştli və daxili qiymətlərlə tədarük edilmişdir.
İkincisi, o, kritik vəziyyətlərdə lazım ola biləcək başqa bir hüquqi strukturdur. Bütün bunları İrəvanda bilirdilərmi? Əlbəttə.
Ancaq bir vaxtlar kritik vəziyyətdə kömək üçün müraciət etmək qərarına gələn təşkilatın nüfuzdan salınmasına böyük bir töhfə verən məhz Ermənistan idi”, - müəllif yazır.
“Nikol Paşinyan tərəfindən general-leytenant Yuri Xaçturovun (KTMT Baş katibi) personası ətrafında yaradılan qalmaqal nəyə xidmət edirdi?
Kreml rəsmiləri bunu təşkilatın nüfuzuna və öz növbəsində Rusiyanın nüfuzuna qəsdən zərbə kimi qəbul etdilər. Və bu zərbə açıq-aydın Paşinyananın okeanın o tayındakı kuratorlarının göstərişi ilə vurulmuşdu”, - müəllif qeyd edir.