Son Xəbər:
Tarix: Bugün, 10:29
Son vaxtlar Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə orta məktəb şagirdləri arasında aqressiv davranış, həmyaşıdlarına və müəllimlərə qarşı zorakılıq halları, hətta silahlı insidentlərin şahidi oluruq.
Təkcə Azərbaycan və Türkiyədə 2026-cı il başlayandan bəri bir neçə belə hadisə qeydə alınıb.
Birinci hadisə fevral ayında Bakıda yerləşən özəl liseydə baş verib. 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngini məktəbə gətirərək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib və ona ağır xəsarət yetirib.
İkinci hadisə Bakının mərkəzi məktəblərindən birində olub. 5-ci sinif şagirdi mübahisə zamanı sinif yoldaşının üstünə spirt tökərək onu yandırıb. Nəticədə uşaq yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Digər bir məktəbdə isə 5-ci sinif şagirdinin dəftərində sinif yoldaşlarının adlarından ibarət "öldürmək siyahısı" tapılıb.
Ən dəhşətli insident isə qonşu Türkiyənin Kahramanmaraş vilayətində yaşanıb. Orta məktəbin 8-ci sinif şagirdinin 5-ci sinif şagirdlərinə silahlı hücumu nəticəsində 1 müəllim və 8 şagird olmaqla 9 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.
Həmçinin, Şanlıurfa vilayətində liseyə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb. Hadisəni törədən 2007-ci il təvəllüdlü məzun sonra özünü öldürüb...
Şagirdi qələm və kitabla təsəvvür etdiyimiz halda, bu cür hadisələr, əlbəttə, tük ürpədir. Uşaqlar arasında zorakılıq hallarının artması adi cinayət statistikası deyil, həm də sosial siqnaldır.
Aqressiv davranışın motivləri müxtəlif olsa da, təhlükəli tendensiyanın səbəbləri sırasında oxşarlıqlar çoxdur: ailə və məktəb dəyərlərinin deqradasiyası, rəqəmsal mühitdə canlı ünsiyyət çatışmazlığı, sosial şəbəkələrin mənfi təsirləri və s.
Adının çəkilməsini istəməyən müəllim "Report"a açıqlamasında son illər şagirdlərin davranışında aqressiyanın nəzərəçarpacaq dərəcədə artdığını qeyd edib: "Əvvəllər uşaqlar mübahisəni sözlə həll etməyə çalışırdısa, indi ən kiçik söz-söhbətə belə fiziki müdaxilə, təhqir və ya hədə ilə cavab verirlər. Biz müəllimlər sinifə təkcə dərs keçmək üçün deyil, həm də uşaqlara empatiya qurmağı, hörmət və ünsiyyət mədəniyyətini yenidən formalaşdırmaq üçün giririk. Təəssüf ki, bu bəzən ailədə və sosial mühitdə verilməyən tərbiyənin boşluğundan irəli gəlir. Nəinki sinif yoldaşlarına, heç müəllimlərə də hörmət etmirlər. Bəzi valideynlər övladı barədə irad və təklif səsləndirən müəllimi düşmən gözündə görür, kəskin aqressiv reaksiyalar verir".
Məsələnin psixoloji tərəflərini klinik psixoloq Nuriyyə Quliyeva ilə aydınlaşdırmağa çalışdıq.
O, təəssüflə qeyd edib ki, uşaqlar filmlər və oyunlardakı mənfi obrazları nümunə götürürlər: "Həmin oyunların əsas hədəfi çox vaxt öldürmək, vurmaq, yıxmaqdır. Onu oynayan və izləyən uşaq psixoloji olaraq dəyişir. Amma bu, birdən-birə baş vermir. Əksinə, qabaqcadan planlaşdırılan və icra edilən hadisələrə çevrilir. Təbii ki, oyunların, filmlərin, hətta musiqilərin də təsiri var. İndiki musiqilərdə, xüsusən də bəzi replərdə şiddət, öldürmək, bıçaqlamaq kimi aqressiv ifadələr normallaşdırılır. Bunu dinləyən gənclər həmin şəxsləri özlərinə nümunə götürürlər. Həmçinin, onlar seriallarda müsbət qəhrəman kimi təqdim olunan mafiya başçılarını, cinayətkar obrazlarını da ideal kimi görürlər. Onların geyim tərzini, danışıq tərzini, hərəkətlərini təqlid etməyə başlayırlar".
Psixoloq bu məsələdə təkcə oyunlar, filmlər, musiqilər və sosial şəbəkələri günahlandırmağın yetərli olmadığını vurğulayıb: "Eyni zamanda, ailədə uşağın ehtiyacları qarşılanmırsa, sevgisiz böyüyürsə, bu da prosesə təsir göstərir. Ailənin rolu həyatımızda, xüsusən də ilk yaşlarda çox böyükdür. Sonra bu dairə genişlənir: bağça, məktəb, dostlar, müəllimlər... Hamısı uşağın formalaşmasına təsir edir. Məktəb də bu zəncirin ən vacib halqalarından biridir".
N.Quliyeva məktəblərdə psixoloqlarının sayının azlığını, onların vəzifələrinin problemləri həll etmək olmadığını deyib: "Onlar qruplarla qiymətləndirmə aparır, müəyyən məqamları görürlər. Lakin bu məqamları vaxtında müəllimə və valideynə bildirmək onların əsas öhdəliyidir. Məktəb psixoloqunun vəzifəsi uşağın problemlərini təhlil etmək və koordinasiya etməkdir. Onun əsas rolu maarifləndirmə işləri aparmaqdır. Yəni, şagirdi görüb, vəziyyəti dəyərləndirib, lazım gələndə valideyni düzgün istiqamətə yönəltmək".
Məsələnin sosial miqyasını aydınlaşdırmaq üçün sosioloq Üzeyir Şəfiyevlə danışdıq.
O bildirdi ki, Azərbaycanda azyaşlılar, xüsusən də 14-18 yaşlı yeniyetmələr arasında cinayət əməllərinin dinamikasında və xarakterində baş verən dəyişikliklər cəmiyyəti ciddi düşündürməlidir: "Təhlillər göstərir ki, bu cinayətlərin əksəriyyəti sosial şəbəkələr və internet resursları üzərindən uşaq və yeniyetmələrə təsir edir. Cinayətlərin xarakterini araşdıranda görürük ki, onlar daha çox Avropa və Qərb ölkələrində uşaq və yeniyetmələr arasında yayılmış əməllərdir. Sadəcə olaraq, bizim uşaqlar və yeniyetmələr sosial şəbəkələrdən gördüklərini təqlid edir və bunu öz sinif yoldaşlarına qarşı tətbiq edirlər. Bunu mobbinq və bullinq hallarının xarakterindən də görmək olur. Bu tip zorakılıq halları Azərbaycan cəmiyyətinin sosial xarakterinə uyğun deyil. Onlar daha çox Qərb ölkələrində yayılıb və indi bizim uşaqlar tərəfindən götürülür".
Sosioloqun fikrincə, rəqəmsal mühit uşaq və yeniyetmələrin sosiallaşmasına mənfi təsir edir. Bununla əlaqədar Prezident İlham Əliyev rəqəmsal mühitdə uşaq və yeniyetmələrin zərərli informasiyalardan qorunması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb: "Uşaq və yeniyetmələrin məktəbəqədər müəssisələrdə və məktəblərdə smart qurğulardan, sosial şəbəkələrdən istifadə qaydaları müəyyənləşdirilməlidir. Eyni zamanda, istifadəçilərin bu qurğulardan istifadə qaydaları ilə yanaşı, pedaqoji intervensiya da nəzərdə tutulur. Yəni müəllimlərə və şagirdlərə bu imkanlardan necə və hansı məqsədlə istifadə olunması izah edilməlidir. Çox güman ki, 3 aydan sonra Azərbaycanda yeni reallıqla qarşılaşacağıq. Uşaqlar üçün yaş məhdudiyyətinin tətbiqi olacaq. Yəni smart qurğulara və internet resurslarına giriş üçün yaş həddi qoyulacaq. Bu təcrübə artıq bir çox ölkələrdə tətbiq olunur. Avropa İttifaqı ölkələrində, qardaş Türkiyədə, Avstraliyada və hətta sosial dövlət olan Almaniyada da bu istiqamətdə addımlar atılır".
Ü.Şəfiyev deyib ki, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qanun qəbul olunacağı təqdirdə, rəqəmsal mühitin toksikliyi azalacaq: "Nifrət dolu, hüquqazidd və əxlaqazidd paylaşımlar da minimuma enəcək. Təəssüf ki, aqressiyanı təşviq edən oyunlar mövcuddur. "Mavi balina", "Roblox" tipli oyunlar buna nümunədir. Bu oyunlar bir çox ölkələrdə artıq qadağan olunub. Hesab edirəm ki, bizdə də bu qadağa tətbiq olunmalıdır. Eyni zamanda, aqressiyanı təbliğ edən, subliminal mesajlar göndərən cizgi filmləri də var. Bu mesajlar cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinin zəifləməsinə xidmət edir. Hətta "Halloween" kimi bayramlar və bu tipli oyunlar da cəmiyyətin mənəvi əsaslarını sarsıtmağa hədəflənmiş hesab olunur".
Mütəxəssis vurğulayıb ki, hüquqi tənzimləmələr düzgün tətbiq edilərsə, yeniyetmələr arasında hüquqazidd davranışların qarşısını ilkin mərhələdə almaq mümkün olacaq.
O, təkcə sosial media deyil, çap mediasında və bəzi telekanallarda da cinayət aləminin insanlarını qəhrəman kimi təqdim edən materiallara rast gəlindiyini vurğulayıb: "Bu, psixologiyası hələ formalaşmamış uşaq və yeniyetmələrin mənəvi aşınmasına gətirib çıxarır. Həmçinin, cinayət aləminin nümayəndələrini onlar üçün "nümunə" obraza çevirir. Ona görə də "Media haqqında" Qanunun 10-cu və 14-cü maddələrinə uyğun olaraq, media peşə etikasına hörmətlə yanaşmalıdır. Çünki bəzi resursların manşetlərində hətta cinayət aləmini tərifləyən yazılar dərc olunur. Bu da, şübhəsiz ki, uşaq və yeniyetmələrin mənəvi-əxlaqi aşınmasına və onları cinayət aləminə təşviq edir. Güman edirəm ki, bu kimi hallar aradan qaldırılsa, ailə institutu gücləndirilsə, ailə dəyərləri və arxetipləri möhkəmlənsə, mənəvi-əxlaqi səviyyədə immunitetimiz artsa, uşaq və yeniyetmələrin sosiallaşması üçün normal mühit yaranar. Bu da cəmiyyətdə sosial anomaliyaların xeyli qarşısını ala bilər".
Bəzi insanlar bu tip hadisələrdə təhsili, məktəbi, xüsusilə də müəllimləri günahlandırırlar.
Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova isə qeyd edib ki, aqressiv davranışların və məktəblərdə zorakılığın artması ilə bağlı Elm və Təhsil Nazirliyi kompleks tədbirlər görür.
"Bu problem yalnız təhsil mühiti ilə məhdudlaşmır. Ailə, sosial mühit və xüsusilə, son dövrlərdə rəqəmsal təsirlər də burada mühüm rol oynayır. Kibertəhlükəsizlik, uşaqların internetdən istifadəsi və müxtəlif məzmunlu videolar da bu risklərin bir hissəsidir. Məktəblərdə psixoloqlar fəaliyyət göstərir, lakin onların işinin təkmilləşdirilməsinə ehtiyac var. Hazırda Uşaq Müdafiəsi İdarəsinin mütəxəssisləri 113 məktəbdə fəaliyyət göstərir. Gələn il bu sayın artırılması planlaşdırılır. Bu mütəxəssislər məktəbdə təhlükəsiz və sağlam mühitin formalaşdırılması üçün çalışır. Digər məktəblərdə baş verən hadisələr də araşdırılır və klinik psixoloqlar tərəfindən dəstək göstərilir. Bundan əlavə, məktəblərdə sosial pedaqoqlar sosial risk qrupuna aid uşaqlarla fərdi iş aparır, onların sosial adaptasiyası və davranış problemlərinin həllinə kömək edir", - o bildirib.
G.Səfərova valideynlərlə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığına diqqət çəkib: "Hər il valideynlər üçün rəqəmsal mühitin təsirləri, uşaqların davranış qaydaları və məktəb-ailə-icma münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirici görüşlər keçirilir. Məktəb rəhbərliyi və müəllimlər həm preventiv tədbirlərin görülməsinə, həm də hadisə baş verdikdə düzgün addımların atılmasına məsuldur. Əsas preventiv iş isə uşaqların asudə vaxtının səmərəli təşkil olunmasıdır. Bu məqsədlə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində Uşaq Rifahı Şöbəsi fəaliyyət göstərir. Dərsliklərin məzmununa da zorakılıq əleyhinə, humanizm və dostluq dəyərlərini təbliğ edən materiallar əlavə olunub. Bütün bu tədbirlərə baxmayaraq, təəssüf ki, bəzən xoşagəlməz hallar baş verir. Bu təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Bu məsələnin həlli üçün məktəblə yanaşı, valideynlərin və cəmiyyətin dəstəyi vacibdir.
Baş verənlərin hüquqi tərəfləri isə hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Elə bir neçə gün bundan qabaq Daxili İşlər Nazirliyinin Kollegiya iclası keçirilib və iclasda daxili işlər naziri Vilayət Eyvazov yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik işin gücləndirilməsini, onların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirmə tədbirlərinin daha məqsədyönlü davam etdirilməsini tələb edib.
Əlbəttə, təhlükəsizlik üçün texniki tədbirlər mühüm olsa da, əsl dəyişiklik məktəbin, ailənin və psixoloqun "səhnə arxası"nda apardığı işdən başlayır. Ümumiyyətlə, şagirdin qələm əvəzinə, əlinə silah almaması üçün ailə, məktəb və cəmiyyət birlikdə məsuliyyət daşımalıdır.(Report)